Bakı, Təzəpir məscidi, 1979
Təzəpir məscidi – tarixi və mənəvi dəyərlərin əzəmətli təcəssümü
Nadir memarlığı ilə diqqəti cəlb edən Təzəpir məscidi təkcə Azərbaycanın deyil, Qafqazın da dini mərkəzi hesab olunur. Ona görə ki, Qafqaz Müsəlmanları Ruhani idarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Ziyarətgahın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarət ediblər. Vaxtilə burada olan, yüzillər öncə tapınaq sayılan qəbrin itməsinə baxmayaraq, türbə bu günə qədər də qorunub saxlanılır. Müqəddəs türbəyə daxil olmaq üçün pilləkənlərlə məscidin altına düşmək lazım gəlir. Bu yerdə onu da qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin fərmanı ilə tariximizin yadigarı olan Təzəpir məscidində əsaslı təmir-bərpa işləri aparılıb.
Pirin tarixindən
Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin süxur qatları altında mövcud olan türbə, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub. Deyilənlərə görə, peyğəmbər nəslindən olan bu müqəddəs şəxsiyyət böyük kəramət və fəzilət sahibi imiş. Onun haqqında hətta Abasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” kitabında və Şərqin məşhur tarixçilərindən Məhəmməd ibn Mahmudun “Nəfais əl-fünun” əsərində maraqlı mənbələrə rast gəlinir.
Maraqlıdır ki, XIV əsrdə yaşayan Əbu Seyid Abdullanın tərcümeyi-halı XIII əsrdə Bakıya pənah gətirən İmam Museyi-Kazimin qızı həzrəti Hökumə xanımın tarixçəsi ilə üst-üstə düşür. Xatırladaq ki, hazırda həzrəti Hökumənin qəbri üzərində Bibiheybət ziyarətgahı tikilib.
Deyilənlərə görə, bu nəslin nümayəndələrindən olan Əbu Seyid Abdulla Bakıda Şirvanşahların iqamətgahından kənarda məskunlaşır və onun yaşadığı yerə ziyarətçilər “Xəlifə damı” adı verirlər. “Xəlifə” və ya “xələf” sözləri isə ərəb mənşəlidir. O zaman nəzarətdən yayınmaq üçün özünü dərviş adlandıran Seyid Abdulla tezliklə ətrafına toplaşan müridlərin mürşidinə (rəhbərinə) çevrilir. Tarixi mənbələrdə bildirilir ki, hətta Səfəvi hökmdarı Məhəmməd Xudabəndə Ülçəti onun şöhrətini eşidərək, alimin görüşünə gəlir və onunla qardaşlıq əhd bağlayır. Hətta hökmdar özünü Əbu Seyid Abdullanın müridi elan edir. Tezliklə Əbu Seyid Abdulla xalq arasında alim və xeyriyyəçi kimi məşhurlaşır. Deyilənlərə görə, o, ziyarətinə gələn hər kəsin könlünü alar, onlara xeyr-dua verər, kimsəni ocağından naümid qaytarmazmış.
Əbu Seyid Abdulla vəfat etdikdə dövrün adətinə görə öz evində dəfn edilir və üzərində türbə inşa edilir. Xalq bu yerə pir-ocaq kimi yanaşmağa başlayır. İnsanlar nicat tapmaq üçün məhz bu pirə tapınırdılar. Beləliklə, pirin sorağı ətrafa yayılır.
Təzəpir məscidinin tikilməsi
Ziyarətgahın yerləşdiyi məkan ötən əsrin ortalarına qədər “Xəlfədam” adı ilə tanınırdı. Hazırda isə bu yer Təzəpir məscidinin yerləşdiyi ərazidir. Zaman keçdikcə Əbu Seyid Abdullanın türbəsi dağıntılara məruz qalır. Lakin Pirin kəramətinə böyük etiqad göstərən insanlar onun tamamilə dağılmasına imkan verməyiblər. Müxtəlif vaxtlarda Pirə rəhbərlik edən Seyid Mirhəsən Musəvi, Seyid Abdulla Musəvi və başqa seyidlər də burada dəfn ediliblər. Bunu Nabat xanım Bakuvinin oğlu, uzun illər Təzəpir məscidinə rəislik edən Hacı Abasqulu Aşurbəyli də təsdiq edirdi.
Məscidin memarlıq üslubu
Təzəpir məscidinin memarlıq üslubu da maraq doğurur. Bu abidə özünün həcm-məkan memarlıq həllinə görə tək Bakının şəhərsalma strukturunda deyil, həm də Abşeronun dini tikililəri arasında xüsusi yerlərdən birini tutur. Təzəpir məscidi Zivərbəy Əhmədbəyovun layihəsi əsasında 23 iyul 1905-ci ildə tikilib. Birmərtəbəli, çox da görkəmli olmayan bir məscidin yerində ilk daşı qoyulub. Hələ 1893-cü ildə Bakı müsəlmanları tərəfindən belə bir fikir irəli sürülür ki, paytaxtda Cümə məscidi tikilsin. Məscidin tikilməsi üçün yer isə Qoşa qala qapısının yaxınlığındakı ərazi, yəni indiki Sabir bağının ərazisi seçilmişdi. Məscidin ətrafında yaşıllıq massivini, fəvvarə və digər memarlıq formalarının yaradılması nəzərdə tutulur. Lakin məlum səbəblərdən quberniya inzibatçıları şəhər mərkəzində Cümə məscidinin tikintisinə icazə vermirlər. Nəticədə məscidin şəhər kənarında- əlverişli bir təpədə inşa olunması Təzəpirin şəhərin bir çox rayonlarında aydın görünməsinə şərait yaradır. Bu hal xüsusilə şəhər binaları ikimərtəbəli olarkən daha qabarıq şəkildə özünü göstərdi.
Yeni bərpa işləri məscidi əsl sənət əsərinə çevirib
Qeyd edək ki, prezidentin müqəddəs yerlərimizin bərpası ilə bağlı verdiyi fərmana əsasən, Bakıda yerləşən dörd məsciddə nəhəng memarlıq işləri aparılıb. Bu məscidlərdən biri də Təzəpir məscididir. Ümumi ərazisi 7600 kvadrat metr olan kompleksin 6000 kvadrat metrində yenidənqurma işləri aparılıb.
Təmirə qədər “Qafqaz Müsəlmanları Ruhani idarəsinin yerləşdiyi bina bir mərtəbəli olmaqla yanaşı, həm də yöndəmsiz idi. Təzəpir məscidinin interyerinə sovet hakimiyyəti qurulandan sonra yad elementlər vurulmuşdu. Məsələn, məsciddən kinoteatr, anbar kimi istifadə olunduğundan ulduzlar yapışdırılmışdı. Bərpa zamanı onların hamısı sökülüb. Tikililərdə gözəl naqqaşlıq elementlərindən istifadə olunub. Bu işdə xalçaçı Eldar Mikayılzadənin böyük zəhməti var. Məscidin mehrabı bir az bəsit olduğundan onu da gözəlləşdirdik və yonma detallar əlavə etdik. Yuxarı pəncərələrin şüşə hissəsini dəyişməklə bərabər ön tərəfdən şəbəkə elementləri qoyulub. Beləliklə də, interyer gözəlləşib. Məscidin qadınlar üçün nəzərdə tutulan hissəsində milli ornamentlər əsasında böyük şəbəkələrin işlənməsi nəzərdə tutulub. Məscid kompleksinin içi ən müasir texnologiya ilə qızdırılır. Tiklinin giriş qapısı da oyma ilə işlənərək sanki gözəl sənət əsəri yaradılıb.
Məscidin günbəzini çıxmaq şərti ilə bütün işlər yerli sənətkarlar tərəfindən yerinə yetirilib.
Onu da qeyd edək ki, reabilitasiya zamanı məscidin əvvəlki quruluşu olduğu kimi saxlansa da, memarlıq quruluşunu tamamlamaq və bir sıra problemlərə son qoymaq üçün bəzi əlavələr də edilib. Məsələn, məscidə qadınların girişi üçün nəzərdə tutulan pilləkən narahat olduğu üçün onun yeri dəyişdirilərək içəri hissəyə salınıb. “Azərbərpa” elmi tədqiqat layihə institutunun memarı Ədalət Məmmədovun sözlərinə görə, artıq uzun illər heç bir təmir işləri aparılmayan məscid təmirə qədər acınacaqlı vəziyyətdə olub: “Vaxtilə məscid tikilərkən Nabat xanım Aşurbəyli-Rzayeva maliyyə məsələlərində çətinlik çəkdiyindən günbəzin üst hissəsi yarımçıq qalıb. Bundan başqa, məscid tarixən iki eyvanlı tikilsə də, Təzəpir müəyyən səbəblər üzündən bir eyvanlı tikilib. Nəticədə minarə ilə günbəzin arasında bir uyğunsuzluq yaranıb. Bu da memarın deyil, çar hökumətinin günahıdır. Bərpa zamanı günbəzə əlavə elementlər qoyaraq bu iş də tamamlanıb. Dövlət başçısının göstərişi ilə günbəzə xüsusi qızıl təbəqə işlənib. Qızıl təbəqələrin hamısı Almaniyadan gətizdirilib və günbəz türk mütəxəssisləri tərəfindən bəzədilib. Məscidin fasadındakı daşların hamısı yuyularaq, üzə çıxan çatlayan və sınan daşlar, bir-bir dəyişdirilərək, əlavə dəmir-beton çəkilib. Söhbətdən bəlli oldu ki, Bakıda ən böyük yeraltı kəhriz məscidin altından keçirmiş. Hələ sovet hakimiyyəti vaxtında Bakıda köhnə univermaq tikilən zaman o kəhriz ortaya çıxır və böyük bir əziyyətlə ona kanalizasiyalar çəkilib. Lakin kəhriz sularının axıntıları həmişə Təzəpir məscidinin arxa tərəfində bataqlıq yaradırdı. İndi isə həmin torpaqlar təmizlənərək, betonlanıb. Bundan əlavə bir neçə ailəyə kompensasiya ödənilib köçürülməklə məscidin ərazisi də genişləndirilib. Belə ki, əvvəllər birmərtəbəli olan Qafqaz Müsəlmanları Ruhani İdarəsinin yerində indi 5 mərtəbəli bina tikilib. Əlavə olaraq Şeyx üçün böyük konfrans zalı və kabinet də inşa edilib. Kompleksin 2-ci korpusu mərasim binasıdır ki, bu da insanların dəfn və yas mərasimlərini keçirmək üçün nəzərdə tutulub”.
Qeyd edək ki, bu korpus prezidentin təşəbbüsü ilə inşa edilib. Burada da məqsəd ondan ibarətdir ki, küçələrdə qurulan ehsan mərasimləri qapalı yerdə keçirilsin. Hətta gələcəkdə iş elə formada qurulacaq ki, imkanı olmayan insanlara yas mərasimlərini yola vermək üçün müqavilə əsasında kredit də verilsin. 3-cü korpus isə 250 nəfərin rahat oxuması üçün nəzərdə tutulan 4 mərtəbəli İslam universitetinin binasıdır. Kompleksin mərkəzində 900 kvadratmetr ərazili olan və üzərində günbəzi olan ən müasir texnologiya və ən müasir qurğularla təchiz edilən konfrans zalı tikilib.
Təmir-bərpa işləri zamanı gigiyena-sanitariya qaydaları da nəzərə alınıb. Kompleksdə məscidin döşəməsindən aşağıda böyük yuyat yeri, qadın və kişilər üçün bir-birindən uzaq məsafələrdə dəstəmazxanalar və qurbangah tikilib.
Memarın sözlərinə görə, istər tikinti, istərsə də təmir-bərpa işləri zamanı Şirvan memarlığının bütün elementlərindən istifadə olunub: “Tikintidə ancaq yonma üsulu tətbiq olunub ki, bu da çox çətindir. Tikililərdə stalaktitlərdən, yəni asma daş elementlərdən də istifadə olunub. Portallar da gözəl yonulub, fasadın özündə 8 bucaqlı sütunlardan istifadə etmişik ki, bunlar da stalaktitlərlə tamamlanır. Məscidin ətrafı isə Ukraynadan gətirilən qranitlə üzlənib”.
Məscidin fasadı xüsusi özəlliyi ilə seçilən naxışlarla bəzədilib. Oyma naxışlar girişdə daha çoxdur. Burda memarlıq elementləri üstünlük təşkil edir. Daha çox diqqəti məscidin gümbəzində daxilindən işlənən naxışlar cəlb edir. Ərəb əlifbası ilə Quran ayələrinin yazıldığı gümbəz müxtəlif rəng tonlarından hazırlanan naxışlarla bəzədilib. Məscidin Tolstoy küçəsinə çıxan hissəsində təmirdən sonra küçənin məscidin yanından keçən hissəsi avtomobillərin hərəkəti üçün bağlı olur. Bu da dini ayinlər zamanı əhalinin təhlükəsizliyinin və piyadaların rahat hərəkətinin təmin olunması məqsədi daşıyır. Kompleksi bütünlüklə əhatə edən şəbəkə tipli hasarlar da diqqət çəkir. Məscid iki alaqapıdan və evakuasiya üçün 5 çıxışdan ibarətdir. Məscidin dəhlizində hər iki tərəfdən minarələrə çıxmaq üçün pilləkənlər tikilib. Həyətdə isə tikilməkdə olan böyük hovuz çox cəlbedicidir”.
Tariximizlə səsləşən abidə
Təzəpir məscidini həm də tariximizlə səsləşən abidə adlandırsaq, səhv etmərik. Zaman-zaman xalqın həm şad, həm də dar günündə Təzəpir məscidi insanların pənah yeri olub. Hətta bu məsciddə yuyulmağı vəsiyyət edən möminlər də az olmayıb. Belə şəxslərdən biri də xalqımızın böyük oğlu, görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev idi. Onun son istəyinə əsasən cənazəsi məhz Təzəpir məscidindən axirət evinə yola salınıb.
Tariximizin ən ağır günündə, 1990-cı ilin 20 yanvar hadisələri zamanı da Təzəpir məscidi xalqın dərdini bölüşdüyü yer olub. Cəlladlara və onların başçısı Qorbaçova lənət yağdırılan bəyannamə məhz buradan bütün dünyaya yayımlanmışdı. Əslində, bir neçə gün Azərbaycan xalqının taleyi buradan idarə olunur, yeni faciələrin qarşısı alınırdı.
Təzəpir məscidi və burada yerləşən Qafqaz Müsəlmanları İdarəsinin dinimizin inkişafında, müstəqilliyimizin bərpasında və Azərbaycanın İslam dünyasında mühüm yer tutmasında böyük xidmətləri var. Qafqazda ilk ali dini tədris ocağının – İslam Universitetinin təməli də məhz bu məscidin ərazisində qoyulub.
Azərbaycana, Bakıya səfər edən adlı-sanlı qonaqlardan Misir Ərəb Respublikasının prezidenti Camal Əbdül Nasir, İndoneziya prezidenti Sukarto, Türkiyə prezidenti Turqut Özal və Süleyman Dəmirəl, İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani və başqaları Təzəpiri ziyarət etməklə yanaşı, burada namaz qılıblar.
Tarixə müraciət etsək görərik ki, Azərbaycan dövlət rəhbərləri də Təzəpir məscidini dini mərkəz kimi yüksək qiymətləndirib və xalqa müraciətlərini buradan söyləməyə çalışıblar. Məsələn, ADR 1918-20-ci illərdə ilk dini idarəni məhz Təzəpir məscidi ərazisində yaradıb. 1921-ci ildə Nəriman Nərimanov bu məsciddə nitq söyləyib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dini təşkilatlanma özünün yeni mərhələsinə – bərpa və quruculuq dövrünə qədəm qoydu.
Yeni məscid, mədrəsə və dini təhsil ocaqları yaranmasında, dindarların fəal şəkildə ictimai həyatdakı yeniliklərə qoşulmalarında, dünyanın nüfuzlu təşkilatları ilə əlaqələrin genişlənməsində Təzəpir məscidi öncüllüyü öz üzərinə götürdü.
Azərbaycan prezidenti Heydər Əliyev tez-tez Təzəpir məscidinə gələr və burada çıxışların edərdi. O, bu çıxışların birində dövlətin dinə münasibətini belə açıqlayıb: “Biz bir dövlət kimi İslam dininin son dövrlərdə geniş inkişaf etməsini bəyənirik və bundan sonra da müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə hörmət və onlardan istifadə etməsinə böyük imkanları yaradacağıq. Biz İslam dininin inkişafı üçün dövlət tərəfindən gərəkli tədbirlərin hamısını görəcəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqının, bütün İslam aləminə mənsub olan insanların ən böyük mənəviyyat mənbəyidir”.
Təzəpir məscidinin dini mərkəz kimi formalaşması üçün bu amillər çox böyük əhəmiyyət kəsb edir. Çünki bu gün Təzəpir məscidi dövlətimizin dini siyasətinin daşıyıcısı olmaqla yanaşı həm də bütün Qafqazın dini icmalarının rəhbəridir.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 4 may.- S.6.
Mənbə: cetinbayramoglubakukulegi.wordpress.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət