İstivurma və günvurma zamanı ilk tibbi yardım
İstivurma - ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. Bu durum təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir. Medicina.az bu yazıda istivurma ilə bağlı faydalı məlumatları təqdim edir.
Bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir. Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayırlar. Nəticədə istivurma yaranır. İsti vurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir.
İstivurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar, yaşlı insanlar, uşaqlar, körpələr, günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar, ürək problemi, şəkər xəstəliyi, digər xroniki xəstələyi olanlar, spirtli içki, yuxu dərmanları qəbul edənlər, zəif qidalananlar məruz qalırlar.
Əlamətləri:
- zəiflik, qızarmış sifət
- baş ağrısı
- başgicəllənmə
- sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması
- təngnəfəslik, nəbzin tezləşməsi
- ağır hallarda bədən hərarətinin 40OC-dən artıq olması
İlk yardım
- zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymaq lazımdır. Başqa bir üsul isə - zərərçəkənin paltarını soyundurub soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin bədən hərarəti normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.
- Xəstənin vəziyyəti ağırlaşarsa dərhal "təcili yardım" çağırın!
İstivurma davam etdiyi müddətdə vəziyyət getdikcə daha da ağırlaşır, xəsarət alanda sayıqlama, sonra isə özündən getmə, sifət rənginin solması, dərinin quru və isti olması, tərləmənin dayanması, tənəffüs və ürək döyüntüsünün tez və zəif olması halları baş verir. Belə vəziyyətdə xəsarət alana təcili tibbi yardım edilməzsə, bu, ölümlə nəticələnə bilər.
Günvurma - günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Günvurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur.
Əlamətləri:
- zəiflik, qızarmış sifət;
- başgicəllənmə;
- güclü baş ağrıları;
- qulaqlarda küy;
- təngnəfəslik, nəbzin tezləşməsi;
- ürək bulanması və qusma;
- ağır hallarda bədən hərarətinin 40OC və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsi.
Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir.
İlk yardım istivurmada olduğu kimidir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa dərhal "təcli yardım" çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın.
İstivurmada baş-beyin hüceyrələrinin aktivləşməsi nəticəsində onun fəaliyyəti pozulur. Fəal surətdə anticisimlər əmələ gəlməyə başlayır, hüceyrə funksiyaları pozulur, bədən vacib siqnallara artıq reaksiya vermir.
Başqa sözlə desək, insan ətrafında nələr baş verdiyini anlamaq iqtidarında olmur. Hərəkətlərinə, sözlərinə və fikirlərinə nəzarət etmək çətinləşir. O, cəmi bir neçə dəqiqə əvvəl olanları xatırlamaqda əziyyət çəkir, nə etdiyini başa düşmür. Məhz buna görə də istivurma əlamətləri müşahidə olunan insanı tək qoymaq olmaz.
İstivurmanın müalicəsinə dərhal başlanmalıdır. Əks halda baş-beyində labüd dəyişikliklər baş verir, daxili orqanların funksiyaları pozulur.
İstivurmanın iki növü var: onun passiv formasında maye çatışmazlığı müşahidə olunur, intensiv formasında istilikvermə prosesi pozulur.
İstivurmanın passiv formasının tam bir sıra əlamətləri var: yüngül başgicəllənmə, ürəkbulanma, ürəkdöyünmənin pozulması, təngnəfəslik. Bu zaman dərinin rəngi dəyişmir və bədənin temperaturu olduğu kimi qalır.
İstivurmanın orta dərəcəsinin əlamətləri başqadır. Bu zaman güclü başağrısı, gözlərin qaralması, tərləmə, hərarətin 40 dərəcəyə qədər yüksəlməsi, burundan qan açılması, suallara qeyri-müəyyən cavab verilməməsi, taxikardiya və ürəkgetmə kimi əlamətlər müşahidə olunur.
İstivurmanın ağır forması müvazinəti və eşitmə qabiliyyətini itirmə, şüurun dumanlanması, ürəkgetmə, qıcolma, yüngül hallüsinasiyalar, dərinin qızarması, ürəkdöyünmənin və təngnəfəsliyin sürətlənməsi, hərarətin 41-42 dərəcəyə qədər yüksəlməsi, bədənin susuzlaşması və hətta koma kimi hallarla müşayiət olunur.
İstivurma zamanı nə etməli? İlk növbədə xəstəyə rahat şərait yaradılmalıdır. Zərərçəkən kölgəlikdə yerdə yerləşdirilməlidir. Çoxları düşünür ki, istivurmaya məruz qalmış insan uzanmalıdır. Amma bu, belə deyil. Axı uzanan zaman beyinə qan axması güclənir və bu da yalnız xəstəyə ziyan vura bilər.
Xəstənin tənəffüsünü asanlaşdırmaq üçün onun yaxası açılmalı, ona bol su içirdilməli, dirsəklərinə və dizlərinin altına soyuq yaş dəsmallar qoyulmalıdır. Bu prosedur bədənin hərarətinin azaldılmasını sürətləndirir.
İstivurmadan əziyyət çəkən adama sərin su, limonlu yaşıl çay, yaxud da bədənin susuzlaşmasının qarşısını almağa kömək edən istənilən başqa içki verilməli, alnına soyuq kompres qoyulmalıdır.
İstivumanın orta və ağır formasında təcili yardım çağırılmalıdır. Adətən istivurmadan sonra orqanizm iki-üç gün ərzində bərpa olunur. Güclü susuzlaşma ilə müşayiət olunan ağır formanın müalicəsinə daha uzun müddət tələb oluna bilər.
İstivurmaya daha çox ahıllar, uşaqlar və idmançılar məruz qalırlar.
İstivurmanın profilaktikası: İsti yay günlərində istivurmaya məruz qalmamaq üçün təhlükəsizlik tədbirləri görmək, məsələn, təbii materiallardan açıq rəngli paltarlar geyinmək, müntəzəm su içmək, başı örtmək, günün ən qızmar çağında kölgəlik yerlərdə olmaq, yağlı yeməklərdən, alkoqollu içkilərdən imtina etmək, boğanaq yerlərdən qaçmaq, qoruyucu eynək və kremlərdən istifadə etmək, fiziki fəallığı azaltmaq lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət