Dərc edildi: Baxış sayı: 622
Aşıq Nəcəf Əlimərdanlı - Oyanmaz
Qaşı cəllad, gözü yağı
Yatıb oyanmaz, oyanmaz.
Qəm hicranı yenə mənə,
Satıb oyanmaz, oyanmaz.
Alım yarın qadasından,
Bəlkə içəm badasından.
Şirin söhbət vədəsindən,
Ötüb oyanmaz, oyanmaz.
Şirmayı düzüb sazına,
Bülbül gəlir avazına.
Yusif kimi murazına,
Çatıb oyanmaz, oyanmaz.
Götürüb hicran daşını,
Qovğaya saldım başımı.
Nazlı yar, qəflət quşunu,
Tutub oyanmaz, oyanmaz.
Nəcəf kəsməz həvəsini,
Tərlan gəzər yuvasını.
Ağ üzündən cunasını,
Atıb oyanmaz, oyanmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət