Slimfit
  1. AZƏRBAYCAN

Gəncədə Görməli Olduğunuz Yerlər

Gəncədə Görməli Olduğunuz Yerlər
Sakura

Gəncədə Görməli Olduğunuz Yerlər

Azərbaycanın qədim mədəniyyət mərkəzi, Şeyx Nizami yurdu Gəncə bu gün əcnəbi qonaqların,yaxından-uzaqdan gələn turistlərin diqqətində olan, tarixi memarlıq abidələri ilə hər kəsdə maraq doğuran dünya səviyyəli cəlbedici məkana çevrilib. Həm füsunkar mənzərəsi,həm də möhtəşəm abidələri, görməli yerləri, yaşıllığa və gül-çiçəklərə qərq olmuş parkları, göydələnləri, xiyabanları ilə insanları valeh edən Gəncənin hər bir guşəsində, hər daşında qədim tariximizin silinməz izləri var.

Gəncənin diqqətçəkən görməli yerlərini sizə təqdim edirik:

1. Xan bağı


Xan bağı, (bir başqa adı isə Sərdar bağı) Gəncənin və Azərbaycanın ən gözəl və yaşıl parklarından biridir. Şəhərin mərkəzində yerləşir.

 

2. Şah Abbas Məscidi

 
Gəncəlilərin Cümə Məscidi də adlandırdığı Şah Abbas Məscidi 1606-cı ildə Şah Abbasın istəyi ilə inşa olunub. Məscidin memarı isə həmin dövrdə Gəncədə bir çox binanın memarı olan Şeyx Bahəddin Məhəmməd Amildir.


3. Nizami Məğbərəsi


Nizami Məğbərəsini Gəncə şəhərinin simvolu da hesab etmək olar. Şəhərin girişində, Əhmədli kəndində yerləşən Məğbərənin ilk inşası 13-14-cü əsrlərə aid edilir. Ancaq hazırda Gəncənin şərqində ucalan məğbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə isə yenilənib. Son illərdə Nizami Məğbərəsi əsaslı şəkildə bərpa olunaraq 35 hektar ərazidə şəhərcik yaradıb.


4. Cavadxan küçəsi


Cavadxan Gəncə tarixinin ən görkəmli şəxslərindən biri sayılır. Onun adına olan küçə isə şəhərin mərkəzi və qədim yerlərindən biridir.


5. Çökək Hamamı


Çökək hamam da 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Bu binanın tikintisində də Şah Abbas Məscidində olduğu kimi, yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından və qırmızı kərpicdən istifadə edilib.


6. “Butulka ev”


Gəncə mərkəzində ən diqqətçəkən binalardan biri 1960-1964-cü illərdə 50.000 şüşədən istifadə edilərək inşa olunub. Gəncəlilərin “butulka ev” adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.


7. Cavadxan küçəsində tarixi evlər


AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavadxan küçəsinin tarixi tikililərindəndir.


8. Səlim karvansarayı

 


Gəncənin Ağkənd ərazisində XIV’ə aid tarixi karvansara Elxanilər hökmdarı Əbu Səid Bahadur tərəfindən inşa olunub. Gəncəyə səyahət edənlər bu abidəni də görməli yerlər siyahısına əlavə etməlidir.


9. Göygöl


1139-cu ildə Gəncədə yaşanan zəlzələnin nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsmişdi. Bu təbiət hadisəsi Azərbaycanın ən gözəl yeri olan Göygölün yaranmasına səbəb oldu.


10. Maralgöl


Maralgöl də, Göygöl kimi eyni zəlzələ nəticəsində Murovdağın ətrafında yaranmış göllərdən biridir. Dərinliyi 60 metr olan göl yaşıl meşələrlə əhatə olunub.


11. Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi


Kompleksin inşasına 2012-ci ilin yanvarında başlanıb, 2014-cü ilin yanvarında başa çatıb. Tarixdən məlumdur ki Gəncə qalasının beş qapısı olub.Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Abidə kompleksin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.


12.”Zəfər Tağı”


Heydər Əliyev Mərkəzi yaxınlığında inşa edilən “Zəfər tağı” bir möcüzədir desək,yəqin ki, yanılmarıq. Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var. Meydançaya qalxmaq üçün pilləkənlər və lift quraşdırılıb.
Qurtuluşumuzun rəmzi olan “Zəfər Tağı” möhtəşəmli ilə maraq doğurur və ziyarətçilər də Gəncənin çox şərəfli mubarizə tarixini əks etdirir.


13. ”Nizami Gəncəvi” muzeyi


Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə Azərbaycanın və Qafqazın ən iri şəhəri, eyni zamanda,Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaradıb və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş edib.Onun xatirəsinə ucaldılmış Nizami Muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığı,dünya şöhrətli əsərləri haqqında zəngin eksponatlar nümayiş etdirilir.


14. "İmamzadə" dini memarlıq abidə kompleksi


Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Hazırda Azərbaycan ərazisində Naxçıvan, Şamaxı, Bərdə və Masallıda İmamzadə adlı ziyarətgahlar mövcuddur. Bu sahədə araşdırma aparmış bəzi tədqiqatçılara görə, Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır. Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə,ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.


15. “Gəncəçay” park-bulvar kompleksi


Park bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. İnşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Çayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilib. Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat Evi, Kitab Evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb.


16. “Uğurlu xan” karvansarayı


“Uğurlu xan” karvansarayı qədim memarlıq abidəsi olmaqla,tariximizin müəyyən dövrünü əks etdirir.Bir zamanlar ticarət mərkəzi olan və ipəkyolunun üzərində yerləşən Gəncəyə əcnəbi ölkələrdən saysız-hesabsız qonaqlar gələr, bu karvansarayda qalardılar.Karvansaray bir növ otel rolunu oynayırdı.

 

Müəllif: Tural İsaqov

Redaktə: Famil Ələkbərov

Mənbə: Ganjacity.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR