Slimfit
  1. MARAQLI

Açıq dəniz nədir?

Açıq dəniz nədir?
Sakura

Açıq dəniz – dünya okeanının heç bir dövlətin yurisdiksiyasına aid olmayan və bütün dövlətlərin istifadəsi…

Dəniz və okeanların dibi xüsusi hüquqi statusa malik olduğuna görə açıq dəniz anlayışına daxil deyildir. Heç bir dövlət açıq dənizin hər hansı bir hissəsini öz suverenliyinə tabe etdirə bilməz.

Açıq dəniz həm sahilyanı dövlətlər, həm də dənizə heç bir çıxışı olmayan dövlətlər üçün azaddır. Açıq dənizin hüquqi rejiminə aşağıdakı azadlıqlar daxildir: 

1) gəmiçilik azadlığı;

2) uçuş azadllığı;

3) balıqçılıq azadlığı;

4) sualtı kabel və boru kəmərləri çəkilişi azadlığı;

5) elmi tədqiqatlar azadlığı;

6) süni adalar və qurğular yaratmaq  azadlığı. 

Bu azadlıqlar beynəlxalq hüquq normalarının tələblərini və başqa dövlətlərin maraqlarını nəzərə almaqla həyata keçirilməlidir.

Gəmiçilik azadlığı o deməkdir ki, hər bir dövlətin gəmiləri, daha doğrusu, onun bayrağı altında olan gəmilər açıq dənizdə sərbəst üzə bilər. Açıq dənizdə gəmi həmin dövlətin müstəsna yurisdiksiyasına tabe olur. Dövlət gəminin və onun ekipajının üzərində inzibati, texniki və sosial məsələlərdə öz yurisdiksiyasını və nəzarətini həyata keçirir. Gəminin kapitanına və ya ekipajın hər hansı digər üzvünə qarşı cinayət və ya inzibati  məsuliyyət yalnız həmin gəminin, bayrağı altında üzdüyü dövlətin müvafiq orqanları tərəfindən qaldırıla bilər. Lakin bu prinsipdə bir sıra istisnalar mövcuddur. Belə ki, hər hansı dövlətin hərbi dəniz və ya hava gəmisi əcnəbi gəmini aşağıdakı hallarda ( əgər bu əməllərin törədilməsi barədə şübhələnməyə kifayət qədər əsas vardırsa) saxlaya və yoxlaya bilər:

a) əcnəbi gəmisi dəniz quldurluğu ilə məşğul olursa;

b) qul alveri ilə məşğul olursa;

c) narkotik maddələrlə qeyri-qanuni ticarətlə məşğul olursa;

ç) sualtı teleqraf kabellərini və boru kəmərlərini zədələmişsə;

d) açıq dənizdən icazə verilməmiş radio və ya televiziya proqramları ötürürsə;

e) sahilyanı dövlətin yurisdiksiyası altında olan sularda mövcud qaydaları pozmuşsa (“qaynar izlər” üzrə təqib)və s.

Uçuş azadlığı o deməkdir ki,bütün dövlətlərin hava gəmiləri açıq dəniz üzərindəki hava məkanına uçuşlar həyata keçirə bilər. Dövlətlər öz hava gəmilərinin açıq dəniz üzərində uçuşlarının təhlükəsizliyini təmin etməlidirlər. Bu uçuşlar dəniz gəmiçiliyinə və dənizin digər məqsədlərlə istifadəsinə maneə törətməməlidir.

Balıqçılıq azadlığı təkcə bilavasitə balqçılıq fəaliyyətini deyil, habelə digər canlı ehtiyatların da istismarını əhatə edir.  Lakin bu azadlıq dövlətlərin öz beynəlxalq öhdəliklərini və sahilyanı dövlətlərin maraqlarını nəzərə almaqla həyata keçirilməlidir. Hər şeydən əvvəl, dənizin canlı ehtiyatları müəyyən səviyyədə qorunub saxlanmalıdır və bunun üçün dövlətlər əməkdaşlıq etməlidirlər.

Sualtı kabel və boru kəmərləri çəkmək azadlığı koninental şelfin hüdudlarından kənarda açıq dənizin dibinə şamil olunur. Kabellər və boru kəmərləri çəkərkən dövlətlər açıq dənizin sərbəst istifadəsinə mane olmamalıdırlar.

Elmi tədqiqatlar azadlığı coğrafi vəziyyətindən asılı olmayaraq bütün dövlətlərə və habelə səlahiyyətli beynəlxalq təşkilatlara məxsusdur. Dəniz elmi tədqiqatları müstəsna olaraq dinc məqsədlərlə həyata keçirilməlidir və dənizin başqa formalarda istifadəsinə maneə yaratmamalıdır.

Süni adalar və qurğular yaratmaq azadlığı həm açıq dənizin su hissəsində, həm də onun dibində (faydalı qazıntılar hasil etmək üçün) həyata keçirilir.

 

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR