Nazir vəzifəli şəxslərə göstərişlər verdi
Avqustun 31-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmələrin komandirləri və digər məsul zabitlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Orduda aparılan islahatlar, o cümlədən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinə toxunan Müdafiə naziri hərbi hissələrin müasir silah-sursatla təmin edilməsi və döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasının Azərbaycan Ordusunun güclənməsində və torpaqlarımızın işğaldan azad edilməsində əhəmiyyətli rol oynayacağını qeyd edib. Nazir bu istiqamətdə fəaliyyətlərin yüksələn templə davam etdiriləcəyini bildirib.
Müdafiə naziri intensiv döyüş hazırlığı ayının yekunlarını təhlil edərək bütün hərbi hissələrdə, xüsusilə ön xətdə yerləşən bölmələrdə döyüş fəaliyyəti ilə əlaqədar həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəldiyini qeyd edib.
Nazir növbəti aylarda qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə təşkil olunan məşqlərin və təlimlərin sayının artırılması, onların direktiv və təlimatlara uyğun daha səmərəli təşkili, eləcə də şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı tələblərini müşavirə iştirakçılarına çatdırıb.
General-polkovnik Z.Həsənov həmçinin dağlıq və çətin relyefli ərazilərdə döyüş növbətçiliyi aparan bölmələr üçün maddi-texniki təminat ehtiyatlarının yaradılması, hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi, mövqelərdə, strateji kommunikasiya xətlərində, daşınma yollarında mühəndis-istehkam işlərinin daha keyfiyyətli aparılması və digər vacib məsələlərlə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
Sonda Müdafiə naziri qarşıdakı aylarda Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə planlaşdırılan digər genişmiqyaslı təlimlərə hazırlıqla bağlı əmr və sərəncamların yüksək səviyyədə icrasını tələb edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət