Dərc edildi: Baxış sayı: 882
Aşıq Musa - Dilim
Dilim, bu öyüdü sənə verirəm,
Çox dünya malına sarışma, dilim.
Çalış, sən həmişə öz əməyin ye,
Haram mal yeməyə alışma, dilim.
Bir məclisə vardın, nitqin olsun lal,
Əyləşənlər səndən dərk etsin kamal,
Dindirsələr dillən, dinməsən lal qal,
Hərcayi danışıb gülüşmə, dilim.
Mənim sözlərimi saxla amanat,
Sidqinən dost olan tez tapar murat,
İstəsən ki, başın ola salamat,
Ağzına gələni danışma, dilim.
Musa oda alışmayıb, nə lazım?
Bivəfayla barışmayıb, nə lazım?
Haqqım özü sirr açmayıb, nə lazım?
Gəl gördüyün sirri sən açma, dilim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət