Dərc edildi: Baxış sayı: 710
Mirkazim Nikbin - Biləydim
Körpə uşaqlar tək günahsız olub,
Yenidən dünyaya gələ biləydim.
Bir ana bətnində olmadan neçə,
Yoxdan yaranmanı görə biləydim.
Biləydim bilinməz olan mətləbi,
Elmimlə fəth edib hirsi, əsəbi,
Düşünə biləydim ilki, əzəli,
Başlanğıcdan sona bilə biləydim.
Dünyada bilikdən dəyərli nə var?
Ondan başqa səni nə edər iqrar,
Kimlər ki bildiyin eyləyir inkar,
Onlar necə gəlir dilə biləydim.
Saxlama özündə özgə nəfəsi,
Çıxmasım ağzından şeytanın səsi,
Öyrənmək artırar ömrə həvəsi,
Ölüb dirilərə gülə biləydim.
Nikbinəm dünyada adil gəzərəm,
Cahildən qacaram, kamil gəzərəm,
Özümdəm xəbərsiz zail gəzərəm,
Kaş sondan xəbərdar ölə biləydim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət