Hər bir işçi bunları mütləq bilməlidir
Bu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri təqdim edəcəyik.
1) Heç bir işəgötürən işçiyə qadağan edilməyən əlavə fəaliyyətlə məşğul olub əlavə qazanc əldə etməsinə məhdudiyyət qoya bilməz. (İstinad: Əmək Məcəlləsi, maddə 9c)
2) İşçinin hansısa ünvanda (misal Bakı şəhərində) qeydiyyatda olmamasına görə əmək müqaviləsinin bağlanmasından imtina etmək qadağan edilir.(İstinad: Əmək Məcəlləsi, maddə 48.2)
3) Əmək müqaviləsində sınaq müddəti barədə qeyd yoxdursa, sınaq müddəti barədə heç bir norma tətbiq edilmir.(İstinad: Əmək Məcəlləsi, maddə 51.3)
4) İşdən azad olmaq barədə ərizə verilibsə və 1 ay (xəbərdarlıq müddəti) tamam olmadan həmin ərizə geri götürülə və işə yenidən davam edilə bilər. Bir şərtlə ki, həmin vəzifəyə başqa işçi götürülmüş yaxud işçiyə bu barədə yazılı bildiriş göndərilmiş olmasın. (İstinad: Əmək Məcəlləsi, maddə 69.4)
5) İxtisar zamanı heç vaxt ərizəni bu başdan yazıb kompensasiya almaqla işdən uzaqlaşmayın. Ona görə ki, bu başdan ərizəni yazanda həm əlavə kompensasiyadan, həm də işsizlikdən sığorta ödənişi almaqdan məhrum olursunuz.(İstinad: Əmək Məcəlləsi, maddə 77)
Misalla izah. Müəssisədə 1 il 3 ay iş stajı olan işçi ixtisara düşdükdə:
variant a) özü ərizə yazıb çıxırsa, yalnız orta aylıq əmək haqqının 0.9 mislini almaqla müqaviləsinə xitam veriləcək.
variant b) ixtisar müddətini gözləyib işdən çıxarsa, ona veriləcək xəbərdarlıq müddətinin əmək haqqını, orta aylıq əmək haqqının 1.4 mislini almaqla müqaviləsinə xitam veriləcək.
6) Bankın müraciətinə əsasən işçinin əmək haqqından tutulmaya yol verilə bilməz.
İşəgötürənin özbaşına olaraq hansısa bankın müraciəti ilə işçinin əmək haqqından tutulmaya yol verməsi qadağandır. Bu yalnız işçinin yazılı razılığı olduqda mümkündür. Bu səbəbdən də işçilərə məsləhətdir ki, bankdan kredit götürərkən verilən sənədlərə diqqət yetirsinlər.
7) İşçinin 5 banka borcu varsa və hər bank borcu üzrə məhkəmə qərarı çıxarılıbsa, onun əmək haqqının bölünməsi qaydası.
Bu halda işçinin əmək haqqının (burada gross, yəni vergi və digər ödənişlər daxil olmaqla müəyyən edilən əmək haqqı məbləği nəzərdə tutulur) 50%-i 5 banka olan borca görə bölünəcək. Təqribən hər banka 10% əmək haqqı ödəniləcək. Qalan 50% isə işçiyə ödənilməlidir.
8) İşçinin məsuliyyətini istisna edən hallar da var və bu hallara görə işçidən nəyinsə tələb edilməsi yol verilməzdir. Belə ki fors-major hallarda, işçinin təqsiri olmadan maşın-mexanizm və ya avadanlıqların korlanması və sınmasına görə işəgötürənə dəyən ziyanı işçi ödəmək öhdəliyi daşımır.
9) İşdən çıxan işçiyə əmək kitabçası nə vaxt verilir?
Bu sualın cavabı olaraq qeyd edə bilərik ki, işçiyə əmək kitabçası sonuncu iş günü, yəni əmək müqaviləsinin xitam verildiyi gün verilməlidir. Bu qayda işəgötürənin təqsiri səbəbindən pozularsa, işçiyə işə düzəlmədiyi bütün müddətin orta əmək haqqı mütləq ödənilməlidir.
10) İsti hava şəraiti zamanı işçilərin təminatları.
İşəgötürən hava temperaturu isti və ya soyuq olan iş yerlərində müvafiq olaraq normal iş şəraitinin qurulmasını təmin etməlidir. Həmçinin, hava temperaturu 41 C olan günlərdə açıq şəraitli iş yerlərində daimi fasilələr verilməli, iş vaxtı dayandırılmalıdır. Dayandırılma halında işçinin əmək haqqına heç bir təsir edəcək azalma edilə bilməz.
11) 15 yaşına çatmayan işçiyə görə məsuliyyət.
15 yaşına çatmayan işçini işə cəlb etmək inzibati qaydada məsuliyyət müəyyən edir. Bu halda işəgötürən vəzifəli şəxs 1000-1500 AZN, hüquqi şəxs isə 3000-5000 AZN-dək məbləğdə cərimə olunur.
12) Minimum əmək haqqından aşağı əmək haqqı verilərsə, cəriməsi var mı?
İşəgötürən illik müəyyən edilmiş məbləğdən aşağı əmək haqqı verilməsinə görə məsuliyyət daşıyır. Bu məsuliyyət inzibati qaydada vəzifəli şəxsin məsuliyyəti kimi özünü büruzə verir və vəzifəli şəxs 1000-1500 AZN-dək məbləğdə cərimə edilir. Nəzərə almaq lazımdır ki, sırf işçiyə 2010-cu ildə bağlanmış müqavilədə göstərilən minimum əmək haqqı məbləği sonrakı illər üçün də mütləq dəyişdirilməlidir.
13) Əmək kitabçası açılması vaxtı.
İşəgötürən 5 gündən artıq işləyən işçi üçün müvafiq qaydada əmək kitabçası açılmalı və kitabçada qeydlər aparmalıdır. Əgər bu kitabça müəyyən edilmiş qaydada açılmazsa, vəzifəli şəxslər 500-1000 AZN-dək məbləğdə cərimə edilir.
14) Başqa işçini əvəz etdikdə, işçinin təminatları nələrdir?
İşçi öz vəzifə öhdəlikləri ilə yanaşı müəyyən səbəbdən (xəstəliyi, məzuniyyətdə olması və s. üzrlü səbəbdən) işə çıxmayan işçini əvəz edərək onun da vəzifə öhdəliklərini icra edirsə, bu halda əvəz edilən işçinin əmək haqqı ilə öz əmək haqqı arasındakı fərq ona ödənilməlidir.
Misal: A 400 manat, B isə 600 manat əmək haqqı alır. B xəstələndiyi üçün 1 ay işə çıxmır. A isə B-nin də işlərini icra edir. Bu halda A-ya B-nin əmək haqqı ilə olan fərq, yəni 200 manat əlavə ödənilməlidir.
Əgər B-nin əmək haqqı A-nın əmək haqqından az və ya bərabər olarsa, bu halda A-ya müəyyən məbləğdə əlavə əmək haqqı müəyyən edilir. Əlbəttə ki, bu kimi hallarda işçinin başını 10-20 manatla aldatmaq hallarının olmaması üçün qanunvericilik həmin əlavənin işçi və işəgötürənin razılığı ilə müəyyən edilməsini təsbit edir.
15) İşçi iş vaxtından artıq işə nə vaxt cəlb edilə bilər və bu halda ödənişlər necə olmalıdır?
İş vaxtından artıq iş üçün başlıca tələb işəgötürənin əmri (sərəncamı) və işçinin razılığının olmasıdır. Əks təqdirdə işçini iş vaxtından artıq işə cəlb etmək qanunaziddir.
İş vaxtından artıq işə cəlb edilən işçi isə mütləq əlavə əmək haqqı almalıdır. Daha dəqiq desək, işəgötürən həmin artıq iş vaxtının istirahət günü ilə əvəz edilməsini müəyyən edə bilməz.
İşçinin vaxtından artıq işə cəlb edilməsinə təbii fəlakətlərin qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejimi zamanı və tezkorlanan malların itkisinin qarşısının alınması halında yol verilir. Qanunvericilikdə müəyyən edilmiş müstəsna hallarda da (işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda, kommunal müəssisələrdə qəzaların qarşının alınması və ya zərərlərin aradan qaldırılması, avadanlıqların korlanması, işin dayandırılması ilə nəticələnə biləcək hallarda və s) iş vaxtından artıq işə icazə verilir.
Xatırladaq ki, iş vaxtından artıq iş müddəti dalbadal gələn iki iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli iş yerlərində isə 2 saatdan artıq ola bilməz.
İş vaxtından artıq işə görə ödənilən əmək haqqının məbləği əməyin vaxtamuzd ödənilməsi halında saatlıq tarif maaşının 2 qat məbləğindən, işəmuzd sistemdə isə ixtisaslı işçinin əmək haqqını tam ödəmək şərtilə, əlavə haqq məbləğində müəyyən edilməlidir.
Mənbə: Moneta.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət