Slimfit
  1. AZƏRBAYCAN

Bu ailə evini də özü ilə birgə gəzdirir

Bu ailə evini də özü ilə birgə gəzdirir
Sakura

Bu ailə evini də özü ilə birgə gəzdirir

Hər kəsin uşaqlıq xəyalları olur. Ancaq çox az insan o xəyallarının ardınca gedir.

Nəzər Quliyev isə elə onlardandır. Xəyalı karvanla səyahət etmək olub və artıq 2 ildir ki, bunu reallığa çevirib.

Hər zaman xarici mətbuatda oxumağa öyrəşdiyimiz bu səyahət növünün ölkəmizdə də tətbiq olunduğunu biləndə biz də “Qafqazinfo” olaraq bir günlük ailə başçısı Nəzər bəyin xəyalına ortaq olmaq istədik.

Məkanı seçib ailə ilə birgə piknik məqsədilə yola çıxırıq. Nəzər bəy hər şeyi diqqətlə yerləşdirir. Stullar, qab-qaşıq, plastik qablar, manqal üçün lazım olan ləvazimatlar, uşaqların ehtiyacları üçün daha nələr-nələr...

“Hazırlıq bir az zaman alsa da, diqqətli olmaq lazımdır. Necə deyərlər, öz əlimiz, öz başımız olduğundan nəyisə unutmaq olmaz”, - deyir karvan başçısı olan qəhrəmanım.

Deyəsən, hər şey hazırdır. Son bazarlığı da edib yola çıxırıq. Maşının arxa pəncərəsindən baxanda çox xoş bir mənzərə var: Evimiz arxamızca gəlir.

- Bir dəfə oxumuşdum, Londonda gənc ailə kirayə pulu ödəməkdən bezib karvan alaraq səyahətə çıxmışdı. Bəs necə oldu ki, siz bu ev-maşını almaq qərarına gəldiz?

- Uşaqlıqdan karvanla səyahət etmək mənə maraqlı gəlib. Evimizin yanında univermaq var idi və o vaxtlar belə karvanlardan şirniyyat satılırdı. Görən kimi maraqlı gəlmişdi. İllər sonra Avropada da karvanlar qarşıma çıxanda artıq xəyalımın arxasınca getmək istədim. Uşaqlıq arzum ürəyimdə idi və şans yaranan kimi əldə etdim. 

- İndiyə kimi haraları gəzmisiz?

- Demək olar ki, bütün Azərbaycanı karvanla gəzmişik. Ən ucqar kəndlərə belə getmişik. Hətta dağa-təpəyə qalxa biləcəyini heç gözləmirdim, ancaq ötən il onunla Xınalığa belə getdik. Bu yay isə növbəti arzumuzu reallaşdırmaq istəyirik: 

Karvanla Türkiyə və Yunanıstanı gəzmək. Özüm üçün kiçik bir xəritə də cızmışam. Harda qalacağıq, necə gecələyəcəyik... Yunanıstanda dənizkənarı çox gözəl düşərgələr var. Maraqlanmışam, gecəsi 15-20 avrodur. 

- Karvanla səyahət etməyin əlverişli tərəfləri nələrdir?

- Əsas əlverişli tərəfi səfərinizin tam sahibi olmağınızdır. Marşrutumuzu, gecələyəcəyimiz yeri, yemək vaxtımızı, bir sözlə, hər şeyi özümüz seçirik. Bundan başqa, istəmədiyimiz təqdirdə nə otelə, nə restoranlara pul xərcləyirik. Səyahətdə ən çox pul gecələmə və restoranlara çıxır. Ancaq biz bu yolla büdcəyə xeyli qənaət edə bilirik. Hər şey burada var. Soyuducunu doldurub gedirik. Qazımız, suyumuz, elektrikimiz, televizorumuz, hətta kondisionerimiz belə var. 

Müsahibim bu yerdə ustasının işini xüsusi vurğulamaq istəyir. Dediyinə görə, əslində karvanlarda kondisioner olmur, sadəcə Nəzər bəyin ustası onun ürəyi istəyən hər şeyi karvan üçün hazırlayır.
 
- Bir az ustamı da təriflədim, qayıdaq yenə əlverişli tərəflərinə. Məsələn, biz bu gün buraya piknikə gəlmişik. Uşaqlar və nənələr istidə oturub, biz isə təbiətdən zövq alırıq. Belə bir imkanımız olmasa, uşaqlara soyuq olduğu üçün tez getməli olardıq. Və ya bəlkə də heç gələ bilməzdik. 

Çox vaxt dəniz kənarına gedirik. Manqalı, oturacaqları qurub piknik edirik.

Bu əsnada bayaqdan göl kənarında ördəklərlə oynayan balaca Zara üstünü kirləndirir. Nənəsi soyuq olmaması üçün onu karvana aparır. Rüstəm isə artıq günorta yuxusundan oyanıb:

“Baxın, hava elə də isti deyil. Maşınla olsaydıq, indi istirahətimizi yarıda qoyub evə qayıtmaq məcburiyyətində qalardıq. Uşağı neçə saat maşında saxlamaq olar? İndi isə kefi kökdür. Nənələr və nəvələr karvanda, biz isə çöldə kababımızı çəkirik”.

- Bölgələrə gedəndə gecələmək üçün seçdiyiniz məkanlar necə olur? Çox insan belə səyahət zamanı təhlükəyə görə narahat olur.

- Təəssüf ki, bizdə kempinqlər yoxdur. Ancaq bir neçə istirahət mərkəzi ilə danışmışam və onlar razılaşıb. 10-15 manat ödədiyimiz zaman bizə yer və elektrik enerjisindən istifadə imkanı verirlər. Və ən əsası təhlüləsizliyimiz təmin olunur. Ancaq meşədə də qalmışıq, başqa yerlərdə də. Ölkəmiz, demək olar ki, təhlükəsizdir.

Bu, əsl uzaq yol üçündür. Biz Avropada kirayə maşın götürüb səyahət etmişik. Bəzən çatmamışıq, bəzən başqa səbəblərdən dəfələrlə otelə ödədiyimiz pul batıb. Elə olanda vaxtını özün seçə bilmirsən, ya nəqliyyat vasitəsi, ya da gecələyəcəyin məkana çatmaq üçün tələsməli olursan. 

- Bəs qiymətlər necə dəyişir? 

- Bu karvanlar Avropada hardasa 8-10 min avroyadır. Mən isə Bakıdan almışam. Arabir saytlarda karvan satışı ilə bağlı elanlar olur. Almaq istəyən şəxslər maraqlansa, tapa bilər. Əgər düz yoldursa, bütün maşınlara qoşmaq olar. Məsələn dostum 1.6 litr mühərrikli maşınla dartıb, ancaq maşın bir balaca gücə düşmüşdü. 2,2 litrdən çox olan mühərrikli avtomobillərlə isə dağa belə qalxmaq olar. Mexaniki sürət qutusu olsa, lap yaxşı.

Azadlığı sevən xüsusi insanlar olur. Bax karvanla səyahət onlar üçün idealdır. Yeməklərini bişirirlər, istədikləri yerdə dayanıb dincəlirlər, təbiəti sevirlər. Çox adam rahatlıq, komfort xoşlayır. Ona görə də otellərə üstünlük verir. Ancaq buna aktiv istirahət deyirlər. İş də görürsən, dincəlirsən də. Məsələn, bu, mənə çox ləzzət edir. Düşünürəm, ölkəmizdə də mənim kimi insanların sayı heç də az deyil.

Mənim bir sloqanım da var: Pəncərə mənzərəni özün seç.

- Yol boyu şahidi olduq ki, karvana maraq böyükdür. Bəs bunu biznesə çevirmək fikriniz var?

- Bəli, var. İntəyirəm ki, insanlar səyahətin bu növü ilə də tanış olub bizim kimi həzz alsınlar. Qiymət yəqin ki, gündəlik olaraq 70-80 manat olar. Bizim iki karvanımız var. Biri dostlarla ov və ya daha yaxın məsafələrə getmək üçündür, onda yataq yeri yoxdur. İkincisi isə yataqlı və hər bir ləvazimatla təmin olunmuş bu karvandır. Bu səbəbdən qiymətlər də fərqli olacaq. 

Söhbətimizə Nəzər bəyin həyat yoldaşı Türkan xanım da qoşulur. Onun sözlərinə görə, əvvəl bu səyahət növü ona təhlükəli gəlsə də, sonradan elə bir təhlükənin olmadığını görüb. Deyir ki, iki körpə uşağı olan ana üçün karvan əsl xilaskardır:

“Yəqin ki, analar məni yaxşı başa düşər. Çünki körpə uşaqlarla uzaq yola çıxmaq heç də asan deyil. İki körpə övladım var və karvanla səyahət etmək bir ana kimi mənim işimi xeyli yüngülləşdirir. Uşaq yolda oturmaqdan bezir, istəmir. Ya başqa ehtiyacları olur, yatmaq, yemək vaxtı saxlayırıq, işimizi həll edirik.

İki ildən çoxdur ki, belə səyahət edirik. İlk dəfə Avropada görmüşdük, maraqlı gəldi. Düzü, əvvəl bir qədər narahatlıqlarım var idi. Deyirdim hər yerdə polis saxlayacaq, baxacaqlar. Getdiyimiz yerlərdə təhlükəli hallar yaşana bilər. Ancaq gördüm ki, əksinə, kifayət qədər təhlükəsiz yerlərimiz var, heç kim də dəyib dolaşmır. Artıq qorxmuram”. 

Nəzər bəy onu da xüsusi vurğulayır ki, avtomobil  hərəkətdə olan zaman bu kimi karvanların içərisində sərnişin olması təhlükəlidir və buna icazə verilmir:

“Yoldaşımın sadaladığı ehtiyaclar olduqda biz bir yer tapıb dayanırıq və bütün işimizi həll etdikdən sonra maşında yolumuza davam edirik. Yəni maşın hərəkətdə olan zaman karvanda yatmaq, oturmaq, vaxt keçirmək olmaz. Bu, təhlükəsizlik baxımından çox vacib nüansdır”.

 



 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR