Zakir Həsənov yeni səfirlə görüşdü
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Latviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüşüb.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Latviya arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görəcəyi işlərdə uğurlar arzulayıb.
Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Latviya arasında hərbi və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.
Öz növbəsində səfir D.Qarançs ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək Latviya ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın istər NATO proqramları çərçivəsində, istərsə də ikitərəfli formatda uğurla davam etdiyini vurğulayıb.
Görüşdə tərəflər müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət