Slimfit
  1. TARİX

Qədim Şabran şəhərsalma tarixinin nadir nümunələrindəndir

Qədim Şabran şəhərsalma tarixinin nadir nümunələrindəndir
Sakura

Xalqımızın qədim tarixinə işıq salan abidələrimizin tədqiq olunması, tarixi-mədəni irsimizin beynəlxalq…

Ötən yazımızda Gəncə-Qazax bölgəsinin ən böyük arxeoloji abidələrindən olan Göytəpə qədim yaşayış yerinə səfər təəssüratımızı, orada çalışan mütəxəssislərin fikirlərini oxuculara çatdırmışdıq. Növbəti səfər ünvanımız qədim Şabranın tarixi məkanıdır.

Şabranda qaynar şəhər həyatı IX-XV əsrlərə təsadüf edir

Zəngin tarixə malik Şabran Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm iz qoyan, şəhərsalma tarixinin nadir nümunələrindən olan şəhərlərimizdəndir. Tədqiqatçılar yazılı mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntılara əsasən buranın hələ eramızın əvvəllərində yaşayış məskəni olduğu qənaətinə gəliblər.
Şəhərin yaranması, Şabran sözünün etimologiyası ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Əsas versiyalardan biri şəhərin adının burada yaşamış tayfaların adından götürülməsi ilə bağlıdır. Ehtimal olunur ki, qədim dövr tarixçisi Ptolomeyin əsərində göstərilən şapotren tayfalarının adı dəyişikliyə uğrayaraq tədricən “Şabran” şəklinə düşüb. Bəzi müəlliflər bu məfhumun fars dilində “şəb” qaranlıq, “ran” isə məkan mənası verdiyini bildirir, digər tədqiqatçılar isə 1124-cü ilə aid gürcü xronikasında bu ifadənin Şaburan kimi işlənməsini qeyd edirlər. Şabran şəhərinin salınması Sasani hökmdarı Xosrov Ənuşirəvanın adı ilə bağlansa da, bu ərazinin əsas sakinlərinin qədim türk tayfaları - sabirlər olduğu güman edilir. Belə ehtimal olunur ki, sapotren, sabur, sabir, şaburan, şavaran - bunlar hamısı forma dəyişikliyinə düşərək “Şabran” şəklini alıb.
Şabranda qaynar şəhər həyatı əsasən IX-XV əsrlərə təsadüf edib. Tarixən böyük savaşların meydanına çevrilən şəhər XIII əsrin ortalarında monqolların hücumu nəticəsində ciddi dağıntılara məruz qalır. XIII əsrdən etibarən Şabran tənəzzülə uğrayır və bu günümüzə qədim şəhərin xarabalıqları gəlib çıxıb. Bu xarabalıqları arasında tariximizin bir çox sirli qatları, öyrənilməmiş səhifələri, əfsanə və rəvayətlərlə dolu olayları qalıb. XVII əsr məşhur türk səyyahı və tarixçisi Övliya Çələbinin verdiyi məlumata görə, Şabranda yetmiş məhəllə və hər məhəllənin öz məscidi olub. Bu da şəhərin bir vaxtlar gur həyatından xəbər verir. Çələbinin yazdığına görə, gözəl havası və saf suyu ilə Şabran Təbrizdən sonra ikinci şəhər hesab olunurdu.
Qədim Şabran şəhərinin qalıqları Şahnəzərli kəndi yaxınlığında yerləşir. Tarixçi Əsədulla Hüseynovun sözlərinə görə, bu kəndin tarixi min illərlə ölçülür. Burada 1979-cu ildə başlayaraq 0,9 hektar sahədə (beş yerdə) qazıntı işləri aparılıb. Qazıntılar nəticəsində altı metr zəngin arxeoloji təbəqə yaranıb. Arxeoloqlar dörd tikinti dövrü aşkara çıxarıblar. Azərbaycanda IX əsrə aid ilk kanalizasiya sistemi məhz Şabranda aşkar olunub. Su kəmərlərinin qalıqları, orta əsr Azərbaycan şəhərlərində ilk küçələr də Şabranda aşkara çıxarılıb.
Tarixçinin fikrincə, şəhərdə yaşayış eramızın V-VI əsrlərindən mövcud olub. Həmin vaxt burada 15-20 min nəfər əhali yaşayıb. İpək Yolunun üzərində yerləşən Şabran şəhəri tarix boyu üç dəfə dağıntıya məruz qalıb: "Qədim Şabranda tapılan maddi-mədəniyyət nümunələri burada tarixən müsəlmanlarla yanaşı, xristian və yəhudilərin də yaşadığını deməyə əsas verir. Şabran Azərbaycanın ən qədim tolerantlıq məkanlarından biri olub. Həmçinin yüksək səviyyəli şəhərsalma mədəniyyəti ilə tanınıb. Həmin dövrdə tikinti materialı kimi geniş istifadə olunan qırmızı kərpic məhz Şabran şəhərində istehsal edilirdi".

1935-ci ildən başlayan tədqiqatlar hələ də davam edir

Şabran xarabalıqlarında arxeoloji kəşfiyyat işləri ilk dəfə 1935-ci ildə professor E.A.Poxomovun rəhbərliyi ilə başlanıb. Qısa fasilədən sonra 1939-cu ildə qazıntılar yenidən davam etdirilib. Tədqiqatçılar bir də aradan 40 il keçəndən sonra görkəmli arxeoloq C.Xəlilovun rəhbərliyi ilə Şabrana qayıdıblar. 1980-1998-ci illərdə isə Qazıməmməd-Mozdok qaz kəməri xəttinin çəkilişi ilə bağlı Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsinin daimi fəaliyyət göstərən ekspedisiyası tarix elmləri doktoru, professor R.Göyüşovun rəhbərliyi altında Şabranda geniş miqyasda arxeoloji qazıntı işlərini davam etdirərək bu qədim şəhəri daha ətraflı tədqiq ediblər.
Tarix elmləri namizədi F.Abbasovanın başçılığı ilə 2002-ci ildə Şabranda yenidən tədqiqat işlərinə başlanıb. Arxeoloji tədqiqatların ilk dövrlərində şəhərin ərazisi təxminən 40 hektar hesab olunurdu. Son tədqiqatlar nəticəsində isə Şabran çayının hər iki sahilində binə-bölgə bağlamış bu qədim yurd yerinin 110 hektardan çox ərazini əhatə etdiyi müəyyənləşib.
Arxeoloqlar Şabran şəhərinin IV əsrdə, özündən əvvəlki möhtəşəm yaşayış yeri zəminində meydana gəldiyini söyləyirlər. Aparılan arxeoloji qazıntı işlərinə əsasən tədqiqatçılar üç tikinti dövrünü aşkara çıxarıblar. III əsrdən başlayan birinci dövr VIII əsrədək davam edir. İkinci dövr XI-XIII, axırıncı dövr isə XIV-XVIII əsrləri əhatə edir.

Qazıntılar zamanı çoxsaylı maddi-mədəniyyət nümunələri tapılıb

Arxeoloji tədqiqatlar burada mədəni təbəqənin qalınlığının ayrı-ayrı sahələrdə müxtəlif olduğunu göstərir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloq Qoşqar Qoşqarlının sözlərinə görə, qazıntılar Şabran şəhərinin bir vaxt Azərbaycanın inkişaf etmiş iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri olduğunu sübut edir. Yüksək şəhər mədəniyyətinə məxsus olan Şabranda sənətkarlığın müxtəlif sahələri - dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, dabbağlıq, inşaat, hərb sənəti yüksək inkişaf edib. Əlverişli təbii-coğrafi mövqedə yerləşməsi burada xalq təsərrüfatının geniş sahələrinin inkişafına şərait yaratmışdı: "Bunu tədqiqatlar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri də sübut edir. Arxeoloji qazıntılar zamanı Şabranda xüsusi formalı təsərrüfat quyuları, dənəzənlər, üzüm şirəsi sıxmaq üçün daşlar, kirkirələr, vəl hissələri, oraq, çin, dəhrə və s. təsərrüfat alətləri, çörək bişirmək, meyvə qurutmaq və evləri qızdırmaq üçün ayrı-ayrı təndirlər aşkar olunub. Bunlar Şabranda taxılçılığın, çəltikçiliyin, üzümçülüyün inkişaf etdiyini göstərir".
Şabranda istehsal edilən kənd təsərrüfatı məhsulları qonşu ölkələrə də ixrac olunurdu. Arxeoloq deyir ki, Şabran sənətkarlarının fəaliyyəti də çoxşaxəli olub. Dulusçular hazırladıqları qablara öz möhürlərini vururmuşlar və bu möhürlərə əsasən tədqiqatçılar Şabranda 14 məşhur dulusçuluq emalatxanası olduğunu ehtimal edirlər: "Şabranın müxtəlif tarixi dövrlərə aid aşkar olunub tapılan şirli və şirsiz qabların növləri çox müxtəlifdir. Qazıntılar zamanı üzə çıxarılan təsərrüfat küpləri, nehrə, sərnic, bardaq, kuzə, süddan tipli qablar, küpə, bərni, dolça, stəkanabənzər əşyalar, silbic, aftafa, manqal, qazan, çörək təknəsi, boşqab, xeyrə - bulud, kasa, piyalə, nəlbəkivari qablar, duz qabları, şamdan, çıraqlar və s. dulusçuluq məmulatları həm də tariximizin maraqlı maddi-mədəniyyət nümunələridir".
Şabran dulusçuları məişətdə işlədilən müxtəlif təyinatlı əşyalarla yanaşı, gildən bəzək əşyaları da düzəldiblər. Üzüklər, muncuqlar, düymələr onların hazırladığı maraqlı əl işləridir. XIV-XVII əsrlərə aid bəzək əşyaları içərisində mavi rəngli muncuqlar, o cümlədən gözmuncuqları, üzüklər daha çox üstünlük təşkil edir.

Qədim şəhər yeri maraqlı turizm obyektidir

Böyük Britaniyanın Kembric Universitetinin əməkdaşı İrina Şinairay və ABŞ-ın Luiziana Tulane Universitetinin professoru Elio Brangaforte uzun müddətdir qədim Şabran şəhər qalıqlarında tədqiqat aparırlar. Hər iki mütəxəssis Şabranın maraqlı tədqiqat obyekti olduğunu deyir.
İrina Şinairayın sözlərinə görə, ilk dəfə 14 il əvvəl burada tədqiqat aparıb. Şəhərin qala divarlarını və şəhər ətrafındakı 6 səddi tədqiq edib, onların bir-biri ilə əlaqəli olduğu qənaətinə gəlib. Elio Brangaforte isə apardığı tədqiqat materiallarına əsasən Şabranın qədim tarixə malik olmasını əminliklə söyləyə biləcəyini deyir. Amerikalı mütəxəssisin fikrincə, həm qədim tarixi, həm aşkar edilən zəngin maddi-mədəniyyət nümunələri, həm də əlverişli coğrafi mövqedə yerləşməsi bu şəhəri gələcəkdə maraqlı turizm nümayiş obyektinə çevirə bilər.
Onu da qeyd edək ki, qədim Şabran şəhərinin qalıqları Bakı-Xaçmaz turizm marşrutunun üzərində yerləşir. Bu marşrutla hərəkət edən turistlər əksər hallarda əraziyə baş çəkir, Azərbaycanın bu 2500 illik tarixə malik qədim şəhəri barədə məlumat alırlar.

Fəxriyyə Abdullayeva
Yazının hazırlanmasında göstərdiyi dəstəyə görə "Bakcell" şirkətinə təşəkkür edirik

Mənbə: medeniyyet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR