Slimfit
  1. MARAQLI

Dünyanın ən çox səyahət edən insanları

Dünyanın ən çox səyahət edən insanları
Sakura

Səyahətçilərin Yüzillik Klubu

Səyahətçilərin Yüzillik Klubu (The Travelers' Century Club - TCC) dünyanın ən çox səyahət edən insanlarını birləşdirir. Bəs klubu davamlı edən nədir?

79 yaşlı Bill Ashley hələ də ilk coğrafiya dərsini xatırlayır.

1940-cı illərdə Şimali Carolinada 4-cü sinifdə oxuyurmuş. Şagirdlərin çoxu üçün dərs "o qədər cansıxıcı olubmuş ki, bəziləri yatıbmış".

Bill isə özünü başqa cür hiss edirmiş.

"Çox həyəcanlı idim," o deyir.

"Bütün o yerlərə getmək istəyirdim."

Amma demək, etməkdən daha asandır.

Dr. Bill Ashley və "dünya bayraqları" qalstuku

 

Bill-in ailəsi kasıb olub. Onlar tütün sahəsində yerləşən və elektriki olmayan kiçik bir evdə yaşayırmışlar. Suyu isə yaxınlıqdakı bulaqdan götürürmüşlər.

Təhsilini kollecdə davam etdirmək istəyən Bill-in valideynlərinin buna imkanı olmayıb.

Təqaüd - və yayda tütün yığma işindən qazandığı gəlirlə - o kollecə qəbul olur. Bill müəllim olur və 1962-ci ilin yayında ilk dəfə xarici səfərə çıxır.

Həmin coğrafiya dərsindən cəmi 15 il keçmişdi.

Bankdan götürdüyü 600 dollar borca başa gələn səyahət onun Londondan başlayaraq Pisanın Maili Qalasına qədər uzanan Avropa boyu gəzməsinə bəs edir. O vaxtdan bəri Bill demək olar ki, dünyanın bütün ölkələrində olub.

Bil-in Şimali Carolinadakı kiçik sinif otağında tutulduğu xəstəlik yetmiş ildir ki, onu tərk etməyib.

Bill TCC siyahısında yer alan 325 yerdən 259-da olub. O, Kenya üzərində hava şarı ilə səyahət edib və "Kəşmirə 6000 km dırmanıb".

Təqaüddə olan bir müəllim üçün mükəmməl göstəricidir.

"Hər şey insanın həyatda nəyə üstünlük verdiyindən asılıdır," o deyir.

"Bəzi insanlar maşınlarını iki ildən bir dəyişməyə üstünlük verirlər. Mən isə 34 ilik maşınımı aprel ayında satdım."

"Pulumu səyahət üçün yığıram. Hər səhər Starbucks-a gedib, qəhvəyə 4 dollar xərcləmək məcburiyyətində deyiləm."

O, gələn il Şimal Qütbünə getməyi planlaşdırır. Bundan əvvəl isə Kolumbiyaya üz tutacaq. 260-cı yer çox güman ki, Karib adalarında Kolumbiya arxipelaqı San Andres və Providencia olacaq.

"Bir dostumla biz oraya Cartagenadan uçmağı düşünürük" o deyir.

Bəs o, nə üçün səyahət edir? Yeni yerlər görmək üçün, yoxsa siyahını tamamlamaq üçün?

"Hərəsindən bir az," o etiraf edir.

TCC deyir ki, bəzi insanlar "ad olsun deyə" buraya qoşurlar. Amma onların şüarı son dərəcə nəcib səslənir: "Dünya səyahəti: anlayış yolu ilə sülhə aparan pasport."

Bill, səyahətin şəxsi fayda ilə yanaşı qlobal xeyrinə də inanır.

"Dünyanı tapdığınızdakından daha yaxşı halda tərk etdiyinizi hiss etmək lazımdır", o deyir.

1965-cı ilin noyabrında tərtib edilmiş TCC ölkə siyahısı

 

TCC siyahısını bitirmək üçün uzaq və ya təhlükəli yerlərlə səyahət etməlisən.

İngiltərənin Derbyshire əyalətindən olan 79 yaşlı Terry Wharton 1963-cü ildən ABŞ-da yaşayır. O, beş il əvvəl baş çəkdiyi Əfqanıstan və yeddi il öncə olduğu İraq da daxil olmaqla siyahıdakı 312 yerdə olub.

"Kabildə jurnalistlərin qaldığı mehmanxanaya çatmaq üçün üçqat təhlükəsizlik yoxlanışından keçməli olmuşduq," o deyir.

"Qız dostum yolboyu şəkillər çəkirdi. Təhlükəsizlik işçiləri dəli olmuşdular."

Terry və partnyoru Kabil ətrafında sərbəst gəzsələr də, İraqda onların dörd nəfərdən ibarət qrupuna mühafizə lazım olub.

"Bizim sürücümüz, keşikçimiz və cangüdənimiz var idi və cangüdən silahla təchiz olunmuşdu."

Onların səfərinə Bağdad ("Daxili İşlər Nazirliyi üçün bu o qədər maraqlı gəlibmiş ki, onlar xüsusi səfər üçün muzey də açıblar") və Kürdüstan ("son dərəcə təhlükəsiz şəkildə gəzirdik") da daxil olub.

Eləcə də onlar, 2003-cü ildə Britaniya ordusunun işğaldan sonra yeridildiyi Bəsrəyə də gediblər.

"Yəqin ki, Bəsrə təhlükəsizliyin təmin olunmadığı ən pis yer idi," Terry deyir.

"Biz furqonda səyahət edirdik və işğal olunan yerlərdən keçən pəncərələrin pərdələrini çəkirdilər."

Maraqlı səsləndiyi qədər də qorxuludur.

"Gözəl idi," Terry deyir.

"Mən səyahəti təşkil edən şirkətə etibar edirdim. Onların çox şeydən xəbəri var idi."

Terry Wharton Sidneydə (solda) və Yeni Zelandiyanın subantarktik adalarına gedən yolda

 

Terry-nin siyahısında 13 yer qalıb. Buraya Braziliya sahilindən 360 km aralıda yerləşən Fernando de Noronha arxipelaqı, Çilidən 650 km uzaqda yerləşən Juan Fernandez adaları və Britaniyanın Hind Okeanı Ərazisi (BHOƏ) daxildir.

Təəssüf ki, Terry üçün BHOƏ-yə getmək mümkünsüzdür. Amerika qüvvələrinin bazası olan bu əraziyə hərbçi olmadan daxil olmaq mümkün deyil.

Şayiələr dolaşır ki, səyahətçilər yaxta kirayələyərək oraya üzüb, saxta SOS xəbəri ilə sahilə aprarıla bilərlər.

"Mən cənubi Sudanda bir nəfərlə tanış oldum. Biz oraya səyahət edərkən cənubi Sudan yenicə ölkə statusu almışdı", Terry xatırlayır.

"O, mənim İngiltərə əslli olduğumu biləndə hirslənmişdi: 'Sizi alçaqlar!'

Terry siyahını tamamlayacağından əmin deyil. Müsahibəmizdən iki gün sonra hər iki dizindən əməliyyat olunacaqdı. Amma gözlərindəki ümidi sezməmək mümkün deyildi.

"Hər yeni ölkə gördükcə, həyat eşqi tapıram," o deyir. "Fikirləşirəm ki, bacardım."


TCC siyahısı: Bəzi ucqar yerlər

  • Kokos adaları (Hind okeanında Avstraliyaya məxsus adalar)
  • Antarktikanın Norveçə aid hissəsi
  • Pitcairn adası (Sakit okeanının cənubunda Britaniyaya məxsus ada)
  • Wake adası (Sakit okeanının ucqarında yerləşən ABŞ-a aid ada)

Səyahətçilərin Yüzillik Klubunun dünyanın hər tərəfindən üzvləri var. Onun ABŞ, Kanada, Almaniya və Birləşmiş Krallıqda filialları var.

Washington-da filialı, Virginia-da yerləşən bir restoranın arxa otağındadır. Filialın 20-dən çox üzvü hekayələrini bölüşmək, ipucları vermək və köhnə və ya yaxın dostlarını görmək üçün yığışırlar.

Onların söhbətinə qulaq asmaq atlası vərəqləməyə bənzəyir: Lord Howe adası belə gəldi, Queen Maud torpağı belə getdi.

62 yaşlı Jorie Roberts ABŞ-a məxsus Virgin adalarından olan vergi vəkilidir. O, TCC siyahısındakı 157 ölkədə olub. Alabamada böyüyüb başa çatan Jorie, Bill Ashley kimi uşaqlıqda xaricə getməyib.

17 yaşı olarkən bir müəllimi Avropaya tur təşkil edib - London, Dijon, Cenevrə, Roma. Həmin vaxtdan bəri o səyahət edir.

Klubun bir çox üzvləri kimi Jorie də siyahını tamamlamaq məntiqini bəyənmir və sevdiyi yerlərə yenidən baş çəkir. Məsələn, İranda 2 və Kubada 4 dəfə olub.

"50-ci illərin sonunda Che və Fidel ilə dağlarda yaşamış bir fotoqraf ilə də qarşılaşmışıq," o deyir.

"Fotoqrafda onların ağızlarında siqar nənnidə uzandıqları şəkilləri var idi."

TCC digər bir üzvü Scott Talan üçün yeni yerlər kəşf etmək hər şeydən əvvəl gəlir.

"Səyahətçilərin Yüzillik Klubu haqqında eşitməmişdən qabaq mən kifayət qədər gəzdiyimi düşünürdüm. Mənə elə gəlirdi ki, bəyəndiyim, ürəyimdə iz buraxan və yenidən qayıtmaq istədiyim yerlərə getmək bəs edər," o deyir.

"Misal üçün Yaponiyanın Kyoto şəhərində dörd dəfə olmuşam. Laos və Luanq Prabanqda təsəvvür edin ki, dörd gün saata baxmaq yadımdan çıxıb. Yenidən oralar qayıtmaq istəyirəm."

30 yaşı olarkən Scott, California-da yerləşən bir qəsəbənin meri olub, televiziya jurnalistinə çevrilib və hazırda Washington-da yerləşən Amerika Universitetində dosentdir."

"Səyahətlərim yeni yerlər və insanlar haqqında öyrənməyimə səbəb olur," o deyir.

"Məsələn, sinifimdə İndoneziyadan olduğunu deyən tələbəm varsa, ona oraya baş çəkdiyimi deyirəm və aramızda ani bağ yaranır."

TCC-nin Virginia-dakı Washington filialı

 

DLA Piper hüquq şirkətinin ortağı Jeffrey Houle, Washington filialının ərazi koordinatorudur. O, TCC siyahısındakı 151 yerdə və Antarktikada olub.

"Dünyamızı gözəlləşdirməyin yolu əlaqələr qurmaqdan keçir," 52 yaşlı Jeffrey deyir.

"Hamımız insanıq. Mədəniyyətlər, ölkələr, qitələr arasında daha çox əlaqələr qurmaqla qarşılıqlı anlayış yaratmaq olur."

Görüş sona yaxınlaşdıqca Jeffrey maraqlı məqalələrdən ibarət vərəqələr paylayır. Bəziləri hava milləri proqramları, bəziləri çətinliklə gedilən yerlər haqqındadır.

Onlardan biri Elon Musk-ın kosmos səyahəti planları haqqındadır. Bill Ashley gülümsəyir və bir nüsxə götürür. Hələ ki, Aya tətil paketi real səslənmir.

1940-cı illərdə Şimali Carolina-nın bir sinif otağındakı şagird Bill-in dünyanın hər bir tərəfini görmək şansı da real səslənmirdi.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR