Slimfit
  1. SİYASƏT

Yaxın gələcəkdə Türkiyə-Rusiya-Azərbaycan “geosiyasi üçbucağı” yarana bilər - Politoloq

Yaxın gələcəkdə Türkiyə-Rusiya-Azərbaycan “geosiyasi üçbucağı” yarana bilər - Politoloq
Sakura

Yaxın gələcəkdə Türkiyə-Rusiya-Azərbaycan “geosiyasi üçbucağı” yarana bilər - Politoloq

Siyasi nöqteyi-nəzərdən yanaşsaq, Türkiyə və Rusiya Azərbaycanın strateji müttəfiqi, strateji tərəfdaşıdır. Bu isə o anlama gəlir ki, hər ikisi Azərbaycana dost dövlətdir. Belə olan təqdirdə dostlarımız arasında əməkdaşlıq münasibətlərinin artan dinamika ilə inkişafı, əlbəttə ki bizim üçün arzuolunan haldır.

Bunu Trend-ə açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Azərbaycanın xarici siyasətində prioritet hesab olunan istiqamətlərdən biri də regional təhlükəsizlikdir: “Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim siyasətimiz regiona sabitlik, əmin-amanlıq və inkişaf gətirir. Biz Cənub Qaz Dəhlizi layihəsi nümunəsində bu tezisin əyani təsdiqini görə bilərik. Çox sevindirici haldır ki, Azərbaycanın bu mövqeyi regionun aparıcı geosiyasi oyunçuları olan Rusiya və Türkiyənin də mövqeyi ilə üst-üstə düşür.

“Türk axını” layihəsinin strateji əhəmiyyəti də bu aspektdən dəyərləndirilməlidir. Layihə regionda sabitləşdirici faktorlardan birinə çevrilməklə bölgə xalqlarının sosial-iqtisadi durumuna əhəmiyyətli təsir göstərəcək. Əlbəttə ki, ölkəmizin regionun əsas enerji oyunçularından biri olması yaxın gələcəkdə bu ölkələrlə Azərbaycan arasında üçtərəfli əməkdaşlıq platformasının ortaya çıxa biləcəyindən xəbər verir”.

C.Əhmədlinin sözlərinə görə, şübhə yoxdur ki, belə bir platforma həm də geosiyasi xarakter daşıyacaq və son nəticədə Türkiyə-Rusiya-Azərbaycan “strateji üçbucağı”nın yaranması ilə nəticələnəcək:

“Ermənistanın siyasi və ekspert dairələrinin ən çox narahatlıq keçirdiyi məsələ də məhz budur. Biz dəfələrlə ermənipərəst dairələr tərəfindən Rusiya-Türkiyə münasibətlərinə xələl gətirə biləcək təxribat xarakterli addımların şahidi olmuşuq. Elə “Türk axını” layihəsinin icra mərhələlərində bu kimi xoşagəlməz hallar dəfələrlə təkrarlanıb. Məqsəd isə Türkiyə və Rusiyanı bir-birindən maksimum uzaq tutmaqla regionda xaotik vəziyyətin yaranmasına rəvac vermək və bununla mənfur işğalçılıq niyyətlərini həyata keçirməkdir.

Amma düşünürəm ki, hazırda Paşinyan hakimiyyətinin anti-Rusiya ritorikasına söykənən mövqeyi arzu etdiyimiz ssenarinin reallaşması üçün ciddi imkanlar açır. Zənnimcə, Türkiyə ilə Rusiya arasında həm iqtisadi əməkdaşlığın dərinləşməsi, həm bu iki ölkənin Orta Şərqdə bir-birinin maraqlarına hörmətlə yanaşması (İstər Suriya, istərsə də Liviya məsələsində), həm də Azərbaycanın regionda getdikcə artan nüfuzu yaxın gələcəkdə Türkiyə-Rusiya-Azərbaycan “geosiyasi üçbucağı”nın ortaya çıxmasını şərtləndirə bilər. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan çoxtərəfli əməkdaşlıq platformalarında özünü layiqli şəkildə təmsil etməyi bacaran ölkədir”.

Qeyd edək ki, yanvarın 8-də İstanbul şəhərində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə “Türk axını” qaz kəmərinin işə salınması mərasimi keçirilib.

“Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Layihə Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyənin Yunanıstanla sərhədinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin birinci hissəsi, qazın Türkiyə bazarına tədarükü üçün, ikinci hissəsi Cənubi və Cənub-Şərqi Avropaya nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin hər bir hissəsi ildə 15,75 milyard kubmetr qaz nəql edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR