Slimfit
  1. TARİX

Ettore Rossinin Məhəmməd Əmin Rəsulzadə haqqında məqaləsi

Ettore Rossinin Məhəmməd Əmin Rəsulzadə haqqında məqaləsi
Sakura

Ettore Rossinin Məhəmməd Əmin Rəsulzadə haqqında məqaləsi

Ettore Rossinin (1894-1955) elmi fəaliyyəti ilə ilk dəfə “Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsinin italyanca müqəddiməsini oxuyarkən tanış olmuşdum. Sonralar, tələbəlik illərində də, elmi iş üzərində çalışanda da, uzun illər sovetlər dönəminin bəzi “maraqlı” arxivləırindən istifadə etmək imkanına malik olanda da, sovet şərqşünaslığının bu görkəmli türkoloqa olan bir qədər yad münasibətinin səbəblərini anlaya bilmirdim. Daha sonra, 2004 – cü ildə Ettore Rossinin 110 illiyi ilə əlaqədar xatirə məqaləsi üzərində işləyərkən,  məşhur italyan ərəbşünası Françesko Qabrielinin (1904 – 1990) 1955-ci ildə E.Rossinin  vəfatı münasibətilə yazdığı vida məqaləsi ilə tanış oldum. Bu mükəmməl və həssas yazının sonunda E.Rossinin əsərlərinin biblioqrafiyası verilmişdi. Məqalələr sırasında 1924-cü ildə çap olunmuş bir yazı xüsusilə diqqətimi çəkdi.  O vaxt, göstərdiyim səylərə baxmayaraq, həmin məqaləni əldə edə bilməsəm də, bu yaxınlarda internet vasitəsilə buna nail oldum. Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” və “Əsrimizin Siyavuşu” əsərlərinin təhlilinə və redaktoru olduğu “Yeni Qafqasya” dərgisinin fəaliyyətinə həsr olunmuş bu yazını oxuduqdan sonra, sovet senzurasının E.Rossiyə olan soyuq münasibətinin səbəblərini anladım. 1955-ci ildə ağır xəstəlikdən sonra 60 yaşında vəfat edən görkəmli türkoloq bu məqaləni 1924-cü ildə, türkologiyada ilk müstəqil addımlarını atarkən, Azərbaycan Cümhuriyyətinə və türk dövlətçiliyinə böyük sevgi, erməni riyakarlığına və bolşevik şovinizminə laqeyd qalmadan yazmışdı. E.Rossinin  bütün türkoloji fəaliyyəti bilavasitə Türkiyə ilə bağlı olub. Ancaq, onun yalnız “Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsini 150 min əlyazması və arxiv cildləri arasından tapıb üzə çıxarması Azərbaycan ədəbiyyatı qarşısında əvəzsiz  xidmət idi...
        “Azərbaycan Cümhuriyyəti” (I,1) və “ Əsrimizin Siyavuşu” ( I, 2) əsərlərinin təhlilinə  və “Yeni Qafqasya” dərgisinin fəaliyyətinə ( II ) həsr olunmuş iki yazının italyancadan tərcüməsini təqdim edirik;Məlum faktlardan ibarət çoxlu sayda qeydlərin ixtisarını məqsədəuyğun saydıq; Gənc türkoloqun ilkin dil təcrübəsi kimi, məqalədə bəzi söz və ifadə təhrifləri mövcuddur ( Şimalı Rusiyada - Şimalda, Rusiyada, zamanın bağbanı - zamanın qayçısı, kökünə - köksünə və s.); Fəsillərin nömrələnməsi müxtəlif rəqəmlərlə (rum və ərəb) verilmişdir. VI fəsil nömrələnməmişdir.Dırnaq içərisində verilmiş abzasla başlayan  mətn parçaları  əsərlərdən  sitatlardır.
        ... F.Qabrielinin E.Rossiyə həsr etdiyi vida məqaləsi isə bu sözlərlə bitirdi: “Bir ərəb məsəlində deyilir:  Ad-dunya hadith, fa-kun hadithan ğamila dh-dhikr  (Həyat bir hekayətdir, sən də xatirəsi gözəl bir hekayət ol). Sənin də həyat hekayətin gözəldir, dostum Ettore Rossi, çalışmalarının səxavətli zənginliyinə, məsləkinə və idealına olan sədaqətinə görə. Qoy sənin hekayətinin gözəlliyi daima var olsun, bizim həyatımızı yaxşılaşdırıb, dəyişdirməkdən ötrü... “Oriente Moderno”, XXXV, № 10, 1955, Ricordo di Ettore Rossi”.

Ettore ROSSİ

Qafqaz Azərbaycanı 
 anti-bolşevik  müsəlmanlarının 
nəşrləri ,
Oriente Moderno, IV, 1924


     Qafqazın bolşeviklər tərəfindən işğalından sonra (1920), etnik birliklərin bir çox milliyətçi liderləri, xüsusilə də Qafqaz müsəlmanları, rus inqilabı (1917) çabaları içərisində müstəqil həyat cəhdlərinə əminliklə xaricə mühacirət etdilər. Onlardan bir qrupu İstambulda məskunlaşaraq, Qafqaz müsəlmanları leyhinə və bolşevizmə qarşı təbliğata başladı. Təbliğat  bir sıra  nəşrlərdə özünü göstərirdi ki, təqdim olunan yazıda  bu barədə  məlumat verilir.
                                        
                                          I

                         “Milli Azərbaycan “ nəşriyyatının yayımları
           Toplu iki saydadır və ibarətdir:

           1. Azərbaycan Respublikası. Konstitusiyası və hazırkı vəziyyəti ( Azərbaycan Cümhuriyyəti; keyfiyyəti təşəkkülü və şimdiki vəziyyəti ; Azərbaycan Milli Şurasının keçmiş sədri Məhəmməd Əmin Rəsulzadənin əsəri.
           Məhəmməd Əmin Rəsulzadə türk yazarları arasında yeni şəxsiyyət deyil. Onun hələ müharibədən əvvəl (Birinci Dünya müharibəsi ,- C.C.) İstambul dərgiləri ilə iş birliyi vardı. O, panturançıların orqanı, tanınmış türk dərgisi olan“Türk yurdu”nda dərc olunurdu və ilk illərdə (1911-12) bu dərgidə onun “İran türkləri” başlığı altında məqalələri çap olunmuşdu. O, müharibədən əvvəlki illərdə islamçı dərgi olan “Sebil ür - Rəşad”da da fəaliyyət göstərmişdir. Haqqında söz açdığımız kitabla əlaqədar, onun barəsində  “Oriente Moderno”nun 1923 –cü il, III cild, səh. 102-103 də bəhs olunmuşdur. Türkiyədə türk ictimaiyyəti üçün yazarkən o, osmanlı türkcəsindən istifadə etmiş, ancaq giriş hissəsində üzürhaqlıq etməyi vacib bilmişdir ki, bir azərbaycanlı (azəri) ikən İstambul ədəbi dilindən (şiveyi-ədəbisindən) mükəmməl şəkildə istifadə edə bilmir.
       Kitab müəllifin əsərinə xoş sözlər həsr edən Hüseynzadə Əlinin (Əli bəy Hüseynzadənin – C.C.)  müqəddiməsi ilə açılır.
      Əsər giriş hissəsi ilə başlamaqla (səh.1- 9) , -  biz ora qayıdcayıq,  - 11  Fəsildən ibarətdir.
      Birinci Fəsildə  (səh.11-14) Azərbaycanın etnoqrafiyası tədqiq olunur və tarixinin xülasəsi verilir.                                                                           
     “Dünya müharibəsinə ( Birinci dünya müharibəsi,) qədərki rəsmi coqrafiyaya görə, Azərbaycan adı Təbrizə (qədim Tavris) və onun Şimali Rusiyada  (görünür Şimalda, Rusiyada - C.C.) yerləşən  ətraflarına verilirdi. Müharibədən və rus inqilabından sonra sözü gedən Azərbaycan Qafqazın cənub-şərqində, yuxarıda bəhs olunan Azərbaycanın şimalında yerləşməklə, paytaxtı Bakıdan ibarətdir”.
       “Azərbaycanın əhalisi milliyyət etibarı ilə türk, dininə görə müsəlman, təməl mədəniyyətinə görə  şərqlidir “.
       “Qismən Anadolu türkcəsinə bənzəyən bir şivədə danışan Azərbaycan türkü  müxtəlif yerlər və çeşidli dialektlər baxımından  məlum olan möhtəşəm türk  ağacının bir budağıdır”.
       “Azəri türklərinin yerləşdiyi ərazi ən qədim dövrlərdən türklər tərəfindən məskunlaşdırılmışdır. Bakı, Gəncə (Yelizavetpol), Şamaxı,  İrəvan, Təbriz, Marağa və digər əyalətlər, Muğan, Aran, Qarabağ və Qaradağ kimi bölgələr daima türk elinin oturağı və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər xırda və böyük hökumətlərə,   bir çox türk sülalələrinin hakimiyyətinə tabe idi”.
       “Atil (İtil,Volqa- C.C.) çayının Quzğun (Xəzər, - C.C.) dənizinə töküldüyü ərazidə böyük bir səltənətə sahib olan Xəzər türkləri eramızın 700-cü illərində Qalmıq səhrası və Qumıq sahili boyunca aşağı enərək Muğan çölünə yetişmişlər. Sonradan digər türk axınları onların ardınca getmişdir. Çingiz Xanın və Teymurun cəngavər köçəriləri görəndə ki, Kürün axarı və Arazın hövzəsi Ceyhunla Seyhuna bənzəyir,  oraları oturaq etmişdilər. Səlcuqilər zamanında isə bu ərazilər bütünlüklə türkləşmişdi”.
      “Səlcuqlardan sonra bu yerlər bir hökmdardan o birinə keçmiş, əksərən türk olmaqla müxtəlif sülalələrin idarəçiliyində qalmışdır. Onların da arasında 541-ci ildə  (1146-1147) Gəncədə Şəmsəddinlə (Şəmdsəddin Eldənizlə,- C.C.)  öz  müstəqilliyini elan edən Azərbaycan atabəylər sülaləsidir ki, hakimiyyəti 80 il sürmüşdür. Bu yerlərdə həmçinin Ağqoyunlu və Qaraqoyunlu türkmən sülalələri də hökmranlıq etmişlər”.
     “Yüz il öncə rus çarizmi tərəfindən varlıqlarına son qoyulan Dərbənd, Quba, Lənkəran, Şəki, Şirvan, Bakı, Qarabağ, Gəncə, İrəvan və Naxçıvan xanları Azərbaycan türk hökmdarları idi (səh. 11-13).”
     Rusiya ölkəni  heç də sakinləri tərəfindən müqavimət görmədən ələ keçirməmişdi; Gəncədə Cavad xanın qəhrəman qarşıdurması məşhur idi.
     II fəsil (səh. 15-34) “Milli mədəni oyanış”  adlanır və son əlli ildə ölkədə baş vermiş  yeniliklərlə bağlı məlumatlarla zəngindir.
     Azərbaycan fars ədəbiyyatının təsiri altında idi və uzun müddət farsları (farslaşmağı)  (səh.15) təqlid etməyə bilmirdi. “Koroğlu”, “Əsli və Kərəm” “Aşıq Qərib” kimi türk dastanları ilə ilk dəfə milli duyğuları vəsv edən şivə şairləri, aşıq  deyilənlər (cəmdə aşıqlar) vardı ki, insanların qəlbinə “Nuş Afərin”, “Fərhad və Şirin” kimi fars hekayərlərindən daha yaxın, daha əziz idilər.   
       Sonra, nəinki Azərbaycanın, hətta bütün türk dünyasının ilk böyük şairi Fizuli ilə birlikdə yazılı ədəbiyyat yarandı. O, şeir yazmağa farsca başlamış, sonra azəricə, Süleyman Bağdadı fəth etdikdən sonra isə osmanlıca yazmağa başlamışdı.
        “Azərbaycan ədəbiyyatı belə inkişaf etmişdir: öncə ədbiyyatçılar fars dilindən istifadə etmişlər. Xeyli müddət keçməli olmuşdu ki, Fizuli məktəbinin şairləri yerli ləhcədə  (azəricə) yazmağa başlasınlar.  Onların arasında Qövsini, Nəbatini, daha sonra Vaqifi, Seyid Əzimi, Ləlini, Racini göstərmək olar. Nəhayət, üçüncü dövr gəlir ki, qərb mədəniyyətinin təsiri altında müasir türk – osmanlı ədəbiyyatının osmanlı türkcəsində ( osmanlıca) yazmağa başlayırlar.Qismən rus, qismən də osmanlı  təsiri görən bu şairlər arasında  Əbdülsəlimzadə Məhəmməd Hadi, Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Səhhət, Müznib və  b. vardı (səh. 19).”
        Əvvəlcə rus təhsili yerli müəllimlərlə (mirzələrlə) təzad təşkil edirdi. Sonra camaat başa düşdü ki, yerli müəllimlər (mirzə) qədər olduğu tək, rus müəllimindən  (rusca uçitel) də mənfəətlənmək olar və bunun ardınca ölkənin mədəniyyəti və sivilizasiyası üçün transformasiya dövrü başlandı.
         Həmçinin milli teatr da yarandı.
         “Bundan əlli-altmış il öncə Azərbaycan ədəbiyyatının təməli qoyuldu. Teatr ədəbiyyatı şərq mədəniyyətinin gözəl bilicisi, rus dili vasitəsilə hətta Qərb mədəniyyətlərində də  tərcümə olunan  Mirzə Fətəli Axundzadə ilə başlayaraq, Nəcəf Bəy Vəzirov, Əbdürrəhim Haqverdiyev, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Cəlil  Məmmədquluzadə kimi yazıçılarla davam etdirildi”.

Musiqi və musiqili teatr da Azərbaycanda tanınmış ifaçıları üzə çıxartdı. Azərbaycan opera və operettaları Qafqazda, İranda və İstambulda təqdim olundu.
         Ədəbiyyatın və sənətin oyanışı ilə eyni zamanda çap işi də yayılmağa başladı. 1905 – ci ildə vəfatı ilə əlaqədar bütün Azərbaycan xalqının hüzn yaşadığı Həsən Bəy Məlikzadə Zərdabi 1875 ci ildə ilk qəzetin - “Əkinçi”nin əsasını qoydu. Qəzet 1877-ci ildə, rus-türk müharibəsi zamanı hökumətə qarşı hücumlar dərc etdiyinə görə ləğv olundu.
         Sonra, 1870 –ci ildə bağlanan “Ziyai Qafqaz” və 1891 –ci ilə qədər çap olunan  “Kəşkül” qəzetləri fəaliyyətlərini davam elətdirdilər. Bir müddət fasilədən sonra 1903-04 cü illərdə “Şərqi Rus” yarandı. 1905 –ci il Rus inqilabının ardınca jurnalistika sahəsində də milli dirçəliş baş qaldırdı. Müharibə ərəfəsində, 1914-cü ildə Bakıda türk dilində iki: “ İqbal “ ,“Sədayi - Həqq” və rusca “Kaspi” gündəlik qəzetləri çıxırdı.
         Müharibə vaxtı Məhəmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetini təsis edir. Dövri mətbuat satirik və yumoristik “Molla Nəsrəddin” və osmanlı ədəbiyyatı yolu ilə gedən “Füyuzat” ədəbi jurnalı ilə təmsil olunurdu (səh.23-24). 
         Bakıda və ölkənin daxilindəki bir çox birliklər kitab, jurnal və məktəblər vasitəsi ilə mədəniyyət və təhsil yayırdılar.
         Məxsusi olaraq varlı müsəlman ticarətçilərinin  maliyyəsi ilə  saxlanılan çoxlu sayda müəssisələrin dəstəklədiyi, tərəqqi etməkdə olan “Müsəlman xeyriyyə cəmiyyəti” mövcud idi. Bunlar “Səadət”, “Nicat” , “Nəşri məarif” və “Səfa” təşkilatları idi.
        O, elə bir ümumi yenilik yaratdı ki, bu, Rusiya, İran və Türkistan arşındakı münasib coğrafi  şəraitinə, Bakı limanının imkanlarına və neft quyularına  minnətdarən ölkənin iqtisadi inkişafında  da özünü göstərdi.
        Müharibədən öncə mətbuatdakı ən ardıcıl mövzular bunlar idi:
        1.yeni üsullar məsələsi; söhbət tədris metodlarının və proqramların islahatından  gedirdi;
        2. yeni məktəblərin açılması, kəndlərdəki və məsçidlərdəki fars məkrəblərinin türkcə məktəblərlə və müasir sistemlərlə əvəzlənməsi;
        3. hökumət məktəblərində türk dilinin tədrisini tələb etmək;
        4. ruhani idarələrinin (idareye ruhaniyye) və ovqaf  administrasiyasının müsəlman əhalisi tərəfindən seçilmiş üləma və məmurlarla əvəz olunması kampaniyası. Bu, bütün Rusiya müsəlmanları üçün vacib problem idi. Azərbaycan türkləri islam birliyini təşviq etmək üçün həddən artıq çalışır  və türk hökumətindən sünnü və şiə təriqətlərinin birliyini  tələb edirdi; bu məsələ 1905 ci ildə Transqafqaziya Qubernatorluğunda və İslam Konfranslarında da təkrarən qaldırılmışdı;
        5.  xeyriyyə və bilik yayımları birliklərinin yaradılması;
        6. müsəlman namizədlərin bələdiyyə idarəetməsinə və rus Dumasına seçilməsindəki  zorakılığa qarşı kampaniya;
        7. müsəlmanlara da digər həmvətənlilərinin malik olduğu milli, siyasi və vətəndaş hüquqlarının verilməsi kampaniyası.
        Avropa müharibəsi (Birinci dünya müharibəsi) başlamazdan öncə Azərbaycanda  Musavat partiyası yarandı. O, 1912-ci il Balkan müharibəsi zamanı,  müəllifin dediyi kimi, rus şovinizmi türklərə və bütün türk dünyasına qarşı ən sərt kompaniya apararkən və 1905 – ci il inqilabından sonra Rusiyada irtica duyulmağa başlayanda üzə çıxdı. “Bu zaman, çoxlarının 1905 –ci il dərnəklərində təcrübə keçmiş  gənclər gizlin siyasi təşkilat yaratdılar. O, Rusiya türkləri üçün ruslarla bərabər hüquqlar tələb edir, eyni zamanda bütün türk və müsəlman dünyasının azadlığına ümid bəsləyirdi. Bu təşkilatın idealı millətlər arasında hüquqların tam bərabərliyi idi. Buna görə də o Musavat adını götürmüşdü.
       III fəsildə (səh. 35 – 52) bolşevik rejiminin gəlişinədək Avropa müharibəsinin və növbəti rus inqilabının (1917) olayları şərh olunur. Müharibə  xalqların ədalət, bərabərlik və azadlıq idealları naminə çıxış edən  qüvvələr tərəfindən elan olunmuşdu. Və azərbaycanlılar da onda bu duyğularla iştirak edirdilər; müharibə milli ideyanı yenidən alovlandırmışdı.
       1917-ci il inqilabı baş verəndə əskərlər xəndəkləri tərk edərkən, Rusiyanın dağınıq etnik birlikləri isə assambleyalarda və müvəqqəti hökumətlərdə birləşərkən, Qafqaz müsəlmanları da 1917 –ci il aprelin 15 –də  Bakı qurultayında  toplaşaraq qərar qəbul etdilər:
       “I-ci. Qafqaz müsəlmanlarının birinci qurultayı milli siyası məsələyə baxdıqdan sonra, Rusiyada müsəlmanların maraqlarına daha yaxşı təminat verə biləcək hökumət konstitusiyası kimi, federativ respublika quruluşunu qəbul etməyi qərara alır”.
        “2-ci. Bütün müsəlmanların sivil və mənəvi birliyi baxımından Qafqaz müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının  leqitimləşdirilməsi üçün səlahiyyətləri olan  bir təşkilatın   yaradılmasını vacib sayır”, (səh.37).
        Həmin ilin mayında Moskvada minlərlə müşaiyyətçinin iştirakı ilə Ümumrusiya müsəlmanlarının Qurultayı keçirilərək, vahid gündəliklə təsdiqləndi. Bu arada Rusiya federasiyasındakı muxtariyyətli hökmətlərin konstitusiyasına təmayüllü olan başqa bir hərəkat özünə yol açırdı. Bu hərəkat Azərbaycanda güclü idi. Ancaq, dərhal bolşevik inqilabı baş verdi və bütün ümidləri puç etdi. 1917-ci ilin oktyabrında Qafqazdakı  keçmiş “Transqafqaz Komitəsi”ni əvəz edən “Transqafqaziya seymi” camaatın razılığını toplayaraq formalaşırkən, fəhlələr paytaxtı Bakı, Petroqrad bolşeviklərinin razılığı ilə idarə olunan inqilabi Sovetin beşiyinə çevrilirdi. “Transqafqaziya seym”i ilə Bakı Soveti arasındakı münasibətlər yaxşı deyildi. Bakı Soveti, Seymin direktivlərinə riayət edən “Musavat” a qarşı çıxırdı. Bakı inqilabçılarının sıralarında çoxlu erməni vardı. Və müəllifin fikrincə, məhz bu təmayüllərin qarşıdurmasından 1918 –ci il martın 18-dən 21 -ə dək Bakıda müsəlman qırğınları baş vermişdi (səh.48).
         Sonra Qafqaz müsəlmanları öz ümidlərini Türkiyəyə yönəltdilər və onların nümayəndələri 1918-ci ilin mayında  Batumda türk emissarları ilə görüşdü. Danışıqların çox uzandığını görən və guya Qafqaz xalqlarına himayədarlıq etdiyini göstərsə də, əslində Sovetlərlə razılaşan Almaniyadan şübhələnməyə başlayan Gürcüstan öz muxtariyyətini elan etdi. Azərbaycan da eyni cür hərəkət etdi, öz Milli Şurasını yaratdı və onun başçısı, bu kitabın müəllifi Məhəmməd Əmin Rəsulzadə türklərlə dostluq müqaviləsi imzalamaqdan ötrü Batuma göndərildi (4 iyin 1918).  Bakı ruslar tərəfindən zəbt olunduğundan, Gəncədə Fətəli Xanın başçılıq etdiyi nazirlər kabineti yaradıldı. Milli müdafiə üçün ordu təşkil etmək, bunu Türk generalı Nuru Paşanın hərbi hissələrinin köməkliyi ilə yaratmaq barədə də düşünülürdü. İlk vaxtlar Bakını almaq mümkün deyildi, çünki inqilabçılar İranda yerləşən ingilislərdən kömək istəmişdilər. 1918 - ci ilin avqustunda bir dəstə ingilis gəmidə Bakıya yan aldı. Ancaq, qarşıdakı ilin sentyabrında şəhər türklərlə müttəfiq olan azərbaycanlılar tərəfindən geri alındı ( səh.66).
      4-cü Fəsil.”Mudros atəşkəsinin nəticələri”. Müharibə bitdikdən sonra Türkiyə Mudros atəşkəsi ilə dayandırıldı, türk ordusu Bakını və bütün regionu bolşevik repressiyaları qorxusunun sonsuz həyəcanları  içərisində qoyaraq, şəhəri tərk etdi. 1918 –ci ilin oktyabrında ingilislər yenidən Bakıya daxil oldular.
      5-ci Fəsil. “Nümayəndələr palatası;  fəaliyyəti”
       1918 – ci ilin sonunda  Azərbaycan ərazisində yaşayan rus və erməni azlıqlarının iştirakı ilə Nümayəndələr palatası seçildi.  Fətəli Xanın başçılıqı ilə müttəfiq qüvvələrdən tanış olan Yeni hökumət yaradıldı. Əli Bəy Topçubaşov sədr olmaqla, Əhməd Bəy Ağa oğlu və Şeyxül - İslam Əkbər Ağazadə, heyət üzvləri kimi,  Versal Konqresinə (1918) göndərildi (səh.77).
      ( VI Fəsil. Müəllif tərəfindən nömrələnməmişdir –C.C).  Parlament 85 deputatdan formalaşdırılmışdı, onlardan 10 erməni, 5 rus, 5 müxtəlif millətlərdən, ümumilikdə 20 qeyri - müsəlman; yerdə qalan 65 müsəlman, bir neçəsi istisna olmaqla, türk irqinə məxsus idi. Partiya etibarı ilə 27 deputat Musavat partiyasına, 6 neytral qrupa, 11 İttihad partiyasına, 10 sosialistlər fraksiyasına, 7 Əhrara, 3 Müstəqillər qrupuna məxsus idi. Musavat partiyasının tərəfdarları millətpərəst türklər idi, İttihaddan olanlar panislamist proqrama riayət edirdilər, sosialistlər sosialist-demokrat  (menşeviklər) və xalqçı sosialistlər  arasında  bölünmüşdülər.
         1919-cu ilin aprelində hökumət böhranı  Fətəli xanın istefasına və Nəsib Bəyin vərasətinə gətirib çıxartdı ki, bir qədər sonra o, Kabinetdə İttihad partiyasının tərəftarlarının iştirakı ilə dəyişikliklər apardı. 17 ay ( 1918-1919) muxtariyyət zamanı Azərbaycan hökuməti türkcə tədris üzərində təkid edərək, təhsilin yayılmasına böyük səy göstərdi, nəqliyyat və rabitəni fəallaşdıraraq, ölkənin iqtisadi tərəqqisini təşviq etdi.
       Ancaq daxildə ( VII Fəsil) işlər cox da yaxşı getmirdi. Erməni qiyamları və bolşevik fitnəkarlığı ilə təşviqat işləri aparılırdı.  Denikinin və Vrangelin məğlubiyyəti davam edirdi (VIII Fəsil).1920 - ci ilin mayında  qırmızı qoşunlar Bakıya daxil olaraq, Çekanın və ya siyasi məxfi polisin tribunalını  təsis etdi, hər hansı bir çevriliş cəhdi şiddətlə yatırılırdı. Nərimanovun başçılığı ilə kommunist hökuməti quruldu.
      Sonradan (IX Fəsil) erməni Respublikası ( 1920 noyabr) və Gürcüstan da ( 1921 fevral)  işğal edildi. 1921 –ci ilin noyabrında isə  Qafqaz Respublikaları  Federasiyası  ( Zaqfederasiya - C.C.) elan olundu. 1922-ci ilin noyabrında Moskvada  bütün Sovetlərin və Rusiyanın bütün kommunist respublikalarının ittifaqı təsbit olundu. Azərbaycanın və digər Qafqaz dövlətlərinin qısa müstəqillik dövrü beləcə qapandı. 
       Ölkənin  1923 – cü ildəki vəziyyətini analiz edən müəllif qeyd edir ki, zahirən Azərbaycan ildə bir dəfə çağırılan sovetlər qurultayının seçmiş olduğu komitənin təklifi ilə bir qrup komisar tərəfindən idarə olunurdu. Sovetlər kəndli və fəhlələrdən ibarət idi, ancaq bir fəhlənin səsi iki sayılırdı.
       Fəhlələrdən, dənizçilərdən və işğalçı rus ordusunun əsgərlərindən ibarət olan Bakı Soveti, komissarların fəaliyyətinə nəzarət edirdi. Sovet, Qarilov adlı bir nəfər rusun təsiri altında olduğundan, hökumət, demək olar ki, rusun əlində idi.Yerli azərbaycan ordusu 3-4 min nəfər ikən, işğalçı rus ordusu müxtəlif diviziyalardan təşkil olunmuşdu. 1923-cü ildə Azərbaycanın xaricdə iki nümayəndəsi vardı, Moskvada və Anqorada (Ankarada, - C.C.), ancaq bu yalnız formal nümayəndəlik idi.
        Rusiya kommunist partiyası Bakı şöbəsinin baş katibi, Kirov adlı bir rus Azərbaycanın həqiqi diktatoru idi.  Ölkənin təbii sərvətləri onlardan öz mənfəəti üçün istifadə edən Moskvanın nəzarəti altında idi. Türk mədəniyyətinə və türk təhsilinə qarşı  israrlı və müntəzəm bir müharibə  aparılırdı, o dərəcədə ki, Sovetdən olan həmin Nərimanov rus qəzeti “Bakinski raboçi”də  və türkcə “Kommunist”də  yazırdı: “Bakının fəhlə və kəndliləri  bir qədər narazılıqla olsa da, öz siyasi hüquqlarına, ərazi bütövlüklərinə və iqtisadi maraqlarına  etinasız yanaşa bilərlər, ancaq öz dillərini heç kimə fəda etməzlər” (səh. 145)
      X Fəsildə müəllif “qırmızı imperializmdən” bəhs edərək faktlarla sübuta yetirməyə çalışır ki, bolşevik imperializmi daha sərt barışmazlıq və metodiki şəkildə qeyri - milliləşdirmə  (denasionalize etmə) iş üsulu ilə Çar imperializminin normalarını və yollarını davam etdirir.
        Ancaq, “Müstəqillik idealı”, ( I I fəsil ) talesiz olaylara rəqmən -  yaşayır, - deyə Məhəmməd Əmin Rəsulzadə əlavə edir.  Və bu anlamda haqlı olaraq məhz o natiq danışırdı ki, Deputatlar platasının birinci sessiyasını (1919)  açıq elan edərkən demişdi: 
      “Bir kərə yüksələn bayraq bir daha enməz” (səh. 160)
       Əsər, mahiyyəti etibarı ilə, Azərbaycan mühacirətinin  Bakıdakı rus bolşevizminə və Sovetlərə qarşı iman və etiraz fəryadı, eyni zamanda türk həmrəyliyinə bir çağırış idi. Artıq, girişdə, səh. 8, müəllif Azərbaycanı “Böyük Türkiyənin” bacısı kimi “Kiçik Türkiyə” adlandırır. Kitabı tamamlayarkən  o, təsdiqləyir: “Azərbaycan duyur və anlayır ki, acı bir talesizliyə dözməlidir, ancaq o, bu tarixi zərurətlə barışsa da, qəlbən arzulayır ki, milli müqaviləsi (“misaq-i millisi” – C.C.) ilə nəinki özü, hətta bütün şərqlilər üçün insan haqlarını car çəkən Yeni Türkiyə müasir Rusiya imperializmini onun qızıl sözləri ilə yox, qara işləri ilə də təqdir edəcək (səh.163)”
       Artıq, bir türk yazarının, bu gün Maqnesiyadan (Manisadan, - C.C.) deputat olan Yaqub Qədrinin Məhəmməd Əminin kitabına necə cavab verdiyini bilirik (“Oriente Moderno” III, iyul 1923, səh. 102-103). Türk millətçiliyi xüsusilə öz mövcudluğunu təmin etməklə məşğuldur. Bununla belə, İstambulda Türkiyənin sərhədlərindən kənarda yaşayan türk millətçilərinin leyhinə  söylənmiş bu təbliğatın effekti elə də az olmamalıdır. Məqsədinə xidmət edən hər bir şeydən bəhrələnən Anqora (Ankara) hökuməti isə əlbəttə ki, bu cür kitabların yayılmasının əleyhinə deyil.

2. Əsrimizin Siyavuşu. Azərbaycanın faciəvi tarixi ilə bir müqayisə. Həmçinin, Azərbaycan Milli Şurasının keçmiş sədri Məhəmməd Əmin Rəsulzadənin əsəridir.
       Əsər siyasi-ədəbi bir ekskursdur. Müəllif nağıl edir ki, 1920 –ci ildə Bakının bolşeviklər tərəfindən işğalından bir qədər sonra (may ayında), Gürcüstana səfər edir. Lahıcda qonaq qaldığı bir dostunun kitabxanasında Firdovsinin “Şahnamə” əsərini yenidən mütaliə etməyə başlayır. Ona daha çox təsir edən epizod məhz həmin Siyavuşla bağlı olur və o, “Əsrimizin Siyavuşu”nu yazmağı qərara alır. Ancaq işini yarımçıq qoymalı olur, yazdıqlarının bir surətini evində qaldığı kəndliyə verib, bolşeviklər tərəfindən axtarıldığına görə daima yerini dəyişərək, yoluna davam edir. Öncə Rusiyaya, oradan Finlandiyaya, nəhayət,  İstambula gəlib çıxır. Səyahət zamanı özü ilə apardığı nüsxəni itirir, ancaq kəndliyə əmanət qoyduğu surəti geri ala bildiyindən, əsəri çap etdirə bilir ( səh. 7-9).
         Öncə yazıçı Siyavuş əfsanəsini “Şahnamə”də olduğu kimi nağıl edir. İran şahı Kavusun Turan şah ailəsindən olan bir qızla izdivacında doğulmuş Siyavuş, atasının səltənətində böyüyür və onu yoldan çıxarmağa çalışan şahbanu Südabəyə müqavimət göstərir. Tam yetkinlik yaşına çatanda turanlılara qarşı müharibədə İran ordusuna komandanlıq edərək, turanlılara qalib gəlir. Sonra onu sülh bağlamağa dəvət edən Turan şahı Əfrasiyabın təklifini qəbul edir. Siyavuş atasının razılığını gözləyir, ancaq atası  qəzəblənərək hər hansı bir sülh təklifini rədd etdiyindən o, verdiyi sözü yerə salmaqdansa, düşmən ərazisinə keçməyi üstün tutur. Turanlıların ölkəsində hörmət və izzətlə yaşayır, düşmən şahının qonağı ikən, şah öz qızı Firəngizi ona ərə verir. Ancaq, şahın qardaşı ona nifrət bəsləyir, onu hər şeydə ittiham edib, pis qələmə vermək istəyir və nəhayət, öldürtməyi bacarır. Firəngiz Xosrov adlı bir uşaq dünyaya gətirir, onunla İrana getməyə nail olur, Xosrov orada şah seçilərək, turanlılarla uzun-uzadı müharibələr aparır ki, bu da  Əfrasiyabın ölümü ilə sonuclanır.
        Müəllifin kitabına verdiyi bu qəribə başlığa necə haqq qazandıracağını söyləmək asan deyil, necə ki, bu qədim əfsanə də, müasir hadisələr də bu qədər mürəkkəbdir.  Mahiyyətcə, Məhəmməd Əmin Rəsulzadə  Siyavuş əfsanəsini bir rəmz kimi nəzərdən keçirir.  “Əsrimizin Siyavuşu” - Azərbaycan Respublikası, onun qatili Əfrasiyab isə Rusiyanın bolşevik hökumətidir. Bu rəmzlər ətrafında heç də az dolaşıq olmayan digərləri var: Türkiyə - ərinə sadiq Firəngiz, fars üləması isə - yoldan çıxaran qadın Südabədir.
        Bu cür xəyallar üzərində dayanmağına dəyməzdi, əgər istər bilim adamlarının, istərsə də siyasətçilərin şüurunda onun xarici anlamını  üstələyən daxili mənası olmasaydı. Müasir türk ədəbiyyatında fantastik-rəmzi kitablar yenilik deyil. Bunu Xalidə Ədib Xanımın “Yeni Turan” və ya Ziya Gökalpın “Qızıl alma”əsərində də da görmək olar.
        Fikirlərimi təsdiqləmək üçün kitabdan kiçik bir parçanın tərcüməsini verirəm.
       “Rus işğalından sonra Azərbaycan müsəlmanlarında dini-mədəni bir oyanış baş verdi. Onlar ilk dəfə idi ki, sünnü və şiələr arasındakı münaqişənin səbəblərini yumşaltmağa çalışırdılar. Ancaq retroqrad fars üləması və yenilik düşmənləri bu xalqın duyğularını başa düşə bilmirdi”.
       “Zəmanəmizin (yəni Azərbaycanın) Siyavuşu üçün İrandan Türkiyəyə qaçmaqdan savayı özgə bir çarə qalmırdı”.
       “ Türkiyə Vyana  divarlarına qədər gedib çıxmış müharibədən usanmışdı. O görürdü ki, artıq, ulduzu dəyişmiş və İstambul divarlarına söykənərək, Əfrasiyab kimi, bir röyadadır (cümləni olduğu kimi tərcümə etmişik C.C.). Zamanın təfsirçiləri olan istedadlı siyasətçilər və bilikli sosioloqlar bu röyanı açıqlayıb ona demişdilər  (əsərin orijinalında: Əfrasiyaba bilikli sosioloqlar təqbir edərək özünə demişdilər ki... C.C.) : sənin istiqbalın artıq, Qərbdə deyil, Şərqdədir. Sən öz kökündən uzaqlaşdığına görə zamanın bağbanı sənin gövdədən uzağa gedən budaqlarını kəsir ki, öz mühitində və öz kökün üstündə təbiicəsinə yaşarasan. Sənin istiqbalın Avropa Türkiyəsində,  Hicazda,  İraqda deyil, - Türkistandadır;  bil ki, yolunun üstündə, əski Turanın göbəyində  Azərbaycan adlı bir cavan (xalq) var. Yeni Turanın açarı ondadır. Ancaq Tanrı istəmir ki, sən qarşıdurma  yaranmasına imkan verəsən. Tanrı istəmir ki, sən onun könlünü qıraraq, özünün bütün arzularını puç edib, taxtını bərbad edəcək bir bədbəxtçilik qazanasan”.
        “ Bu röyanın qarşısında Türkiyə qorxu ilə ümid arasında qalmışdı. Və onda sığınacaq axtaran Azərbaycanı o bir bəxşiş, öz idealı üçün bir təşəkkür kimi qəbul etdi”.
        “Yeni Azərbaycan Türk Yurdu və Türk Ocağı tərəfindən layiqincə qarşılandı. Şairlər onun zövq və alicənablığını mədh etdilər. Onunçün “Altun dastan” yazdılar, peyğəmbərlik etdilər ki, ...( yeri boş qalmış ifadə: Turanın “İsmi-Əzəmi” olan – C.C.) qızıl almanı tapmış Tomris Xanım, Bakıdan təşrif gətirəcək”.
        “Mütəfəkkirlər ruhunu cilalandırdılar. Söylədilər ki, İstambul neçə əsrlərə və tarixlərə bağlı olduğundan, heç də asan olmayacaq islahatlar keçirmək üçün daha azad bir mühit lazımdır ki, bu Azərbaycanda daha əlverişli olsun.  Qızıl neft quyuları və təbii sərvətlərlə  zəngin olan  bu ölkə böyük bir tərəqqiyə yetişəcəkdir ”.
      “Azərbaycan gəncləri ehtiras və təmiz niyyətlərlə türk ustadlarını tələbəsi oldu. Çox keçmədi ki, Namiq Kamal - Məhəmməd Hadini, Əbdül Haqq Hamid - Hüseyn Cavidi, Məhəmməd Əmin isə Əhməd Cavadı oğulluğa qəbul etdi”.
     “Azərbaycan məfkurəsi  milli Türk məfkurəsi ilə izdivac etdi. Yeni Azərbaycan  utanmaz  Südabənin  ehtiraslı  istəklerindən azad olaraq, özünü iffətli Firəngizin (yəni Türkiyənin)  vüsal hərəminə atıb,  xoşbəxt yaşadı”.
      Daha sonra 1917-1920 - ci illərin hadisələri gəlir, orada əfsanəvi müqayisələr əlavə olunmaqla, öncəki kitabda baş vermiş olaylar bir daha nəzərdən keçirilir. 
       
     “Yeni Qafqasya” dərgisi,  - “ikihəftəlik, ədəbi, ictimai-siyasi və millətpərvər”.
      İlk nömrəsi 26 sentyabr 1923 – cü ildə çıxmışdır.
      Redaktoru, adı göstərilməsə də, yuxarıda əsərləri nəzərdən keçirilən Məhəmməd Əmin Rəsulzadə olmalıdır. 3-cü nömrədən başlayaraq (1 noyabr 1923) - “azəri yazarlarının işbirliyi ilə” altyazısı oxunmaqdadır.
     Dərginin obyekti hər nömrəni müşaiyyət edən aşağıdakı elanla açıqlanır:
     “Yeni Qafqasya”yalnız Qafqazla məhdudlaşmır o, imkanları daxilində, bütün Şərqə, xüsusilə də xarıcdəki türklərin vəziyyətinə dair xəbərlər verməyə çalışır. Bizim dərginin Azərbaycanda, Gürcüstanda, Dağıstanda və İranda xüsusi müxbirləri var, o həmçinin Şərqdəki Volqa boyu, Krım, Əfqanıstan və Türkistan türkləri və müsəlman xalqları barədə məlumat almaq iqtidarındadır.
      Dərgi, xəbərləri açıq-aydın anti-bolşevik yönəmli olduğundan, həmişə etibarlı olmasa da, maraqlıdır. 
     1923-cü ilin 26 sentyabrından, 1924 –cü ilin 28 aprelinə qədər 15 nömrəsi çap olunmuşdur. Qafqazdakı ( Ermənistan, Acarıstan, Gütcüstan, Azərbaycan, Dağıstan), olaylarla, ilk növbədə bolşevik zorakılıqları ilə bağlı xəbərlərə xüsusi əhəmiyyət verilir. İran və Türkistan barəsində də həmçinin  bol-bol məqalələr dərc olunur,  rus qəzetləri ilə polemikalar aparılır,  xüsusilə də “Pravda” ya qarşı.
      Azərbaycana qaldıqda, dərgi artıq Oriente Modernoda elan edilmiş  xəbərlərin şərhini verir. Bu qəbildən o, rusların Azərbaycana emiqrasiyasını, Muğan düzündə rus kolonizasiya siyasətini tənqid atəşinə tutur.  Bolşevik rejimi altında mədəni hərəkatın və  təhsilin vəziyyəti barədə xəbərlər xüsusilə diqqəti çəkir (11,12 –ci nömrələr).
     Həqiqətən də, bir Azərbaycan  irredentizmi ( italyanca irredento  – geri alınmamış, azad edilməmiş – C.C.) barədə danışmaq olar. Həmin “Yeni Qafqasya“ bolşeviklərin Azərbaycana soxulması (1920) -  28 aprellə əlaqədar, digər yazılarla yanaşı, türk milliyyətçi dərgisi İstiqbalın redaktoru Abdulla Cövdətin və bu gün Bölidən (Boludan, - C.C.) deputat olan Falih Rifqinin, redaktoru olduğu “Axşam” qəzetində, ötən il eyni münasibətlə işıq üzü görmüş məqaləsinin də yer aldığı xüsusi nömrə çap edir. Onların hər ikisi arzu edir ki, Türkiyə öz müstəqilliyini qazandığı kimi, Azərbaycan da tezliklə xoşbəxt bir tarix qeyd edərək, 1920 ci ilin kədərli 28 aprel ildönümünü unutsun.
      İranda, Qəzvində yaşayan Gül Təkin imzalı bir azərbaycanlı şair bu dərgidə Vətənim və eşqim adlı vətənsevər şeirini çap etdirir; tərcüməsini verirəm:

“O gözəl üfüq çevrələndi qırmızı bir çənbərlə;
mənsə daima acılar və sıxıntılar içində.
Dayanmışam intizarında o batan günəşin,
yeganə bir şeyin ki, doğa bilər ruhuma mənim.       
Həzin bir pərdə bürüyürür niskilli qəlbimi,
rəngdən rəngə girərək füsunkar təpələr üstə.
Ehey, Ay, görün tutğun üfüqlərdən, bir çıraq yandır ki,
faş etsin aləmə bu od tutan torpağı.
Torpağı  ki,  türkündür yaranışından və indi  –
zülmə  düçardır  rusların əlində!
Ey yurdumun üstündə titrəyən kölgə,
bil ki, bir gün sən də varsan ölümçün,
O gün ki, bürüdün sevgili yurdumu mənim, 
süngün sancıldı tariximin kökünə.   
Mən unutsam da sənin  yaptığın  bu vəhşəti,
tarix ötürəcək onu nəsillərdən nəsillərə.
Məni toplarla, tüfənglərlə qorxutmağa səy etmə,
unutma nişan aldığın bu ürəyi də.
Cismim  tərk etsə də bu həyatı, imanımı məhv edə bilməzsən -
get, sığın  dəmir hisarlar arxasına.
Sevmək günahsa , mən - günahkaram; 
aşiqəm; məşuqəm  - əziz vətənim,
Suçluyamsa əgər, günahkar - eşqimdir.
Bacarırsan, ey düşmən,  gəl qır eşqimi mənim”  

 

İtalyan dilindən tərcümə edən:   Cəmşid Cəmşidov

 

Mənbə: Avanqard.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR