Slimfit
  1. BİOQRAFİYA

Əbülfəz Elçibəy

Əbülfəz Elçibəy
Sakura

Əbülfəz Elçibəyin bioqrafiyası

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
Əbülfəz Elçibəyin soy ağacı

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək).
Soy ağacı

Əbülfəz (Elçibəy)
Qədirqulu (Elçibəyin atası)
Məşədi Mərdan (Elçibəyin babası)
Mir Alli Xoca
Mir Məhəmməd
Mir Yusif
Mir Məhəmməd
Mir Sadıq Ağa
Mir Məhəmməd
Seyid Mir Mustafa
Seyid Hüseyn
Seyid Saleh.
Seyid Nurəddin Ağa.
Seyid Şəmsəddin.
Seyid.
Seyid İsmayıl
Seyid Əli.
Seyid Abbas.
Seyid Fəxrəddin.
Seyid Haşım.
Seyid Mir Əli Xoca.
Seyid Fəxrəddin.
Seyid Şərəfeddin.
Seyid Şəmsəddin

Seyidlərdən ibarət olan (bu üzdən də onların adına "Seyid" ve "Mir" dini titulları artırılıb) ata tərəfi Güneydəndi. İlkin ulu babaları kökcə Şah İsmayıl Xətayinin sələflərindən olan Şeyx Sədrəddin Musa'nın (1305-1392) uruqlarındandır. Bəzi qaynaqlarda Şeyx Sədrəddin'e Şeyx Xoca Əli də deyildiyi bildirilir, bəzi qaynaqlardasa Şeyx Xoca Əlinin onun oğlu olduğu göstərilir. Bu fikirlərden hansının doğruluğundan asılı olmayaraq Əbülfəz Bəyin nəsli məhz həmin Şeyx Xoca Əlidən (O, Şeyx Əli Xoca da adlanıb) başlanır. Ancaq bunu da demək gərəkdir ki, Şeyx Əli Xocanın törəmələrinin bu qolunda şeyxlik olmayıb.

Əbülfəz Elçibəyin soy ağacı Orijinalı Əbülfəz bəyin özündə olan soyağacında nəslin davamçıları olan 30'dan artıq adamın adı sadalanır.

Atası, 1896-cı ildə doğulub, 1944-cü ildə müharibədə itkin düşmüş Əliyev Qədirqulu Mərdan oğludur.
Elmi fəaliyyəti

Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər"ində, EA-nın "Xəbərlər"ində, "Əlyazmalar xəzinəsində" toplusunda və b. nəşrlərdə çıxan "Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması" (1967), "Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair" (1968), "9-10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında" (1971), "Tulunilər dövləti və Qərmətilər" (1971), "Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair" (1971), "9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət" (1972), "Hənəfilik və onun əsas qaydaları" (1986), "Əhməd Tantarani Maraği və onun "Tantaraniyyə" qəsidəsi" (1987) və b. bir çox monumental tədqiqatlarını göstərmək olar.

Görkəmli alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: "Tolunoğulları dövləti (868-905)" (İstanbul, 1997) və "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.
Siyasi fəaliyyəti

Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 oktyabr 1991).

Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın carçısıydı.

7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz bəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında oluan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi.
Prezidentliyi dövrü

Əbülfəz Elçibəyin prezidentliyi dövründə rus ordusunun Azərbaycandan çıxarıldı.

Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Ləl-Cəvahirat Fondu təşəkkül tapdı.

Bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.

Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü).

Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.

Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Lakin bu layihə sonralar qəbul olunmamış qaldı.

Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi.

Ə.Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.

İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o sıradan dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi.

Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı.

Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kəndlərdə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı.

Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Hazırlanan müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.

Elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı.

Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır. Azərbaycanın yüzlərcə alim, müəllim və metodisti cəlb edilməklə bircə ilin içərisində orta məktəbdə keçilən humanitar fənlər üzrə 7 yeni proqram hazırlandı və onların əsasında 60-a yaxın adda tam yeni dərslik yazdırıldı; ümumiyyətlə, başqa fənlər də daxil olmaqla 90-a yaxın adda yeni dərslik ortaya qoyuldu ki, orta məktəblərimiz onlarla ilk dəfə tanış olurdu.

Yeni məzmunlu proqram və dərsliklərin yaradılmasını prezident strateji əhəmiyyətli dövlət məsələsi saydığına görə, ölkənin maliyyə böhranı içərisində olduğuna baxmayaraq onun göstərişi ilə ayrılan 110 milyon manatlıq yardımla təhsil ədəbiyyatı üzrə yeni güclü nəşriyyat - "Öyrətmən" yaradıldı, yeni dərsliklərin nəşri üçün yetərincə kağız əldə edildi və kitabların nəşrinə başlanıldı.

Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı.

Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi.

Uzun müddət Azərbaycanda siyasi proseslərin ziddiyyətli inkişafı milli münasibətlər sahəsində qeyri-sabit vəziyyət yaratmışdı. Problemi tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Məlum fərmandan sonra 30-a qədər milli mədəniyyət mərkəzi Bakı şəhərində yerlə və normal iş şəraiti ilə təmin edildi.

Azsaylı xalqların çıxardığı 4 qəzet Prezident fondundan maliyyə yardımı aldı. Onlara radio və televiziyadan istifadə etmək imkanı yaradıldı. Elçibəy bir sıra xarici səfərlərdə oldu. İstanbul sammitində iştirak edərək (24-27.6.1992) Qara Dəniz İşbirliyi Sazişini və "Bosfor bəyanatı"nı (25.6.1992), ATƏM-in (indiki ATƏT) ikinci zirvə toplantısına qatılaraq (7-11.7.1992) Helsinki Müşavirəsi-nin Yekun aktını (8.7) və "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə"ni (10.7), Rusiyaya rəsmi səfərə gedərək (12-13.10.1992) Boris Yeltsinlə birgə "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə"ni (12.10), Ankarada Türk cümhuriyyətləri başçılarının zirvə toplantısında (30-31.10.1992) sammitin Yekun Bəyannaməsini imzaladı (31.10). O, Türkiyəyə rəsmi səfərində (1-5.11.1992) prezident Turqut Özalla bir sıra müqavilələrə imza atdı (1.11), Ankarada açılan Azərbaycan Səfirliyinin lentini kəsdi (2.11), Ukraynaya rəsmi səfərində (9-10.12.1992) prezident Leonid Kravçukla "Azərbaycan Respublikası ilə Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında müqavilə"yə qol çəkdi (9.12). Prezident Elçibəy, Bakıda Marqaret Tetçeri (7.9. 1992), Tatarıstanın baş naziri Filza Həmidullini (24.9.1992), Rusiya baş nazirinin əvəzi Yeqor Qaydarı (30.9.1992), Moldovanın baş naziri Andrey Sangelini (17.10.1992), Moskvanın meri Yuri Lujkovu (26.10), İslam Konfransı Təşkilatının baş katibi Həmid əl-Cabidi (13.11.1992) və ölkəyə qonaq gəlmiş bir çox başqa nümayəndə heyətlərini, Bakıdakı bütün xarici ölkə səfirlərini qəbul etdi.

BMT-də, ATƏT-də, İslam Konfransı Təşkilatında, regional İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq birliklərdə Azərbaycan bərabərhüquqlu dövlət kimi təmsil olunmağa başladı. BMT-nin Bakıda nümayəndəliyi açıldı. Qonşu dövlətlərlə: Rusiya, Türkiyə, İran, Ukrayna və Gürcüstanla qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlığın əsasları qoyuldu. Moldova, Qazaxıstan və Türkmənistanla iqtisadi sazişlər imzalandı. Belçika, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Misir, Pakistan, İngiltərə ilə sıx əlaqələrə möhkəm zəmin yaradıldı. Rusiya, Türkiyə, Gürcüstan kimi dövlətlərlə dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlandı. Türkiyə ilə münasibətlər imzalanmış sazişlər nəticəsində yeni mərhələyə daxil oldu. Amerika Birləşmiş Ştatları və Qərbi Avropa ölkələri ilə münasibətlər xarici siyasətin başlıca istiqamətlərindən biri oldu.

Avropa və Amerikanın transmilli şirkətləri əlverişli iqtisadi məkan kimi Azərbaycana üz tutmağa başladı. AMOKO, BP, Yunokal, Statoyl, Pennzoyl və başqa böyük şirkətlərlə neft sənayesi sahəsində sazişlər hazırlandı. Neftin Aralıq dənizinə daşınması haqqında ilkin sənəd imzalandı. Bu planların gerçəkləşməsi Azərbaycanın inkişafı üçün böyük perspektivlər açırdı. Ölkəyə güclü investisiya axını başlayacaqdı. Bütün bunlar Qərbin və Amerika Birləşmiş Ştatlarının Azərbaycana siyasi münasibətində də əsaslı təkamülün səbəblərindəndir.
Prezidentlikdən sonrakı fəaliyyəti

Elçibəy iqtidarının apardığı geridönməz müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz xalqını labüd faciələrdən qurtarmaq istəyən prezident Əbülfəz Elzibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi.

Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi (1997).
Çağdaş Azərbaycan ictimai-siyasi şüuruna yön verən və gerçək milli lider kimi qəbul edilən Əbülfəz Elçibəyin siyasi-nəzəri görüşləri "Bu mənim taleyimdir" (Bakı, 1992), "Deyirdim ki, bu quruluş dağılacaq" (Bakı, 1992), "Demokratiya və azadlıq" (İstanbul, 1992), "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998), "Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!" (Bakı, 2002), "Elçi düşüncələri" (Bakı, 2002) kitablarında əksini tapıb. Onun mübarizə yolunu işıqlandıran Kamil Vəli Nərimanoğlunun "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy" (İstanbul, 1992), A.Səmədoğlunun "Elçibəy və Azərbaycan" (İstanbul, 1994), Fazil Qəzənfəroğlunun "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə" (İstanbul, 1995), Ədalət Tahirzadənin "Elçi Bəy" (Bakı, 1999), "Elçibəylə 13 saat üz-üzə" (Bakı, 1999; İstanbul, 2001), "Prezident Elçibəy" (Bakı, 2001), O.Məmmədovun "Elçibəy ilə birlikdə otuz il" (İstanbul, 1999) və b. kitablar oxucuların marağına səbəb oldu.

Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadə yolunu yaradıcılıqla davam etdirirdi. O, böyük öndərin müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsiylə zənginləşdirmiş, milli ideologiyamızın "Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!" ülküsünü irəli sürmüşdür.

Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Azərbaycanın milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə – 63 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşdu. Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparması onun doğma xalqının ürəyində əbədi sevgi qazandığına sübut oldu.
Müəllifi olduğu kitablar

"Tolunoğulları Devleti", İstanbul, 1997. Ebülfez Elçibey, ISBN:9754372152
"Bütöv Azərbaycan yolunda", İstanbul, 1998; Bakı, 2004
"Müstəqillik: ikinci cəhd", Bakı, 2001
"Siz xalqın sevgisilə haqqa çatacaqsınız", Bakı, 2001

Haqqında yazılan kitablar
Azərbaycan dilində

"Əbülfəz Elçibəy: "Bu, mənim taleyimdir"", Bakı, 1992. Tərtibçilər: Becan İbrahimoğlu, Ədalət Tahirzadə
"Deyirdim ki, bu quruluş dağılacaq", Bakı, 1992. Tərtibçi: Ədalət Tahirzadə
"Demokratiya və azadlıq", İstanbul, 1992.
"Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy", İstanbul, 1992. Kamil Vəli Nərimanoğlu
"Elçibəy və Azərbaycan", İstanbul, 1994, Akın Səmədoğlu.
"Əbülfəz Elçibəy. Tarixdən gələcəyə", İstanbul, 1995, Fazil Qəzənfəroğlu.
"Elçi Bəy", Bakı, 1999, Ədalət Tahirzadə.
"Elçibəy ilə birlikdə otuz il", İstanbul, 1999, Oqtay Məmmədov.
"Savalanda görüşənədək, Bəy!" Bakı, 2000. Tərtibçi: Ədalət Tahirzadə
"Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999; İstanbul, 2001. Ədalət Tahirzadə
"Prezident Elçibəy", Bakı, 2001. Ədalət Tahirzadə
"Əbülfəz Elçibəy: Mən qurtuluşçuyam!", Bakı, 2002. Tərtibçi: Ədalət Tahirzadə
"Elçi düşüncələri", Bakı, 2002. Tərtibçilər: Ədalət Tahirzadə, Mircəlal Yusifli
"Qurtuluş və bütövlük yolu" (Elçibəylə 6 söhbət). Bakı, 2003. Ədalət Tahirzadə
"Еlçi Bəy" Bakı, "Nurlar"NPM, 2005, səh.64, 500 nüs. Bayram Təbrizli-Marağalı
"Elçi Bəy haqqında" Bakı, "Şirvannəşr", 2008. Mehriban Vəzir

Mənbə: Haqqinda.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR