Dərc edildi: Baxış sayı: 826
Aşıq Nəsib - Yox
Bəy deyiləm, xan deyiləm yaxşı bax,
Zəri-ziban, qızılım yox, malım yox.
Xiridaram inci-dürdü sözlərim,
Şalağım yox, çiyim yoxdu, xalım yox.
Yalan deməm ötən günüm ağ olub,
Dağ yaranıb, dərd üstə dərd yığılıb,
Şura gəlib mal-dövlətim dağılıb,
Şəkərim yox, şərbətim yox, balım yox.
Qərq olmuşuq, qəm içində üzürük,
Marı yeyib ölə-olə dözürük,
Cır-cındıra bürünmüşük, gəzirik,
İpəyim yox, tirməm yoxdu, şalım yox.
Nəsib deyər, haqdan enib bu bəla,
Ağır elim necə gəlib zavala.
Müsəlmanı siz saldınız bu hala,
Qurtarmağa cığır-cada, yolum yox.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət