Dərc edildi: Baxış sayı: 602
Aşıq Musa - Gilas
Camalın görəndən bəri
Olmuşam divana, Gilas!
Siyah telin ay qabaqda
Gör nə əsir yana, Gilas!
Zülfünün bircə muyu
Dəyər bu cahana, Gilas!
Üzün görüb ayrı düşən
Qalır yana-yana, Gilas!
Sallanışın xanım kimi
Layiqsən sultana, Gilas!
İlahi bir xəlq eləyib,
Sənin kimi gözəl hanı?!
Qadirbilən qiymət verər,
Ay qız, sənsən gövhər kanı.
Endirib saya salmadın
Ağanı, paşanı, xanı.
Qıya baxdın, canım aldın,
Xəstə etdin mən cavanı,
Dağıtdın könlüm şəhrini,
Elədin viran, a Gilas!
Musa tərifini desin,
Eşidən eləsin əzbər.
Camalını hər kim görsə,
Yəqin olar sinədəftər.
Hurimisən, pərimisən,
Demək olmaz sənə bəşər.
Buxaqından ətir gəlir
Hesab elə müşkü ənbər.
Xəstələrə şəfa verər,
Eləyər cavan, a Gilas!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət