Dərc edildi: Baxış sayı: 627
Aşıq Musa - Nə günahı telli sazın
Məclisləri abad eylər,
Nə günahı telli sazın?
Məlul könüllər şad eylər,
Nə günahı telli sazın?
Yeki şəcər, yeki demir,
Ara vurmur, yalan demir,
And içməyir, rüşvət yemir,
Nə günahı telli sazın?
Fikrini vermir qələmə,
Zülüm eyləmir aləmə,
Pulunu vermir sələmə,
Nə günahı telli sazın?
Yoldan çıxıb, yolun azmır,
İblis kimi ara pozmur,
Molla kimi cadu yazmır,
Nə günahı telli sazın?
Musa vəsfin söylər saza,
Ruh verir gəlinə, qıza,
Oxşamır o şeyidbaza,
Nə günahı telli sazın?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət