Dərc edildi: Baxış sayı: 600
Aşıq Musa - Gözlər
Könlüm gəzib, çox dolanıb,
Sən gətirdin dilə, gözlər.
Əcəb xoş gündə yaranıb,
İnan, yoxdu belə gözlər.
Cismimdəki eşq ataşı,
Sızıldayır bağrım başı.
Selə dönüb eynim yaşı,
İrəhm eylə, ala gözlər.
Qədəm basıb dur gəl bəri,
Biz çəkməyək dərdü səri.
Açılsın könlüm dəftəri,
Səs yayılsın elə, gözlər.
Hamı qınar, deyər nahaq,
Ovçun mənəm, durma uzaq.
Deyib-gülək axşam-sabah,
Nəyçün gedir yola gözlər?!
Qonubdur Musanın meyli,
Dərdim yenə artdı xeyli.
Edib Məcnun, olma Leyli,
Salma məni çölə, gözlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət