Slimfit
  1. MƏDƏNİYYƏT

Milliliyi yaşatmaq istəyi

Milliliyi yaşatmaq istəyi
Sakura

“Milli geyimləri ilk növbədə cəmiyyətdə tanınan insanlar geyinməlidir. Başqa insanlar da onlara baxıb…

Bakı Milli Geyim Evi (BMGE) on ildir yaradılıb. Bu müddətdə qurum Azərbaycan ənənəvi milli geyimlərinin bərpasında, yaşadılmasında, ölkəmizdə və xaricdə təbliğ olunmasında böyük işlər görüb. 
   BMGE-nin direktoru Könül Vəlibəyli bildirir ki, burada bütün paltarlar keçmişdən bizə məlum olan eskizlər əsasında tikilir: “Uzun illər bütün milli geyimlər iki rəssamın - Bədurə Əfqanlı və Tahir Tahirovun eskizlərinə uyğun hazırlanırdı. Keçən ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, geyim üzrə rəssam Nazim Yunusovla işləməyə başlamışıq. O, milli rəqslərimiz üçün geyimlərin hazırlanmasında bizimlə əməkdaşlıq edir. Rəqslərə zaman-zaman yeni quruluşlar verilir. Belə olduqda yeni geyim tikilməlidir. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Dövlət Rəqs Ansamblı üçün yeni geyimlər tikirik. Böyük rəqslərin ifası zamanı 24 kişi, 24 qadın, kiçik rəqslərdə 12 kişi, 12 qadın iştirak edir. Məsələn, “Qazaxı” rəqsini 48 rəqqas ifa edir, ona görə hər bir rəqqasın fərdi ölçüləri əsasında onlar üçün geyim tikilir”. 
   BMGE indiyədək Azərbaycanın 7 bölgəsini təmsil edən ənənəvi milli geyimləri bərpa edərək yenidən tikib, bu nümunələr yerli sərgilərdə, habelə ABŞ, Rusiya, Türkiyə və başqa ölkələrdə nümayiş olunub. Həmsöhbətim teatr tamaşaları, filmlər üçün də geyimlər tikdiklərini söyləyir. 
   Qurum hər il milli geyim nümunələri hazırlayaraq Muzey Mərkəzində “Ənənədən gələcəyə” adlı sərgidə tamaşaçılara təqdim edir. Burada nümayiş olunduqdan sonra həmin geyimlər Dənizkənarı bulvarda keçirilən Novruz bayramı şənliklərində paytaxt sakinlərinə göstərilir. Belə demək olarsa, qurum daha çox Novruz günlərində yada düşür. 
   K.Vəlibəyli: “Bizdə milli geyinməyə qarşı bir kompleks var. Çağdaşlaşma gözəldir, amma milli olmaq daha gözəldir. Milli geyimlərin təbliği çox vacibdir. Bəzən müəyyən tədbirlər olur, bizdən geyim istəyirlər, veririk. Bir dəfə gənclər İçərişəhərdə tədbir keçirirdilər, bizdən milli geyim istədilər, 50-yə yaxın geyim verdik. Düzdür, belə tədbirlərdən sonra geyimlərimiz çox ziyan görür, buna baxmayaraq yenə də yardım etməyə hazırıq”. 
   Qloballaşmanın milli mədəniyyətləri sıradan çıxardığı bir çağda milli geyimlərimizi necə təbliğ etməliyik? BMGE-nin direktoru bildirir ki, bunu ilk olaraq cəmiyyətdə tanınan insanlar, məsələn, millət vəkilləri, diplomatlar milli geyim geyinməlidir. Başqa insanlar da onlara baxıb geyinəcəklər: “Məsələn, ABŞ-dakı səfirimiz Elin Süleymanov üçün milli geyim tikmişəm, tədbirlərdə geyinir. Koreyadakı səfirimiz üçün də belə geyim tikmişəm. Müşahidələrimə görə, xaricdə yaşayan soydaşlarımız milliliyin, milli geyimin daha çox təəssübünü çəkirlər. Ona görə ki, başqa xalqlar milli geyimləri, adət-ənənələri ilə görünür, özlərini tanıdır, mədəniyyətlərini təbliğ edirlər. Bizimkilər də yabançılara mədəniyyətimizi çatdırmağa gərək duyurlar. Xaricdəki tədbirlərə gedəndə milli geyimdə oluram. Mən təbliğ üçün xaricilərə daha çox kəlağayı alıb bağışlayıram. İndi bir çox satış mərkəzlərində kəlağayı satılır”. 
   Milli geyimlərin baha olması nə ilə bağlıdır? Həmsöhbətim deyir ki, bunun bir səbəbi gərək olan parçaların xaricdən gətirilməsidir. Belə parçalar Dubay, Hindistan və Türkiyədən alınır. Ona görə də geyimləri kütləvi istehsal etmək olmur: “Bir neçə il öncə Azərbaycana xaricdən qonaqlar gəlmişdilər. Onlar bizim tikiş evində oldular, milli geyimlərimizi almaq istəyirdilər. Əlimizdə olanları göstərdik, daha çox çeşid görmək üçün mağaza ünvanı istədilər, göstərə bilmədik. Xaricilər milli geyimlərimizi daha çox alırlar. Məsələn, Azərbaycan Diplomatik Akademiyasının amerikalı prorektoru üçün milli geyim tikdik, o da həmin geyimlə dərs deyir, tədbirlərə qatılır”.
   Elə olur ki, xaricilər bütöv geyim alırlar, bəziləri geyimin müəyyən hissəsini, məsələn, arxalıq alırlar. Arxalığı gündəlik geyinmək mümkündür. Başlıcası, gərək qiymətlər cibə uyğun olsun: “Geyimlərin qiyməti qabaqlar ucuz idi. 125, 150 manata bütöv dəst qadın geyimi hazırlayırdıq. Belə geyimlərin zəhməti çoxdur. Ətək, köynək, arxalıq, araqçın, yaylıq, bel kəməri... 10-15 metrə yaxın parça istifadə edilir. Parçalar ipək olduğu üçün yüngül olur. İndi geyimlərin qiyməti artıb. İstifadə etdiyimiz parçaların çoxu müxtəlif Şərq ölkələrində istehsal olunur. Avropadakı dünyanın məşhur firmaları da indi Şərq naxışlarından istifadə etməklə parçalar buraxırlar”.
   K.Vəlibəyli bildirir ki, əsas iş milli geyimlərin kəsimlərini, tarixiliyini qoruyub yaşatmaqdır. Bununla yanaşı, burada bir neçə bölgənin müxtəlif elementlərini birləşdirib yeni milli geyimlər də tikiblər. Qurum 2012-ci ildə geyim üzərində musiqi alətlərimizin rəsmini hazırlayıb. Geyimlərin üzərinə tar, kamança, qaval rəsmləri çəkilib, bu da maraqla qarşılanıb. Bir çox muğam ifaçılarımız üçün milli geyimlər də tikilib. 
   İndiyədək BMGE 30-a yaxın müəllifin layihəsini gerçəkləşdirib. İstedadlı gənclər öz layihələri ilə bura gəlir, qurum onlara yardımçı olur. Tarixən milli qadın geyimlərimiz təkcə parçasına yox, daş-qaşına görə çox baha olub. Əvvəllər belə geyimləri varlılar geyinərdilər. İndi belə geyimləri bütünlüklə bərpa etmək üçün böyük vəsait gərəkdir. Buna nisbətən milli kişi geyimlərini hazırlamaq daha asan başa gəlir. Bu, üst arxalıq, köynək və buxara papaqdan ibarət olur. Heç bir bəzək işlənmir. Geyim evinin öz papaqçısı var, sifariş olanda o tikir. Xaricdə, özəlliklə Rusiyada yaşayan soydaşlarımız milli kişi geyimlərini daha çox tikdirirlər. “Demək olar, dünyanın müxtəlif ölkələrində oxuyan azərbaycanlı tələbələr bizə milli geyimlər tikdirirlər. Onlar müxtəlif tədbirlərdə ölkəmizi milli geyimdə təmsil edirlər. Türkiyəyə də çox geyim göndərmişik. “TRT Avaz”ın aparıcıları bizim tikdiyimiz geyimlərdən çox istifadə edirlər”, - deyə K.Vəlibəyli vurğulayır.
   Keçmişdə milli geyimlərimizin ən gözəl cəhətlərindən biri onların rəngbərəng, gül-çiçəkli parçadan olması idi. Ən gözəl geyinən bölgələrimizdən biri Qarabağ olub. Qadınlar çox heyranedici geyiniblər. Bu da orada mədəniyyətin hərtərəfli inkişafına bağlı olub. Milli geyimlər birinci vara görə, ikinci yaşa görə ayırd edilib, tanınıb. Bununla da insanların hansı təbəqəyə aid olduğu bilinib.
   BMGE-nin direktoru hazırda Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin geyimlərini bitirmək üzrə olduqlarını bildirir: “Dörd ay içərisində 450-500 geyim hazırlamışıq. Bu geyimlərin ayrıca konsertlə təqdimatı olacaq, geyimlərimiz dünyanı gəzəcək”. 
   Qurum hər il mart ayında keçirilən “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsinin nümayişinə hazırlaşır. Bundan sonra Novruz bayramı şənliklərində 50-yə yaxın geyimlə iştirak edəcək. 


   
   S.Qaliboğlu

Mənbə: medeniyyet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR