Slimfit
  1. TARİX

Avey dağı mağaralarında paleolit düşərgəsi

Avey dağı mağaralarında paleolit düşərgəsi
Sakura

Mağaralardakı çöküntülərdə insan fəaliyyətinin izləri və fauna qalıqlarının öyrənilməsi sonuncu geoloji…

Avey dağı Azərbaycanın Qazax rayonu ərazisində, rayon mərkəzindən 10 km şimal-qərbdə Daşsalahlı kəndinin hüduduna daxildir. Tarix elmlər doktoru, professor M.Hüseynov tərəfindən tədqiq edilmiş paleolit mağaraları Kiçik Qafqazın şimal-şərq ətəklərindən olan Avey dağındakı əhəng çöküntülərində yerləşir.

Avey dağı iri tektonik zonanın qovuşduğu yerdədir. Bunlar Somxet Qarabağ və Kür ovalığıdır. Paleolit mağaraları olan Avey dağı onlardan əsasən birinciyə aid edilir. Kiçik Qafqazın şimal-şərq ətəkləri çox müxtəlif və qiymətli faydalı qazıntı materialları ilə zəngindir. Ona görə də bu sahənin geoloji quruluşu, geoloji inkişafı dərindən öyrənilmişdir. Lakin geomorfoloji yaşının ayrı-ayrı mərhələlərinə bir o qədər də fikir verilməmişdir, bu da xüsusilə dördüncü dövr, yəni insanın meydana gəldiyi antronogen dövrünə aiddir.
Kiçik Qafqazın şimal-şərqi və Kür çökəkliyini tədqiq edənlər başlıca olaraq öz fikirlərini ancaq faydalı qazıntıya malik olan daha qədim geoloji dövrlərə vermişlər, lakin insanın yaranma, inkişaf etmə dövrü və onun özünün müasir həyatında rol oynayan sonuncu geoloji dövr az öyrənilmişdir.
Burada biz, başlıca diqqəti mağara düşərgəsi ilə birlikdə Avey dağının daxil olduğu Qərbi Azərbaycanın təbii şəraitinə yönəltmişik. Qərbi Azərbaycan öz relyefinin xarakterinə görə müəyyən geoloji-tektoniki elementlərə uyğun olaraq bir neçə zonalara ayrılır. Ən cənub zona Kiçik Qafqazın şimal-şərqində olan orta və alçaq dağlıq qurşağıdır. Orta dağlıq qurşağı xüsusilə çay dərələri geniş və eyni zamanda dərin olan yerlər, gərgin parçalanmış relyef ilə xarakterizə edilir. Əsas çay dərələrinin bu zonadakı dərinliyi 500-700 metr, bəzi yerlərdə isə 10 metrdir.
Kiçik Qafqazın şimal-şərq ətəklərində olan orta və alçaq dağlıq hissələrdə isə dördüncü dövrlə bərabər mezozoy dövrünə aid sahələr də üzə çıxmışdır.
Bunlar xüsusilə Şəmkir şəhərindən cənuba və Zəyəmin qərbinə doğru qüvvətli eroziyaya məruz qalmışdır, çay aralıqlarında olan təpələrdə üzə çıxır.
Tovuz çayından şərqə doğru olan orta və alçaq dağlıq sahələr tabaşir və vulkan mənşəli süxurlardan qurulmuşdur. Bununla əlaqədar olaraq paleolit mağaraları, Avey dağı özü də bütünlüklə tabaşir və vulkan xarakterli çöküntülərdən əmələ gəlmişdir. Burada üçüncü dövr çöküntüləri Şəmkirdən başlamış, Qazax rayonu ərazisi yaxınlığına qədər üzə çıxmışdır. Bunlar da başlıca olaraq çınqıllıqdan, çınqıllıq arası kimi çöküntülərdən, qumdaşı çöküntülərindən ibarətdir. Şərqə doğru bu çöküntülər genişlənir və bunun eni 15-19 km-ə çatır. Qazax rayonunda isə Ağstafa çayının sol sahili boyu genişlənir, Avey dağının şimalında bu düzənlər daralır və uçurumlara, qolpunlara, dərələrə parçalanır.
Şimal tərəfdən maili düzənlər, Kür çayı dərəsi ilə qurtarır və Qazax rayonu hüdudunda isə, daha genişlənir, ancaq Poylu stansiyasından şərqə doğru pliosen dördüncü dövr qalxmaları nəzərə çarpır.
Kür dərəsindən şimala doğru Ceyrançöl və Qarayazı düzənliyi yerləşmişdir. Burada olan dağlar, təpəliklər əsasən Sarmat çöküntülərindən (şimala), cənuba doğru ağcagil-abşeron çöküntülərindən ibarətdir.
Kiçik Qafqazın şimal-şərq ətəklərinin əsas görünüşü və relyefi pliosenin axırlarından başlamışdır. Bir zamandan sonra burada olan çaylar öz yataqlarını dərinləşdirmişdir. Bu eroziya inkişafının nəticəsində görünür. Avey dağı qonşu dağlardan kəsilib ayrılmışdır.
Burada Avey dağının fiziki-coğrafi xarakteristikasına keçməmişdən qabaq qeyd etmək lazımdır ki, paleolit düşərgələri olan Avey dağı mağaraları əsasən daha qədim tabaşir çöküntülərindən əmələ gəlmişdir. Buna baxmayaraq, mağaraların öz içərisində olan dördüncü dövr çöküntülərinin, xüsusilə bu çöküntülərdə o dövrdən saxlanılmış insan fəaliyyətinin izləri və fauna qalıqlarının öyrənilməsi əsasında dördüncü dövrün bir çox hadisələrini, o cümlədən geomorfoloji, iqlim, bitki, heyvanat və s. məsələləri bərpa etmək mümkün ola bilər.
Avey dağının özü Daşsalahlıdan başlamış Xram çayına qədər 25 kilometrlik bir sahəni tutmuşdur. Dağ başdan-başa tabaşir dövrünün vulkanik çöküntülərindən təşkil edilmişdir.
Avey dağını əhatə edən relyef nisbətən öz yumşaqlığına görə fərqlənir. Şimala və qərbə doğru dağın relyefi öz parçalanması ilə fərqlənərək, burada çoxlu dərələr və hündürlüklər vardır.
Dağın cənub və cənub-qərb əhatəsi geomorfoloji cəhətdən daha maraqlıdır. Burada olan terraslaşmış yer səthindən bir sütun kimi göyə ucalan Göyəzən, Qızıl qaya öz möcüzəli gözəl görünüşləri ilə xüsusi bir mənzərə yaradır. Göyəzən daş sütununun diametri təxminən 100, hündürlüyü isə 200 metrdir.
Avey dağı qalın əhəngdən ibarətdir. Bu qalın əhəngin üstündə 25 m-dən 50 m-ə qədər dərin kəsilişlər vardır ki, bu da buranın relyefini pozur. Dağın cənubu və şərqi çox böyük və uçurumlu pillələrlə qurtarır.
Dağın cənub ətəklərində, şərqində və şimalında bir sıra karst mağaraları vardır. Bundan əlavə, çoxlu talvar qayalar, hündür qaya zolaqları və s. zəngindir. Buradakı karst mağaralarının bir neçəsi təxminən IX-XI əsrlərdə yenidən yonulub məbəd şəklinə salınmış, bəziləri isə yaşamaq üçün düzəldilərək istifadə edilmişdir.
Avey dağında olan mağaralardan hələlik ikisi - Daşsalahlı və Damcılı tədqiq olunmuş və dördüncü geoloji dövrün fiziki-coğrafi şəraitini müəyyən qədər göstərə bilən materiallar aşkar edilmişdir.

M.Mansurov
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Ə.Dadaşzadə
Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı
S.Əliyeva
Qazax "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru

Mənbə: medeniyyet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR