Slimfit
  1. MARAQLI

İranın son mağara insanları

İranın son mağara insanları
Sakura

İranda minlərlə il yaşı olan mağaralar, çətin qış aylarında kəndlilərə və onların mal-qarasına sığınma…

Məymənd, paytaxt Tehrandan 900 km cənuba doğru yerləşən qədim kənddir.

Qayalıqlarda yerləşən ərazidə çox sayda mağaralar var. Bu mağaraların 10 min yaşı olduğu təxmin edilir.

Məymənd UNESCO-nun Dünya İrsi obyektləri siyahısına salınıb.

2000 il ərzində daimi sakinləri olan Məymənd İranın ən qədim kəndlərindən biri sayılır.

 

Mövsümə görə ev

İranın mərkəzi hissəsində, dağlar arasındakı vadidə yerləşən Məymənd qızmar yay ayları və aşırı soyuq qış mövsümü ilə tanınır.

Kənd sakinləri bu səbəbdən mövsümlara görə yerlərini dəyişdirirlər.

Onlar yayda istilərdən qorunmaq üçün damları otla örtülmüş evlərdə qalırlar.

Payızda isə kəndlilər soyumağa başlayan hava və soyuq küləklərin şiddətinə görə mağaralardakı evlərinə daşınır.

 

Qışlaq mağaraları

10 min il yaşı olan 400 mağaradan 90-ı hazırda da istifadə olunur.

Bu mağara evlərində 7-dək otaq ola bilər.

Onların sahəsi təxminən 20 kvadrat metrdir, tavanın yüksəkliyi isə iki metrə çatır.

 

Müasir yaşayış

Mağaralar müəyyən dərəcədə müasir yaşayış tələblərinə cavab verir.

Elektrik çəkildiyi üçün bura soyuducu və televizorlarla təchiz olunub.

Hərçənd ki, su çəkilməyib və mağaralarda ventilyasiya ilə bağlı problemlər var.

Yemək bişirmək və isinmə üçün soba qalanır.

Buna görə də divarlarda his izlərini görmək olar.

 

Qədimdən miras qalan ibadətgah

Müəyyən illər ərzində kənddə Zərdüştlük dini yayılmış olub.

Vaxtilə məbəd olmuş və hazırda muzey kimi fəaliyyət göstərən mağarada qədim ibadətgahın əlamətlərini görmək mümkündür.

VII əsrdən etibarən bölgədə İslam aparıcı din olub.

Dünyanın nadir mağara məscidlərindən biri də burada yerləşir.

 

Köçəri çobanlar

Kəndlilərin çoxu heyvandarlıqla məşğul olur.

Onlar yayda dağ otlaqlarında saxladıqları heyvanları qışda mağaralarda ovulmuş tövlələrə yerləşdirir.

Kəndlilər inanır ki, yığdıqları müalicəvi bitkilər uzunömürlülük və sağlamlığı təmin edir.

 

 

Yox olan həyat tərzi

Getdikcə mağaralarda yaşamağı seçənlərin sayı azalmaqdadır.

Bir çox sakin qış zamanı qəsəbəyə daşınır.

İl ərzində kənddə qalan sakinlərin ümumi sayı cəmi 150 nəfər təşkil edir.

 

İrsin qorunması

Əhalinin azalması Məymənddəki həyat tərzinə təhlükə sayılır.

2001-ci ildə İranın Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı Məyməndlə bağlı agahlıq kampaniyasına başlayıb.

Ondan bəri kəndə gələn ziyarətçilərin sayı artmaqdadır.

Onlar gecəni mağarada keçirərək minillərlə yaşı olan ənənəni bilavasitə yaşamaq təcrübəsini əldə edə bilərlər.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR