Çində kommersiya məqsədi ilə ilk 5G lisenziyaları verilib
Çində 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə kommersiya xidmətlərinin göstərilməsi üçün ilk lisenziyalar verilib.
AZƏRTAC xəbər verir ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin mobil rabitə operatorları olan "China Mobile", "China Telecom" və "China Unicom"a, habelə "China Broadcasting Network"a müvafiq lisenziyaları təqdim edib.
Nazirliyin bir neçə gün əvvəl yaydığı məlumatda deyilirdi ki, Çində 5G şəbəkəsinin yaradılması istiqamətində aparılmış işlər uğurla başa çatıb və şəbəkə istifadəyə tam hazırdır. Artıq "Nokia", "Ericsson", "Qualcomm" kimi şirkətlərin iştirakı ilə texniki testlər də aparılıb.
Qeyd edək ki, 5G şəbəkəsində məlumatların ötürülməsi sürəti 4G-dən ən azı 10 dəfə çoxdur. Yeni nəsil mobil rabitə şəbəkəsi süni intellekt, virtual reallıq kimi texnologiyalar, pilotsuz nəqliyyat vasitələri, 3D-çap, daşınan qurğular və s. qabaqcıl sahələr üçün yeni imkanlar açır. 5G xidməti istənilən vaxt və istənilən yerdə heç bir ləngimə olmadan 4K çəkilişi ilə real vaxt rejimində video yayımlamağa imkan verir.
Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Cari il ərzində isə bu xərclər 5 milyard dollara çatacaq. İl ərzində "China mobile" 50 minə yaxın, "China Telecom" isə 20 min baza stansiyası quraşdırmağı hədəfləyib. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifdəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət