Slimfit
  1. ƏDƏBİYYAT

Bir qadın və bir kişi

Bir qadın və bir kişi
Sakura

mənzum hekayə

Bir qadın
Və bir kişi,
Sevirlər bir-birini.
Amma gəl gör,
Uzaqdan,
Toxunmadan, astadan
Sakitcə danışırlar,
Qaynayıb qarışırlar
Ehmalca bir-birinə.
Amma yenə uzaqdan-
-Toxunmadan, astadan-
-Elə pıçapıç kimi,
Qırammırlar tilsimi.
Tilsim nə tilsim belə-
-Biri rəhbər, işçidir
O birisi...


Çox heyif ki, sinfi
Mərtəbə var arada:
Biri gəlir aşağı,
Biri qalxır yuxarı.
Biri baxır aşağı,
Biri baxır yuxarı.
Bütün günü beləcə
Baxışırlar gizlicə.
İçdən-içə yanırlar,
Qovur-qovur olurlar.
Lap elə şabalıd kimi.
Qırammırlar tilsimi.
Tilsim nə tilsim belə-
-Biri rəhbər, işçidir
O birisi...


Lənətə gəlsin hər şey,
Belə yazı, bu tale.
Axı niyə olmalıdır
Hər bir şey də beləcə,
Düşünüb gündüz-gecə
Kişi və qadın susurlar.
Gah giley-güzar edib,
Gah da ki unudurlar
Taleni, qisməti də,
Deyirlər ki, sevirik,
Başqa nə lazım ki, nə?!
-Əslinə qalsa heç nə.
İki könül bir olsa,
Samanlıq seyran olar.
Cənnətdən mələk ensə,
Bu eşqə heyran olar...

Çox düşünüb gəzirlər
Hərə öz aləmində.
Xəyalda büsat qurub,
Hətta zifaf keçirib
Bir-birinə qovuşub
Bu iki dəli aşiq
Durmadan sevişirlər,
Ayrılıb birləşirlər.
Bədən toxunmasa da,
Ruhlar can-fəşan edir,
Sanki cənnət həzzini
Bu dünyada yaşayır
Bu iki dəli aşiq...


Yanıb qovrulsalar da,
Hərə öz yerindədir-
-Müdir kreslosunda,
İşçi işdə tərləyir.
Rahat buraxmır xəyal
Nə qadını, kişini,
Ax, onu zalım fələk,
Yaman görür işini...


Ürəkləri döyünür
Baxışlar toqquşanda,
Sanki yer-göy alışır
Kişi qadına baxanda.
Ancaq dodaq dişləyib
Saç oynadır o qadın.
Ayda neçə pomada
Dəyişirsə bilinmir,
O kişinin xəyalı
Yaddaşından silinmir.
“Hey!” elə “axmaq!” deyir,
Cürbəcür söyüş söyür
Ürəyində kişiyə,
Ancaq otaq sıxsa da,
Çıxa bilmir eşiyə.
Yuxarıdan hey baxır
Tərləmiş vücuduna
O biçarə kişinin.
Tanrım kömək eyləsin
Bu qovrulan qadına...


Kişi də birtəhərdi
Bütün günü,
Hər saat
Ona cəhənnəm kimi
Gəlir,
Sıxır bu həyat,
Dəlir ürəyin,

Deşir bu acı qismət.
Axı niyə deyəmmir
Ürək sözünü ona?!
-Yoxsa hər şey beləcə
Yetəcəkmi sona?!
Qadını düşünməkdən
Onun içi quruyur,
Bütün günü baxaraq
Yerindəcə udqunur
Bu biçarə zavallı,
Artıq itirir ağlı...


Gör, necə qismətdir ki,
Bir-birini sevən,
Arzulayan ürəklər
Yanıb alışmalıdır,
Yerində sönməlidir.
Çünki kişi növcavan,
Qadın isə duldur, dul.
Aralarında böyük
Yaş fərqi var.-
-Hə, nə olsun?!
Biri varlı, kasıbdır
Digəri də.
Kişi heç evlənməyib,
Ölüb gedib əri də
O biçarə qadının...


Bir övladı yoxdur ki,
Ovunaydı onunla.
Qadınlığın unudub
Olaydı yalnız ana.
Həm övlad həsrətində,
Həm yalnız qadındır o,
Gecələri yatammır
Buzxana yatağında.-
-Nə kiçik bir nəvaziş,
Nə də isti bir nəfəs
Yoxdur onun yanında...


Kişi sadə bir cavan,
Kasıb bir fəhlə baba.
Yox atası, anası,
Var üç gözəl bacısı.
Onları oxutmaqdır,
Sonra da “köçürmək” –
-Deyə, onun arzusu...


“Camaat nə deyər?!” deyə,
Neçə-neçə taleyə
Köz vurdular, köz, dədə.
Nə qadına, kişiyə,

Nə qocaya, cavana
Göz açdırmadılar heç,
İcazə vermədilər,
Sanki basıb keçdilər
Böcək kimi üstündən
Çarəsiz insanların.
-Xoşbəxtliyin yanında
Nə dəxlisi var
Yoxun, varın?!-
-Biri dinsizdir, olmaz!
Biri bərbər,
Sevgili
Olmaz pinəçidən!
Biri əlaçıdırsa,
Ona olmaz zərbəçidən
Nə sevgili, nişanlı!
Biri dağlı, aranlı,
Biri kəndli, şəhərli
Digəri də...


Belə-belə böldülər
Bu milləti, bu xalqı,
Bilmirəm daha neçə
Yerə bölünməliyik?!-
-Əgər insanlığımız varsa,
Niyə başqa bir şeylə
Öyünməliyik?!...


Bax, beləcə nə qadın,
Nə də kişi cəsarət
Edə bilmədilər ki,
Kişiyə həmən damğa
Vuracaqlar: “ooo, nə bicdir,
Bəyənmədi qonşunu,
Müdiri “həll elədi”.”
Qadına da: “yanıqdır,
Cavan uşaq axtarır,
Keçiribdir əlinə
Binəva o oğlanı,
Qartımış qoca kaftar
Korlayacaq cavanı”...


Ya da başqa bəhanə,
Varlı-kasıb söhbəti.
Olmadı, yaş məsələsi.
“Dedi-qodu” camaatın
İşi-peşəsi yoxdur ki,
Hər an bəhanə tapar,
Əsas odur danışsın...


Düşünmürlər, dağılır
Neçə ailə bir-bir.

Deyirlər, söz yıxan evi
Heç top da yıxa bilmir!...


Cəmiyyətin basqısı
Bəzən artıqdır, artıq!
Əsas məslələrdə
Heç birləşə bilmirik:
Nə dövlət məsələsi,
Nə millət məsələsi.
Nəyə lazım düşünmək,
Filankəs filan edib,
Biri Avropaya,
Ya da Dubaya gedib.
Biri belə qazanır,
Biri elə qazanır.
Bir insan subay gəzir,
Biri nə tez evlənir?!...


Demək lazım, ay “adam”,
Sənə nə var, danışma!
Heç kəsin şəxsi həyatına
Qarışma!
Kim kimlə baxışır,
Kim kimlə tapışır-
-Gic- gic şeyləri
Düşünməkdənsə,
Gəl bir ol millət üçün,
Qüdrətli dövlət üçün.
Xəbərin var, torpağın
Neçə yerə bölünüb?!
Xəbərin var, düşmənin
Nə qədər və kimlərdir?!


Hə, cavab verə bilmirsən,
Deməli, sən gərəksiz,
Bivec birisən!
Bax, onda sus!
Sox dilin
Lazımlı yerinə sən!
Və bir şeyi bilginən,
Qeybət günahdır, günah!
Bu barədə dinimiz
Söyləyir,
Buyurub Allah:
O kəslər ki, qeybətə,
Yalana,
Uyub rüşvətə,
Günahkardır yanımda!
Cəza ağır sonunda!...


Və sairə məsələ
Deyib gəldik mətləbə:

Bu bir qadın və kişi
Biçarə baxışaraq
Hər şeyi fikirləşib
Çox götür-qoy etdilər.
Nəhayət, qərar alıb
Hər bir şeyi unudub
Boyutdan uzaqlaşıb
Cəmiyyəti yox sayıb
Kafedə görüşdülər.
Həmin günü sadəcə
Qarşılıqlı baxışıb
Və bir az da güldülər.
Nə danışmadılar,
Nə yeyib içmədilər.
Sadəcə xoşbəxtliyin
Ruhunu hiss etdilər...


*** *** ***


Eşq üçün var bu dünya!
Yalnız eşqdir həqiqət!
Nəyə lazım var-dövlət,
Əgər yoxsa məhəbbət?!


Hər kəsə sevgi lazım
Bu dünyada cahanda,
Eşqsiz heç nə var olmaz
Ol-bütün asimanda!


İnsana sevgi lazım,
Cahana sevgi lazım!
Sevgi lazım millətə,
Gərəklidir dövlətə!


Kimsə unutmasın qoy
Varlığının mənasın.
Sevgi olmasa idi,
Tanrı niyə yaratsın?!

ELŞƏN İSMAYIL
29.03.2018

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR