Slimfit
  1. ƏDƏBİYYAT

Elşən İsmayıl - ŞAH ABBAS - İkinci hissə

Elşən İsmayıl - ŞAH ABBAS - İkinci hissə
Sakura
:8

3 hissəli tarixi, bioqrafik, milli-fəlsəfi, ideoloji hekayə

BİRİNCİ HİSSƏNİN SON ABZASI:    1622-ci ilin qışı... Hörmüz limanı. Kəngər körfəzi... Portuqallar Şahın gəlişini gözləmədikləri üçün istədikləri kimi burada “at oynadırdılar”. Ancaq nə qismətsə, eynən Təbrizin alındığı zamanki şərait artıq bura üçün də yetişmişdi. Məvaciblərini vaxtında almayan, olduqca acınacaqlı, qeyri insani şəraitdə yaşayan fəqir işçilər öz ağalarına üsyan etdilər. Üsyan o yerə gəlib çatdı ki, körfəzdəki əsas Portuqaliya qoşunu diqqətini düşmən İspaniya və İngiltərə donanmasına doğru deyil, məhz daxili iğtişaşı yatırmağa ayırdı. Elə bu zaman qurudan, uzaqlıqda vahiməli bir qaraltı göründü. Onun nə olmasını düşünmək isə onunla qarşılaşacaq dərəcədə tükürpərdici idi. Bəli. Gələn Şah Abbas Səfəvi və onun qəhrəman Qızılbaş ordusu idi...

*İKİNCİ HİSSƏ*

    1621-ci il... Dekabrın 26-sı... İsfahan. Şah Sarayı... İngilislərin Şərqlə bağlı siyasi və iqtisadi məqsədlərini həyata keçirən Ost-Hind şirkəti nümayəndələri qabaqcadan müəyyən olunmuş və xüsusi hazırlıqla Şahın hüzuruna gəlmişdilər. Öncədən nəzərdə tutulduğu kimi Portuqallara qarşı müttəfiqliyi möhkəmləndirmək və bundan sonra Şərqdə bir çox siyasi-ticari əlaqələri qaydasına salmaq üçün məhz bu gün iki dövlət arasında anlaşma imzalanmalı idi. Bəlkə də bu tarixi andan sonra başda Səfəvilər olmaqla, bir çox Şərq dövlətinin, hətta dünyanın taleyi dəyişəcəkdi. Ancaq Şah Abbas Səfəvi qədər dərin düşüncəyə malik olmayan bəzi Qızılbaş əmirləri Avropanın yeni “Ağası” ilə yaxınlaşmağı elə də məqbul saymırdılar. Odur ki, öz iradlarını, təkliflərini Şaha bildirmək üçün ingilislərlə görüşdən əvvəl daxili divan tələbində bulunmuşdular. Şah Abbas Səfəvi də adəti üzrə tələbi qəbul edib belə bir anda saraydaxili münaqişə baş verməməsi üçün əyanlarla gizli toplantı keçirdi. Əmirləri bir-bir dinlədikdən sonra yekun olaraq fikrini və fərmanını söylədi:

  • Nigarançılığınızı çox yaxşı anlayıram, bəylər! Avropa dövlətləri yüzillərlə atalarımızın (ulu babalarımızın) düşmənləri olmuşlar. Və əksər hallarda bizim kimi mərdi-mərdanə döyüşməyib daim bizi bir-birimizə düşürməyə, daxili ixtilaflardan istifadə etməyə və “fahişə təmsili” gizlin əməllər sahibi olub tədricən bizi yıpratmağa çalışmışlar. Ancaq bilin və agah olun, bütün bunları bilərək mənim ingilislər kimi siyasi “şeytanlar”-la yaxınlıq içində olmam, onlara müttəfiq kimi yanaşmam tamamən millətimizin və dövlətimizin çıxarları, siyasi məqsədlərimizin gərəyi olub tarixi ana xidmət edən bir qərardır. Və hal-hazırda Avropada, dünyada vahid ağalıq uğrunda gedən mübarizədə ingilislər bizim üçün çox sərfəli tərəfdaşdır. Amma onu da qeyd edim ki, mən onların şeytan xislətini, ulu babalarımıza etdiklərini də əsla unutmamışam. Ona görə indi sizə bu zamana qədər hər kəsdən gizlətdiyim bir vacib planı açıqlayacam. Məsələ burasındadır ki, Xaqan babamın (Şah İsmayil Xətai) vaxtında Portuqalların işğal etdiyi Hörmüz limanını və digər bütün torpaqları geri qaytarmaq üçün Portuqaliya - İngiltərə, eləcə də Portuqaliya – İspaniya arasında olan savaşda tərəf tutmaq məcburiyyətindəydik. Məqsədimiz alındığı zaman, hər şey sona yetdiyində isə ingilislərlə bağladığım müqavilənin onlara sərf edən heç bir maddəsini yerinə yetirməyəcəyəm. Çünki mən Xaqan babam kimi bəzi siyasi məsələləri qürur mövqeyilə, hissi düşüncəylə deyil, günümüzün müasir qanunlarıyla həll etmək fikrindəyəm. Onsuz da İngilislər Portuqallara qalib gəlsələr belə, biz var olduğumuz müddətcə Şərqdə istədikləri kimi güclənə bilməyəcəklər və daim bizə möhtac olacaqlar. (gülümsəyərək davam edir) Qoy Şeytan elə düşünsün ki, bizi öz hiyləsi ilə yoldan çıxara bilib. Biz Haqqın yanında olduğumuz, ruhumuzla və əməllərimizlə doğruluğa yönəldiyimiz müddətcə Uca Yaradan daim bizə yar olacaq və Ulu Türk Xanədanı Səfəviləri qoruyacaq. Beləliklə Turan Tuğu Qərbdə qan qardaşlarımız Osmanlıların, Şərqdə isə həmişə bizim əlimizdə olacaq!...

    Bu daxili görüşdən sonra Şahın xarici siyasətdəki qərarından narazı qalan bəzi Qızılbaşlar əmirləri də onun dərrakəsinə heyran qalaraq sözsüz əmr və sərəncamlarını yerinə yetirməyə davam etdilər. Və nəhayət, ingilislərlə nəzərdə tutulan tarixi müqavilə bağlandı. Müqavilənin şərtlərinə görə:

  1. Ələ keçirilən bütün qənimətlər eyni miqdarda bölünməli,
  2. Hörmüz adasına hücum eyni anda olmalı,
  3. Adanın gömrük haqqı eyni olaraq bölüşdürülməli,
  4. Döyüşdən sonra Xristian əsirlər İngilislərə , Müsəlman əsirlər Səfəvilərə verilməli,
  5. Döyüş xərclərini hər iki tərəf eyni miqdarda qarşılamalı idi...

    1622-ci ildə Səfəvi sərkərdəsi İmamqulu Xan 3000 Qızılbaş ilə qurudan, İngilislər isə sudan hücuma başladılar. Müttəfiqlər Portuqallar üçün ərzaq və su qaynağı olan Keşm adasını tutdular...

    9 fevral 1622-ci ildə İngilislər Hörmüz adasının qarşısına dəmir atdılar. Bəndər Abbasdan (Gemburundan) İngilis gəmiləriylə daşınan Səfəvi əsgərlərinə İmamqulu Xan və Şahqulu Bəy başcılıq edirdilər. Qızılbaşlar top atəşinin dəstəyi ilə Hörmüz qalasını mühasirəyə aldılar. Aprelin 9-da qalanın hasarları dağıdıldı. Davam gətirə bilməyəcəyini görən Portuqaliya qüvvələri avqustun 23-də qalanı tərk edib qaçdılar. İmamqulu Xan qalaya 200 nəfərlik Qızılbaş yerləşdirdi. Bununla da bir əsr işğal altında olan Hörmüz yenidən Səfəvi dövlətinin tərkibinə qatıldı.

    Adanın işğalından sonra Şah Abbas ingilislərə verməli olduğu imtiyazları onlara vermədi (öz əmirlərinə söz verdiyi kimi). İngilislərin ələ keçirdiyi qənimətlər də Qızılbaşlar tərəfindən ucuz qiymətə geri alındı. Hörmüzün azad olunmasından sonra, onun qarşısında yerləşən Gembrun limanının adı dəyişdirilərək “Bəndər Abbas” adlandırıldı...

    Şah Abbasın xüsusi sərkərdəlik bacarığı və Şərqdəki hökmran duruşu haqqındakı şöhrəti sürətlə dünyaya yayıldı. Bir çox Şərq dövlətləri bundan sonrakı talelərini müəyyən etmək üçün Şahın hüzuruna gələrək ona sədaqətlərini sübut etmək məqsədiylə əlini-ətəyini öpüb biət etdilər. Qısa bir zamanda Səfəvilərin sərhədləri Qərbdə Anadoludan Şərqdə Hindistana qədər gedib çatdı. Hakimiyyəti illərində (1588-1629) böyük hərbi və siyasi ustalıqla Özbəkləri, Osmanlıları, Moğolları və Portuqalları məğlub etmiş, işğal altında olan tarixi Səfəvi torpaqlarını birləşdirmişdi. Artıq onun ali qüdrətinin qarşısında Avropanın iki böyük siyasi gücü İspaniya və İngiltərə də tab gətirə bilməyib Səfəvilərin xarici siyasətində Şah Abbasla razılaşmalı olurdular... 

    O, qüdrətli hökmdar, dahi dövlət xadimi və mətanətli sərkərdə olmaqla yanaşı, həm də humanist, insansevər bir xalq adamıydı. Tez-tez tədbiri-libas (sadə kəndli qiyafəsinə bürünüb) olub ölkəni qarış-qarış gəzər, həm hökmdarlıq etdiyi bu böyük imperiyanı daha dərindən tanımağa çalışar, həm də əhalinin sosial vəziyyətilə yaxından maraqlanardı. Böyük şəhərlərin bazarlarında, küçələrində, meydanlarında baş verən bütün proseslərdən bilavasitə özü xəbərdar olmaq istəyərdi. Kiçik baqqallardan, böyük ticarət limanlarına qədər hər bir yerdə Şahın diqqəti tez bir zamanda hiss olunurdu. Kasıblara, fəqirlərə etdiyi gizlin yardımlar nəticəsində ölkə əhalisi onun hakimiyyəti illərində xeyli firavanlaşmışdı.

    Günlərin bir günü Şah Abbas Səfəvi yenə tədbiri-libas olub şəhərləri, kəndləri gəzərkən bir hadisənin şahidi olur: deməli, bir gün Şah eşidir ki, (onun zamanında hələ kəşfiyyat, dini və dövlət işlərinin əsas idarəediciləri olan Dərvişlər öz mahiyyətini, gücünü qoruyub saxlamışdı) əyalətlərin birində bir varlı mülkədar sırf şəxsi mənafeyi uğruna kasıb bir ailənin kiçik torpaq sahəsinə və evinə göz dikib. Dərhal öncə adamlarını göndərib vəziyyəti öyrənir, sonra özü o kasıb ailəni ziyarət edir. Qısa zamanda hər şeyi məlum etdikdən sonra, o mülkədarı zindana salır, onun bütün mülkünü müsadirə edərək müəyyən qismini də kasıb ailəyə bağışlayır. Bundan sonra onun ölkədaxili şöhrəti daha da artaraq bütün xalq arasında nüfuzu xeyli güclənir.

    Şahın həm əyanlar, həm xalq arasında qüdrətinin artması bəzi xarici qüvvələrin dəstəklədiyi müxalifləri qəzəbləndirdi və onlar bir neçə dəfə ona susi-qəsd təşkil etməyə cəhd etdilər. Ancaq Dərvişlər və Qorçular (Şahın və ailəsinin qoruqçuları olan xüsusi Şah qvardiyası) qısa zamanda bütün xainləri, cəsusları həbs edib Şaha təslim etdilər. Xüsusi məhkəmə prosesi bitdikdən sonra Şah Abbas da onlardan biriylə danışmaq qərarına gəldi. Məhkumu şəxsən dinləyib fikirlərini onunla bölüşdü:

  • And olsun bizi yaradan O Uca Varlığa ki, hakimiyyətim zamanı kimisə qətiyyən qəsdən incidəcək bir əməl sahibi olmamışam. Bütün arzularım, davranışlarım yalnız millətimin birliyi, vətənimin vahidliyi və dinimin, din qardaşlarımın istiqbalı naminə olmuşdur! Məni tanıyan, bilən hər kəs doğru söylədiyimi təsdiq edə bilər. (qəzəbli tərzdə davam edərək) Belə bir halda sizlər – şərəfini, namusunu, qeyrətini pula satanlar, hansı cürətlə haqdan, ədalətdən danışa bilərsiniz?! Sizə nə cür cəza versəm, bir olan Yaradan şahiddir ki, o cəzaya layiq olacaqsınız! Odur ki, bunu bilin, Tanrı yolunda çıxdığım bu müqəddəs savaş bitənə kimi sayınız nə qədər olursa olsun, arxanızda hansı güclü qüvvələr durursa dursun, nəsibiniz ancaq zülm, işgəncə və ölüm olacaqdır! Çünki mən millətimin və dövlətimin düşmənlərini əsla əhv etmirəm! – deyə, məhkumun gözlərinin içinə qəzəblə baxaraq bir göz qırpımında belindəki qılınca sarılıb onun başını bədənindən ayırdı.

    Şah Abbasın bu hərəkəti o gün orada olan bütün vəzir-vəkil, əyan və xidmətçilər üçün bir ibrət dərsi olmuşdu. O hadisədən sonra kimsə cürət edib Şahın bir sözünü iki edə bilmədi. Düşmənlər də (daxili və xarici) qorxudan bütün planlarını təxirə salıb ta onun ölümünə qədər gözləməli oldular...

    Şah Abbas Səfəvi yalnız görkəmli dövlət xadimi kimi deyil, eyni anda gözəl ailə başçısı və qəlbinin dərinliklərində gizlətdiyi, ancaq həyat yoldaşının bildiyi kimi romantik bir kişi idi. Hələ gənc vaxtlarında sevgilisi ilə ilkin tanışlıq anında onu ələ almaq üçün ona Xaqan babasının, yəni Böyük Şah İsmayıl Xətainin bir şeirini oxumuşdu:

Ey cəmalın gülsitani baği-minudur mana,

Cənnəti-rizvan ki, derlər, оl səri-kudur mana.

 

Yüzün üstə zülfini ta gördüm, ey ruhi-rəvan,

Gecə-gündüz ağlamaq eşqində xоş xudur mana.

 

Hicr sərgərdanlığın çərxi-fələkdən görmənəm,

Bu cəfalərni qılan оl yari-məhrudur mana.

 

Gecələr ta sübh оlunca uyxu gəlməz eynimə,

Ta xəyalın daima çeşmimdə qarşudur mana.

 

Anca yaş tökdi Xətayi firqətindən, ey sənəm,

Xancaru baxsam, gözümdə yer yüzü sudur mana...

 

    1629-cu ilin qışı idi. Bu qış sanki həmişəkindən daha solğun, daha kəskin və qəddar baxışı ilə seçilirdi. Ulu Türk Xanədanlığı Səfəvi diyarının hər yerində sanki ocaqlar sönmüş, insanlar yoxa çıxmışdı. Nə bazarlarda, nə meydanlarda, nə də əhalinin sıx olduğu başqa yerlərdə kimsə gözə dəymirdi. Sanki Tanrı bu məmləkəti qarğımışdı. Dərin bir sükut içində olan Fərhadabad xalqı isə qəhrdən boğulmaq üzrəydi. Çünki bir müddətdir yataq xəstəsi olan Ulu Türk sərkərdəsi Şah Abbas Səfəvi artıq son anlarını yaşayırdı. Gözlərində təlaş və qorxudan əsər-əlamət olmayan o Uca şəxsiyyət sanki böyük rahatlıqla dünyadan köçürdü. Nəticədə yaşadığı dövrdə daim Xaqan babasının, Böyük Şah İsmayıl Xətainin arzu və idealları uğrunda savaşmış, demək olar ki, onun bütün arzularını həyata keçirmişdi. Nə qalmışdısa da, ömür vəfa etmədiyi üçün sadəcə çatdıra bilməmişdi. Çünki hələ 16 yaşı olarkən taxta çıxan Şah Abbas Səfəvi hakimiyyəti dövründə bir günü belə güdaza verməmiş, daim millətin və dövlətin gələcəyi naminə çalışmışdı... 

ARDI VAR...

DAVAMI GƏLƏN YAYIMDA...

QAÇIRMAYIN!!!

Şanlı tariximizdən təsirlənərək yazdı: ELŞƏN İSMAYIL

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR