Dərc edildi: Baxış sayı: 1233
Aşıq Nəsib - Ye
Biz yemirik iç-diş ağa, sən buyur,
Övkə, qarın, bağırsaq ye, bağır ye.
Tamahın çox,bəlkə bir az zor ilə,
İştah gələ, Allahını çağır ye.
Biri qalıb otuz iki dişindən,
Ölüm gəzir addım-addım peşində,
O dünyada səni gözlər eşin də,
Yavaş-yavaş, ağır-ağır, ağır ye.
Öz malını yeməmişdən doyardın,
Nökərlərin dərisini soyardın.
Pul çinləyib bir tərəfə qoyardın,
Tale səni eləyibdi fağır, ye.
Qaşınmaqdan hal qalmayıb kürəkdə,
Çürüyübdür içəri də, ürək də.
Mal tövlədə ot-əlafın mərəkdə,
Üz gözündən dilənçilk yağır,ye.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət