Slimfit
  1. MEDİA

MEK-in baş direktoru Məmməd Əliyev: “Kitabxanamızın yenidən öz qapılarını oxucuların üzünə açmasını səbirsizliklə gözləyirik”

MEK-in baş direktoru Məmməd Əliyev: “Kitabxanamızın yenidən öz qapılarını oxucuların üzünə açmasını səbirsizliklə gözləyirik”
Sakura

MEK-in baş direktoru Məmməd Əliyev: “Kitabxanamızın yenidən öz qapılarını oxucuların üzünə açmasını səbirsizliklə gözləyirik”

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev MEK-in fəaliyyəti, yeni layihələr, dünya kitabxanaları ilə həyata keçirilən kitab mübadiləsi və perspektivdə nəzərdə tutulan tədbirlərlə bağlı suallarımızı cavablandırıb.

- Məmməd müəllim, məlum olduğu kimi, elmi qaynaqları əldə etmək üçün geniş bazası olan Mərkəzi Elmi Kitabxana oxuculara yüksək səviyyəli xidmət göstərir. Pandemiya şəraitində MEK işini necə qurub?

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, MEK-də oxucular üçün kitabxana fəaliyyəti pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin mart ayında dayandırılmışdır. Artıq bir çox sahələrdə yumşalma tədbirləri həyata keçirildiyindən kitabxanamızın da yenidən öz qapılarını oxucuların üzünə açmasını, daha səmərəli hesab olunan klassik kitabxana formatının bərpa olunmasını hər birimiz səbirsizliklə gözləyirik.

Lakin pandemiya dövründə MEK fəaliyyətini tam olaraq dayandırmamış, oxuculara onlayn xidmətlər göstərilmişdir. Bu xidmətlər istər elektron baza, istərsə də oxuculara kitabların pdf və ya ənənəvi forması şəklində təqdim olunması ilə həyata keçirilmişdir.

Qeyd etmək istərdim ki, son aylar ərzində kitabxanada bir sıra istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə latın qrafikasında milyonlarla kitab çap olunmasına baxmayaraq, indiki dövrədək MEK-də Azərbaycan dilində ədəbiyyat fondu mövcud olmamışdır. Bu istiqamətdə müvafiq işlər görülmüş, həyata keçirilən tədbirlər nəticəsində yeni fond yaradılmışdır.

Bununla bərabər, MEK-də “Heydər Əliyev lektoriyası” fəaliyyətə başlamış, hər ay baş tutan lektoriyalarda “Heydər Əliyev və dil siyasəti”, “Heydər Əliyev və Nizami irsi”, “Heydər Əliyev və Azərbaycanda kitabxanaçılıq işi” və digər mövzularda mühazirələr dinlənilmişdir.

- 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq, Mərkəzi Elmi Kitabxana fəaliyyəti ilə diqqət mərkəzindədir. Kitabxananın dahi şairin 880 illik yubileyi münasibətilə həyata keçirdiyi tədbirlərdən danışardınız.

- 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında ölkə Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamı ilə Tədbirlər Planı hazırlanmış, MEK-in də bu tədbirlərdə iştirakı təmin olunmuşdur. Bu istiqamətdə Nizami Gəncəvinin MEK-in fondlarında saxlanılan əsərlərinin, N.Gəncəvi haqqında yazılan elmi nəşrlərin biblioqrafiyası hazırlanmaqdadır. Bu biblioqrafik göstəricilərin cari ilin sentyabr-oktyabr aylarında işıq üzü görməsi nəzərdə tutulur.

Bununla yanaşı, MEK tərəfindən kitabxana əməkdaşlarının iştirakı ilə N.Gəncəvinin irsi haqqında videoçarxın hazırlanması, dahi şairin yaradıcılığında yer alan və ictimaiyyətə geniş şəkildə məlum olmayan nadir faktların aşkarlanması, o cümlədən Nizami irsinin öyrənilməsi üzrə müsabiqə elan olunmuşdur. AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin mütəxəsisslərinin də cəlb olunduğu, yüksək səviyyədə həyata keçirilmiş müsabiqə çərçivəsində MEK-in əməkdaşları tərəfindən Azərbaycan, rus və ingilis dillərində videoçarx hazırlanmış və kitabxananın “Youtube” kanalında yerləşdirilmişdir.

Bundan əlavə, xaricdə fəaliyyət göstərən Nizami yaradıcılığı haqqında materiallara malik kitabxanalarla, o cümlədən Çin, Bolqarıstan və s. ölkələrin kitabxanaları ilə əlaqələr qurulmuş, Bolqarıstan kitabxanasından çoxlu sayda biblioqrafiya əldə edilmişdir. Bu yaxınlarda Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən kitabxanalarda dahi şairin əsərləri və onun yaradıcılığına dair aparılan tədqiqat işlərinə dair biblioqrafiyanın tərtib olunması planlaşdırılır.

- Mərkəzi Elmi Kitabxanada Vətən müharibəsi və Qarabağın tarixi, mədəni irsi, şəxsiyyətləri ilə bağlı elektron məlumat bazası fəaliyyət göstərirmi? Bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Bildirmək istərdim ki, İkinci Qarabağ müharibəsi nəticəsində əldə olunmuş möhtəşəm qələbəmizi və 3000-ə yaxın şəhidimizin ruhu qarşısında mənəvi borcumuzu yerinə yetirmək üçün MEK yeni təşəbbüsə imza atmışdır. Belə ki, kitabxana sistemində ilk dəfə olaraq yanvar ayında MEK-də “Qarabağ müharibəsi qəhrəmanları” fondu yaradılmışdır. Artıq bu istiqamətdə tamamlanma işləri aparılır, fondun zənginləşdirilməsi tədbirləri görülür, müharibə iştirakçıları ilə əlaqələr qurulur. İyun ayının 24-də MEK-də Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir çərçivəsində bu fondun açılışı nəzərdə tutulur.

Fondda Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman ordumuz tərəfindən 44 gün davam edən müharibə nəticəsində əldə olunan zəfərimiz barədə yerli və xarici kütləvi informasiya vasitələrində yer alan, o cümlədən biblioqrafik məlumatlar, Birinci və İkinci Qarabağ müharibələrinə dair aparılan tədqiqatlar yer alacaq.

- Bu gün Qarabağ bölgəsində sosial-iqtisadi və mədəni layihələrin icrası ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Mərkəzi Elmi Kitabxana işğaldan azad olunmuş ərazilərdə kitabxana-informasiya şəbəkəsinin yaradılması məqsədilə hansı işləri görməyi planlaşdırır? 

- Bildiyimiz kimi, erməni vandalları tərəfindən işğal zamanı bir çox dəyərli kitablarımız yandırılmış, eləcə də  kitabxanalarımız məhv edilmişdir.

Qələbəmizin ilk günlərindən M.F. Axundov adına Milli Kitabxananın çağırışlarına dəstək olan MEK işğaldan azad edilmiş bütün ərazilərimizdə kitabxanaların zənginləşdirilməsinə dəstək verməyə hazır olduğunu bəyan edib. Ehtiyac olduğu təqdirdə bu istiqamətdə bütün tədbirlər icra olunacaq.

AMEA-nın Qarabağ Bölməsi fəaliyyətə başladıqdan sonra burada MEK-in filialının xidmət göstərməsini arzu edirəm.

- Uzun müddətdir ki, Mərkəzi Elmi Kitabxana dünya kitabxanaları ilə kitab mübadiləsi və birgə digər tədbirlər həyata keçirir. Hazırda MEK beynəlxalq əməkdaşlıq fəaliyyətini necə davam etdirir?

- Qeyd etmək istərdim ki, MEK-ə son 6-7 ay ərzində Almaniya, İngiltərə, Belarus, Qazaxıstan, Yaponiya, Ukrayna kimi ölkələrdən mübadilə fondu vasitəsilə 6-7 min kitab hədiyyə olunub. Bu yaxınlarda Rusiyanın nəhəng kitabxanalarından biri ilə əməkdaşlığa dair saziş imzalanıb. Hazırda daha 2 qurum – Moldova Milli Kitabxanası və Qazaxıstan Elmlər Akademiyasının Milli Kitabxanası ilə sazişin imzalanması planlaşdırılır. Yaxın gələcəkdə isə Türkiyənin kitabxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur. Bununla yanaşı, Çinin kitabxanalarından biri MEK-lə əməkdaşlıq müqaviləsi imzalamaq üçün müraciət etmişdir.

- Texnoloji inqilab XXI əsrdə kitabxanalara da böyük yeniliklər gətirib. Müasir dövrün kitabxanası qarşısında hansı vəzifələr dayanır?

- Bəli, XXI əsr yüksək texnologiyalar əsridir. Ənənəvi kitabxanalar saxlanılmaqla, elektron kitabxanaların da fəaliyyəti zəruridir. Lakin vurğulamaq istərdim ki, hazırda kitabxanamızın maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var. Bu istiqamətdə bizə dəstək göstərən AMEA-nın institut və təşkilatlarına dərin minnətdarlığımı bildirirəm. Bu dəstək nəticəsində kitabxanada elektron kataloq, elektron kitabxana yaradılmış, nəşrlər milli rəqəmsal sistemə daxil edilmişdir. Yaxın gələcəkdə MEK-də tam elektron kitabxana fəliyyətinin həyata keçirilməsi də planlaşdırılır.

- Mərkəzi Elmi Kitabxanada elmi nəşrlərin və elmi şuraların yaradılması təşəbbüsünü irəli sürmüşdünüz. Müasir elmi-tədqiqat laboratoriyalarının tətbiqi kitabxanaya hansı üstünlükləri qazandıracaq?

- MEK-də kitabxana və elmi-tədqiqat fəaliyyətinin bərpa olunması, eləcə də müdafiə şuraları və magistratura təhsilinin təşkili ilə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə müraciət olunub. Artıq bu istiqamətdə müvafiq işlər görülür. Yaxın zamanda MEK-də həm magistratura, həm də fəlsəfə doktoru hazırlığı üzrə qəbul həyata keçiriləcək.

 

Azərbaycan Milli Elmlər Akademiyası

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR