Slimfit
  1. ƏDƏBİYYAT

Elşən İsmayıl - Əcəm qızı

Elşən İsmayıl - Əcəm qızı
Sakura
:48

Elşən İsmayıl - Əcəm qızı

Təxminən 500 il bundan öncə olardı... Qüdrətiylə dünyanı lərzəyə gətirən iki nəhəng Türk imperiyası – Osmanlı və Səfəvi xanədanlığı, ikiüzlü, mənfur Avropanın illərdir planlaşdırdığı, amma həyata keçirməyə cəsarət etmədiyi “böyük oyun”-a təəssüflər olsun ki aldanmışdı. O zamankı Avropa dərin dövlətinin əsas beyni olan Vatikan və Venesiyanın xüsusi olaraq yetişdirdiyi və hər iki Türk imperatorluğunun içinə yerləşdirdiyi, əsasən “milli azlıq”-lardan təşkil edilmiş cəsuslar neçə il durmadan məharətlə çalışmış, nəhayət iki qardaşı – Sultan Səlim və Şah İsmayılı savaşa sürükləmişdilər. Dünyanı titrədən, qorxuya salan bu iki imperiya artıq bir-biriylə savaşa başlamışdı...

 

Əcdadları Qamların – Şamanların beş min il öncəki ənənəvi prinsiplərini unutmamış, amma yeniləşmiş, 16-cı əsr şəraitinə görə formalaşmış, daha da təkmilləşmiş dini-fəlsəfi cərəyanın hamiləri olan Dərvişlər, Şeyxlər, Sufilər ocağı Ərdəbildə isə bu savaşın təsiri güclü olsa da, fani aləmi elə də önəmsəməyən, mənəvi saflığın qazandırdığı ilahi ucalıqla bərabər yüksək insani keyfiyyətlərə malik bir qrup dərviş Uca Tanrıya eşqlərini minillərin müqəddəs alətləri saz, qaval, balaban, tar, kamança vasitəsiylə qeyri-adi şəkildə tərənnüm edirdilər:

 

Ulu Tanrı adın tutub,
Qutlu Şaman yolun tutub,
Hər cür münkiri unudub
Gəldik yola, bə hey Dərviş,
Dola-dola, bə hey Dərviş...

 

Biz “Ol” Tanrıdan gəliriz,
Tanrı haqqın Söz biliriz,
Qutlu “Söz”-dür Türk dilimiz,
Gəldik yola, bə hey Dərviş,
Dola-dola, bə hey Dərviş...

 

Haqq üçün “HÜ” söylərik biz,
Qutlu cihad eylərik biz,
Haqq-dan rıza dilərik biz.
Gəldik yola, bə hey Dərviş,
Dola-dola, bə hey Dərviş...

 

Hünkarımız Xızır Sultan,
Qutlu Ruh-dur gerçək olan,
Biz Əliyə tutduq ünvan,
Gəldik yola, bə hey Dərviş,
Dola-dola, bə hey Dərviş...

 

“Dörd Ünsür”-ün hamisiyik,
Şərqlə Qərbin varisiyik,
Biz Tanrının bəndəsiyik,
Gəldik yola, bə hey Dərviş,
Dola-dola, bə hey Dərviş...

 

Bu və sairə ifadələrlə, sözlərlə, müxtəlif şeir parçalarıyla öz “ibadət”-lərini davam etdirən dərvişlər eyni zamanda məlum qardaş qırğının qarşısını ala bilmədiklərinə görə də ah-nalə edirdilər:

 

Qərib qardaş, mən ellərdən uzağam,
Könlüm orda, cismim ilə irağam,
Vallahi bil, mən yağıdan qırağam,
Üzərimə qılınc ilə gəlmə sən,
Ol yaralı bu qəlbimi dəlmə sən...

 

Qərib qardaş, heç bilmədim nec oldu,
Yağı məndən, yağı səndən bic oldu,
Fani oldum, fikrim-zikrim güc oldu,
Üzərimə qılınc ilə gəlmə sən,
Ol yaralı bu qəlbimi dəlmə sən...

 

Qərib qardaş, qılınc kəsər, qan axar,
Bir yağıdan bir yağıya yol çıxar,
Biz vurarıq özümüzü, o, baxar,
Üzərimə qılınc ilə gəlmə sən,
Ol yaralı bu qəlbimi dəlmə sən...

 

Qərib qardaş, Çaldıranda can dedim,
Düşmən oldum mən özümə, “qan” dedim.
Vur atəşi, vur könlümə, “yan” dedim.
Üzərimə qılınc ilə gəlmə sən,
Ol yaralı bu qəlbimi dəlmə sən...

 

Tanrı üçün, axı bu savaş niyədi?
Sağım, solum, önüm, arxam tiyədi,
Dün “qardaş” dediyim bu gün neylədi,
Üzərimə qılınc ilə gəlmə sən,
Ol yaralı bu qəlbimi dəlmə sən...

 

Bu dəmdə Ərdəbilin qıraq kəndlərindən birində, bir sənətkar ailəsindən olan Banunur adlı Türk qızı (Azərbaycan Türkü) rəfiqələriylə birlikdə bulaq başına, su götürməyə çıxmışdı. Elə bu zaman Türkman məmləkəti Azərbaycan sərhədlərini artıq keçmiş Osmanlı ordusunun bir dəstə yeniçərisi Ərdəbil yaxınlarında kəşfiyyat, izləmə əməliyyatını keçirməkdə idi. Olduqca ayıq-sayıq Qızılbaş (Azərbaycan) qorçu-larının (xüsusi əsgər növü) ucu haçalı, girdimi- çıxmayan qılıncına tuş gəlməmək üçün isə yeniçərilər tədbiri-qiyafət olub (əyinlərini dəyişib) məmləkətin hər bir yanına dolmuşdular. Gənc, igid Osmanlı yeniçərisi Mehmet də təsadüfən elə o civarlardaydı...

 

Mehmet vaxtilə Osmanlının İstanbulun fəthi zamanı Sultan II Mehmet-ə xüsusi bacarığı və ağlıyla xidmət etmiş, mənfur Bizansa qan uddurmuş, qəhrəman Siracoğlu soyundan idi. Atası Murad xan Mehmetə bu adı igidliyi və ağlı ilə dünyaya səs salan, dövrün hökmdarlarına nümunə olan Sultan II Mehmet-ə bənzəsin, taleyi onun kimi olsun deyə qoymuşdu. Bu nəsil Osmanlıda yüksək vəzifələr tutmasa da özəlliklə hərb sahəsində daima xüsusi bacarıqlarıyla seçilirdi. Elə Mehmet də qətiyyən əcdadlarından fərqlənmirdi. Qolunun gücüylə, ağlıyla, xüsusi məntiqi yanaşma tərziylə xidmət etdiyi bölükdə qısa zamanda nüfuz qazanan bu gənc yeniçəri Savaş başladığı andan Sultanın xüsusi kəşfiyyat taboruna göndərilmişdi. O tabor ki Səfəvi ordusunun və dövlətin bütün gücünü qısa zamanda hesablamalı və Sultana vaxtında xəbər verməli idi. Bu qəhrəman yeniçərilər sayəsində Sultan Səlimin gücü iki qat artmışdı. Amma bütün Türklər kimi Mehmet də bu savaşı yaxşı qarşılamırdı. Lakin nə etmək olar, feodalizm dövrü idi. Heç kəsin şəxsi düşüncəsi ölkə rəhbərliyi üçün maraqlı deyildi. Sultana və ya mərkəzi hakimiyyətə qarşı səsləndirilən istənilən fikir “üsyan” kimi qiymətləndirilir, qısa zamanda fikrin sahibi, sahibləri tapılır, özəl “cəllad” qrupu vasitəsilə məhv edilirdi. Beləcə Mehmet məcbur da olsa sadəcə “düşmən” adlandırılan Səfəvi xanədanlığına qarşı kəşfiyyat əməliyyatında iştirak etməli idi. Üləma fətva vermiş, Sultan bu fətvanı təsdiqləmiş, sərəncam imzalanmış, orduya “hücum” əmri verilmişdi. Bu əmrə qarşı çıxan hər kəsi öz qohumları, hətta nəsliylə birlikdə “xain” statusuyla ölüm gözləyirdi...

 

Mehmet Banunur ilə qarşılaşanda Banunur bulağın gözündən su içirdi. Bir anlıq yanındakı iki əsgər yoldaşından ayrılan Mehmet qarşısındakı gözəlliyin Tanrıdan endiyini yəqin etmişdi. Sanki o Allah bəndəsi deyildi. Sanki o, Tanrının yer üzündəki təcəssümü olan gözəl bir mələk idi. Bəli ona ancaq bu adı vermək olardı, “Mələk”...

 

Baxdıqca doya bilmirdi, gənc yeniçəri. Ağlında min cür fikirlər dolaşırdı. Görəsən ona yaxınlaşıb danışa bilər. Çox yox, cəmi üçcə kəlimə kəsmək istəyirdi Banunur ilə Mehmet. Ancaq, ancaq buna cəsarət edə bilmirdi. Aman Allah, həqiqətən də eşq başqa bir aləm imiş – deyə düşündü Mehmet. Yaşı iyirmini adlamış olan bu gəncin başından bu zaman qədər belə bir eşq, məhəbbət macərası keçməmişdi. Sırf ona görə idi ki, indi, gördüyü, elə o andaca vurulduğu, aşiq olduğu gözələ cəmi bir neçə addım məsafədə olan Mehmetin ağzını, əlini, ayaqlarını sanki gözəgörünməz bir qüvvə bağlamışdı. Elə hey baxdıqca baxırdı...

 

Mehmetdən bir iki yaş aşağı olan Azərbaycan gözəli Banunur isə hələ ki onu görməmişdi. Suyunu içib qabını doldurmağa başlayan anda isə sanki göy guruldadı, Mehmet istiqamətində yer yarıldı, dağlar, dərələr dilə gəldi və nəhayət bir müddətdir onu izləyən Mehmeti gördü. Gördü, elə gördüyü andaca Mehmetin bayaqdan yaşadığı hisslərin təsirinə qapıldı. Bir andaca əlləri boşaldı, ayaqları tutmaz oldu, gözləri, üzü qızarmağa, yanmağa başladı, Tanrının qeyri adi gözəllik bəxş etdiyi bu gənc qızın. Və elə o zaman, o möhtəşəm an baş verdi. Gənclər bir-birinə baxdılar və hər ikisi eyni anda gülümsədilər. Bundan sonra əslində bir-birinə düşmən iki məmləkətin bir fərdi olan gənclərin dərin, tükənməz və ilahi saflıqla eşqi başladı...

 

Yanındakı qızların gülüşmələri Banunuru, arxasındakı əsgər yoldaşlarının çağırışları da Mehmeti yolundan döndərmədi. Keçən bir neçə dəqiqə ərzində gənclər bir birinə o qədər həvəslə, məhəbbətlə baxaraq yaxınlaşmışdılar ki, artıq cəmi yarım addımlıq məsafədə idilər. Gözləri gözlərinə, dodaqları dodaqlarına, əlləri əllərinə yaxınlaşırdı get-gedə, bu hər şeydən xəbərsiz gənclərin. Mehmet bütün savaş düşüncəsini, verilən əmrləri, xüsusi tapşırıqları vecinə almadan, düşdüyü hazırkı durumun yalnız gözəlliyi haqqında fikirləşərkən, Banunur da qarşısındakı igidin Osmanlı olduğunu qətiyyən ağlına belə gətirmirdi...

 

Mehmet vurulduğu gözəlin gözlərinə həyəcanla baxaraq özündən qeyri-ixtiyari şəkildə bir qədim türkünü zümzümə etməyə başladı:

 

Yürüyərək sən ovaya çıxınca,
Əylən, bu ovada qal, Əcəm qızı,
Oğrun-oğrun niqab altdan baxınca,
Canım tələf olar, ey Əcəm qızı...

 

Səni sevən oğlan neyləsin malı,
Yumduqca gözündən tökər mərcanı,
Burnu fındıq, ağzı qəhvə fincanı,
Şəkərmi, şəkər, bal, Əcəm qızı...

 

“Əcəm” sözü ta Xilafət zamanından Şərqdə yayılmış söz idi. Ərəblər bütün Yaxın Şərqi, Azərbaycanı və digər əraziləri tutduqdan sonra inzibati idarəetmə məqsədiylə, hərb sisteminin qayda-qanununa görə işğal olunmuş zonalarda bütün vilayətlərdə həm coğrafi, həm də etniksəl anlamda bölgü aparırdılar. Bu bölgü Xilafət dağıldıqdan sonra da xalqın zehnində, dilində qalmış və keçmiş Xilafət ərazisinin “ərəb yaşamayan” hissəsinə həm coğrafi məkan, həm də etnik kimlik anlamda “Əcəm” deyilməyə davam edilirdi. Əcəm diyarı çoxunluğu Türklər yaşayan böyük bir ərazi idi. Burada eyni zamanda farslar, əfqanlar, digər millətlərin nümayəndələri yaşasa da, tərkibinə Ərəbistan sərhədindən tutmuş, Orta Asiyaya qədər bütün torpaqlar daxil olan bu məmləkətdə ta 20-ci əsrə qədər Türklər hökmranlıq etdi...

 

Osmanlıların Qızılbaşları – Azərbaycan Türklərini “Əcəm” adlandırmasının səbəbi də bəzi “agent” tarixçilərin fərziyyəsi olan “düşmən” və s. anlamında deyil, Xilafət zamanındakı coğrafi məkan anlamında idi. Səfəvi torpaqlarına “Əcəm diyarı”, Qızılbaşlara “Əcəmlər və ya Əcəmlilər” deyən Osmanlılara isə Səfəvilər də öz növbəsində, yenə də coğrafi məkan anlamında “Rumlar, Rumlular”, Osmanlı imperatorluğunun ərazisinə isə “Rum diyarı” deyirdilər, bütün tarix boyu. Bununsa səbəbi sadə idi. Osmanlının yerləşdiyi əsas ərazi keçmiş Bizans, yəni Şərqi Roma İmperiyası ərazisi olduğu üçün hətta Osmanlılar özləri özlərini belə, çox vaxt bilərəkdən və fəxrlə (Romanın varisi kimi) “Rumlar, Rum diyarının sahibləri” adlandırırdılar. Bu faktı Osmanlı Sultanı II Bayazidin taxta çıxdığı zaman özünü “Rum Sultanı” elan etməsi təsdiqləyir. Bu adət ənənə isə ta Xilafət zamanından müsəlman Şərqində yayılmış bir xüsusi qayda idi. Bir məmləkəti tutan hökmdar və ya sərkərdə digərlərinə daha çox təsir etmək üçün, səltənətdə nüfuz qazanmaqdan ötrü işğal etdiyi yerin adını öz adına əlavə olaraq “təxəllüs” kimi götürürdü. Beləliklə Əcəm və Rum adları özünə Türk imperatorluqları tarixində xüsusi yer qazanmışdı...

 

Bir-birinə ani bir baxışmadan aşiq olan bu iki məsum Türk gəncinin taleyisə heç də xəyal etdikləri kimi gözəl olmadı. Ətraf aləmdən ruhən uzaqlaşan Mehmet və Banunur elə o zamandan toplumun qınağına, təzyiqinə, sərt müqavimətinə rast gəldi. Mehmet bir “Əcəm qızı”-na göz qoyduğu üçün öz silahdaşları, Banunur isə rəfiqələri, tanışları, daha sonradan valideynləri tərəfindən ağır suçlamalarına məruz qaldı. O gündən sonra düz 7 gün ard-arda o bulağın başında gizlicə görüşən gənclərin məhəbbəti nakam oldu. Mehmetin bir Osmanlı, Rum əsgəri olduğu bilindi, Qızılbaş qorçuları onu uzun müddət təqib etdi. Banunursa atasının sərt mövqeyi qarşısında aciz qaldı. Ona evdən çölə çıxmaq qadağan edildi. Hətta rəfiqələriylə belə görüşə bilmədi, yazıq qız. Və nəhayət hər iki aşiq son çarəni birlikdə qaçmaqda gördülər.

 

Gizlicə məktublaşaraq görüş təyin edən Mehmet və Banunur Təbrizə qədər qaça bildilər. Orada isə onları Şahın qorçuları həbs etdi. Aləmə dərs olsun deyə Təbriz meydanına gətirilən gənclər öncə kürəkləri qançır olana qədər “şallaq” cəzasıyla cəzalandırıldılar, daha sonra dar ağacına gətirildilər. Xüsusi məhkəmə quruldu meydanda. “Bismişah, Allah, Allah” sədalarıyla gələn üzü niqablı, siyah əlbisəli cəllad qrupu Mehmetlə Banunuru yanaşı, bir-birini görə biləcək şəkildə dar ağacına bağladı. Ayaqları altında kəsilmiş kötük parçası olan gənc aşiqlər son dəfə bir-birilərinə baxdılar, böyük həsrət, ilahi eşq, saf insani duyğularla...

 

“Allahu-Əkbər” sədaları altında xüsusi Osmanlı qrupu da meydana təşrif etdi və iki dövlətin “xainləri” qismində tutulan, əslində günahları sadəcə sevmək olan Mehmetlə Banunurun edam mərasimində iştirak etdi. Onlardan biri özlərini – Sultanımız, İslamın hamisi Yavuz Sultan Səlimin ədalət qoruqçuları – deyə təqdim etdi. İcra olunan bu məhkəmə prosesi, o zamanın az-az görünən və hökmdarların xüsusi nümayəndələrinin iştirakıyla təşkil edilən nadir mühakimə mərasimlərindən biri idi.

 

Nəhayət, o acılı, ürək ağrıdan səhnə icra olundu. Üzü niqablı cəlladlar eyni anda Mehmetin və Banunurun ayaqları altındakı kötüklərə təpik vurdular. Beləliklə iki sevən qəlb bir neçə saniyədən sonra son dəfə çırpınaraq əbədiyyən durdu. Son dəfə bir-birinə baxan iki sevən göz də birdəfəlik yumuldu...

 

Tarixdə belə hadisələr çox olmuşdur. Lakin Mehmet və Banunur eşqi qədər saf, ani, və mənasız düşmənçiliyin iç üzünü açacaq qədər ali olmamışdı. Bu iki məsum gəncinsə məhkum olunmasında bir qeyri-adi və gizəmli fakt vardı. Osmanlı və Səfəvi tərəfdən mühakimə prosesinin başında və icra edilməsində heç bir Türk iştirak etməmişdi. İştirakçılar fars, kürd, ərəb və yunan mənşəli idi... Hadisədən xəbər tutan hər kəs uzun müddət bu məqam haqqında xeyli düşündü...

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR