Dərc edildi: Baxış sayı: 596
Aşıq Nəsib - Qalacaq
Dünyada dördəlli tutmaynan pulu,
Dünyada dünyanın malı qalacaq.
Yığıb-yıxşırdığın deyil səninki,
Od olub ürəkdə xalı qalacaq.
Özünü ha öldür pul-para deyə,
Simicin malına yad olar yiyə.
Yığdığın yeyilməz, yesə it yeyər,
Gəbərən yabının nalı qalacaq.
Demə bəyzadəyəm, dünya mənimdi,
Var olan canımdı, din-imanımdı.
Əcəl vaxtsız gələr, sənə qənimdi,
İt ölsə yalağı, yalı qalacaq.
Gözlərin çökəlib, burnun sulanır,
Yaş yaş üstə gəlir, ürək bulanır.
Qocalıq peşinlə gəzir, dolanır,
Sanma Nəsibin də halı qalacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət