Azərbaycanın üç ən böyük şəhər-qalası
Ölkəmizin ən əhəmiyyətli qalaları barədə söhbətimizi davam etdiririk. Keçmiş zamanlarda Azərbaycan şəhərlərinin çoxu müdafiə bürclərini vahid istehkam ansamblında birləşdirməklə, öz ərazilərini əzəmətli qala divarları ilə möhkəmləndirməyə çalışırdılar. Belə şəhər-qalaların bəziləri salamat şəkildə bizim günlərə qədər gəlib çıxıb, digərləri arxeoloji qazıntılar zamanı bərpa olunub ki, bu da onların tarixi dəyərini əsla azaltmır.
Bakı qalası
Möhkəm qala divarları ilə dövrələnmiş Köhnə Bakı və ya İçərişəhər bəlkə də Azərbaycan qalalarının ən məşhurudur. Əcdadlarımız tərəfindən istehkam şəklində inşa edilmiş və zəmanəmizə çox yaxşı vəziyyətdə gəlib çatmış bu qədim yaşayış məskəninin dəqiq yaşını müəyyən etmək çox çətindir. Amma arxeoloji qazıntılar nəticəsində məlum olub ki, İçərişəhərin ərazisi hələ Tunc dövründə məskun olub, VIII-XI əsrlərdə burada şəhər həyatı qaynayıb, sənətkarlıq və ticarət inkişaf edib.
Qalanın əsas girişlərindən biri - Qoşa qala qapısı əvvəllər Şamaxı darvazası adlanıb. Şamaxı darvazası (onu Şah Abbas darvazası da adlandırırdılar) XIX əsrin sonuna qədər şəhərin yeganə qapısı olub. XIX əsrin sonunda qala divarlarının ikinci sırası söküləndən sonra ikinci sıranın Zülfüqar xan adlanan darvazası Şamaxı darvazasının yanında yerləşdirilib. “Qoşa qala qapısı” adı belə yaranıb.
Qala dəfələrlə düşmənlər tərəfindən mühasirəyə alınıb. Məsələn, 1723-cü ildə admiral Matyuşkinin başçılıq etdiyi rus hərbi eskadrası dəniz tərəfdən şəhərə yaxınlaşıb və onun təslim olmasını tələb edib. Rusların ultimatumu rədd edilib. Buna cavab olaraq, qala 15 gəmidən ibarət eskadra tərəfindən top atəşinə tutulub. Mərmilərdən biri Məhəmməd məscidinin minarəsinə dəyərək onu zədələyib. Həmin vaxt şiddətli külək qalxıb və rusların yelkənli gəmilərini dənizin içərilərinə qovub. Şəhər əhalisi düşünüb ki, yadelli işğalçılar Allahın qəzəbinə gəlib. Yeri gəlmişkən, məscidin minarəsi qala müdafiəçilərinin mətinliyinin və mərdliyinin simvolu kimi XIX əsrin ortalarına qədər bərpa olunmayıb. Məscidin binası və minarəsi yalnız 2010-cu ildə bərpa edilib.
İçərişəhərin 22,1 hektar təşkil edən kiçik ərazisində yüzlərlə tarixi abidə, o cümlədən 4 dünya miqyaslı, 28 yerli əhəmiyyətli abidə yerləşir. Bakının başlıca rəmzlərindən biri - əzəmətli və möhtəşəm Qız qalası, habelə məşhur Şirvanşahlar Sarayı Kompleksi, qədim məscidlər, karvansaralar məhz burada, qədim qala divarlarının içində yerləşir.
İçərişəhər təkcə qədim abidə deyildir. Hündürlüyü 8-10 metr olan qala divarları ilə əhatələnmiş bu tarix-memarlıq qoruğunun ərazisindəki qədim evlərdə 1300-dən çox ailə yaşayır, burada çoxsaylı mədəniyyət ocaqları fəaliyyət göstərir. Qeyd edək ki, Bakı qalası UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Qəbələ qalası
Yarımdağılmış vəziyyətdə olan, amma hələ də əzəmətli görünən Qəbələ qalasının bürc və divarları artıq çoxdan Qafqaz Albaniyasının qədim paytaxtının qüdrət rəmzinə çevrilib.
Müasir Qəbələnin mərkəzindən 25-30 kilometr cənub-qərbdə, Çuxur Qəbələ kəndinin yaxınlığında 480 hektar ərazidə hazırda Dövlət Tarix-Mədəniyyət Qoruğu yerləşir. 1985-ci ildə yaradılan qoruğun ərazisində ötən əsrin 60-cı illərindən etibarən aparılan arxeoloji qazıntılar təsdiq edir ki, Qəbələ eramızdan əvvəl IV-III əsrlərdən başlayaraq XVIII əsrədək infrastrukturu inkişaf etmiş böyük şəhər, sənətkarlıq və ticarət mərkəzi olub.
Hazırda qədim şəhərin Antik, Selbir və Qala deyilən 3 sahədə yerləşən qalıqlarını görmək olar. Şimaldan dərin xəndəklə, cənubdan əzəmətli qala divarı ilə ayrılmış Qalanın ərazisini nəzərdən keçirək. Sasanilər dövrünün memarlıq üslubunda inşa edilmiş bu divarlar Azərbaycanın digər qala tikililəri arasında seçilir. Orta əsrlərin bəzi müəlliflərinin yazdığına görə, şəhər Sasanilər sülaləsindən olan I Qubad tərəfindən salınıb. Ancaq tədqiqatçılar əmindirlər ki, şahın göstərişi ilə burada yalnız bərpa işləri aparılıb.
Qala çiy kərpicdən və çay daşlarından inşa olunub. Salamat qala bürcünün diametri 3 metrdir. Qalanın uzunluğu 35 metrdir, divarların qalınlığı 2,4 metrə çatır. Orijinal formasını hələ də saxlayan Qalanın əsas qapısı cənub divarında yerləşir. Hündürlüyü 10-14 metrə, diametri 6,8 metrə çatan 4 qövsşəkilli qala bürcü də burada yerləşir. Arxeoloji qazıntılar zamanı burada küp qəbirlər və Qəbələnin təsərrüfat həyatını, sənətkarlığın və ticarət münasibətlərinin inkişafını əks etdirən digər qiymətli artefaktlar aşkar edilib.
Şəhərdə dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, toxuculuq, daşoyma, sümük emalı, şüşə istehsalı və s. inkişaf edib. Qazıntılar zamanı saxsı borularla çəkilmiş su təchizatı sistemi, dulusçu sobalarının qalıqları, istehsalat tullantıları, əmək alətləri, bəzək əşyaları, şərab anbarı, saxsı məişət məmulatı, emalatxanalar və sair və ilaxır aşkar edilib. Tapıntıların çoxu Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir.
Şəmkir qalası
Qədim Şəmkir qalası təkcə istehkam tikililərinin möhkəmliyi ilə deyil, həm də memarlığının qeyri-adi gözəlliyi ilə seçilir. Onu əbəs yerə Arran şəhərsalma ənənəsinin incisi adlandırmırlar.
Qədim Şəmkir şəhəri hazırda Şəmkirçayın sol sahilində, Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında yerləşir. Bir vaxtlar çiçəklənən şəhər XIII əsrin əvvəlində monqollar tərəfindən viran qoyulub. Şəhərin təsviri təsdiq edir ki, burada orta əsrlərdə düzənlik ərazilərdə yerləşən şəhərlərə xas olan bütün əlamətlər olub. O vaxtlar şəhərlər adətən üç topoqrafik hissədən ibarət olub: narınqala (içqala), şəhristan (şəhərin özü) və rabad (şəhərin ətrafı). Şəhərin topoqrafik planının hazırlanması onun təqribən dördbucaqlı şəklində olduğunu göstərir.
Orta əsrlər dövrünün böyük şəhəri sayılan Şəmkirin tarixinin hələ XIX əsrin əvvəllərində öyrənilməsinə baxmayaraq, burada irimiqyaslı arxeoloji tədqiqatlar XXI əsrin birinci onilliyində başlayıb. 2006-cı ildən burada aparılan qazıntılar sayəsində Azərbaycan tarixində yeni səhifələr açan çox maraqlı kəşflər edilib. Ən qiymətli qədim tapıntılar Dəmir dövrünə aiddir. Orta əsrlər şəhər həyatının müxtəlif tərəflərini əks etdirən mədəni təbəqələrin qalınlığı 6 metrə çatır. Deyilənə görə, VIII əsrdən XIII əsrin ilk onilliklərinə qədər, yəni Şəmkirin monqollar tərəfindən yerlə-yeksan edildiyi dövrə qədər şəhərdə həyat qaynayırmış.
Memarlıq və inşaat Şəmkirdə çox inkişaf edibmiş. Qazıntılar zamanı çoxsaylı tikili qalıqları, o cümlədən istehkam qurğuları, ictimai və yaşayış binalarının, şəhərin abadlaşdırılması üçün nəzərdə tutulan mühəndis qurğularının qalıqları aşkar edilib. Məlum olub ki, VIII-X əsrlərdə şəhər çay daşından və çiy kərpicdən tikilmiş qala divarı ilə müdafiə olunub. XI əsrdə şəhərdə paralel qala divarları inşa olunub. Arasında təqribən 10 metr məsafə olan hər iki divar bişmiş kərpic, çay daşı və yonulmuş ağ daş sıralarının bir-birini əvəzlədiyi kombinə edilmiş hörgü ilə ucaldılıb. Qeyd edək ki, son dərəcə gözəl görünən polixrom, kombinə edilmiş divar hörgüsü Arran memarlıq məktəbinin mərkəzlərindən biri sayılan Şəmkir üçün çox səciyyəvi olub. Şəhərin bayır divarının uzunluğu 80 metrdən çox, eni 3,8 metrdir. Bu divar qövsşəkilli monolit bürclərlə möhkəmləndirilib. İç divarın uzunluğu təqribən 2,7,5 metrdir. Cənub tərəfdə yerləşən darvaza cinahlarda yerləşən iki bürc tərəfindən müdafiə olunub. Cənub bürcü yarımdağılmış vəziyyətdədir. Hər iki bürcə yerli ağ daşdan böyük məharətlə üz çəkilib.
Bayır divarın ikinci və üçüncü bürcləri arasında tağşəkilli oyuqları olan tikili aşkar edilib. Tikili şəhər divarına bitişikdir, yəni qala divarı onun qərb divarını təşkil edir. İçqala şəhərin şərq hissəsində, Şəmkirçayın sol sahilində yerləşir. Planda düzbucaqlı formasında olan qala cənubdan şimala doğru uzanır və bir hektardan çox ərazidə yerləşir. Salamat qalmış divarların hündürlüyü 5,5-7,5 metr, eni 3,2-4 metr civarındadır.
Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostiyevin sözlərinə görə, əminliklə demək olar ki, Şəmkir qalasının tikililəri Arran memarlıq məktəbinin ən parlaq nümulərindən biridir. Orta əsrlərin memarları və kombinasiyalı hörgü ilə işləyən bənnaları əsl hərbi memarlıq şedevri yaradıblar. Burada müxtəlif inşaat materiallarından – çay daşından, bişmiş kərpicdən və ağ daşdan bacarıqla istifadə olunub. Bu texnika həm divarları möhkəmləndirməyə, həm də estetik baxımdan onu yaraşıqlı etməyə imkan verib. Arxeoloqların məlumatına görə, içqalanın XI əsrdə inşa edilən divarları bir neçə dəfə təmir olunub.
Hazırda qazıntıların yerində arxeologiya parkı yaradılıb.
Emil Eyyubov
Mənbə: Azertag.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət