Yaşar Bəşirov Avropa Karate Federasiyasının idarə heyətinin növbəti yığıncağında iştirak edib
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Avropa Karate Federasiyasının (EKF) idarə heyətinin növbəti yığıncağında iştirak edib.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə keçirilən yığıncaqda bir sıra məsələlər müzakirə olunub, yeniliklər və qarşıdakı planlarla bağlı söhbət aparılıb.
İclasda həmçinin 2020-ci ildə Bakıda 55-ci Avropa çempionatına hazırlıq işlərindən söz düşüb.
Azərbaycanın böyük miqyaslı yarışlar təşkil etməsində yüksək təcrübəsi olduğunu qeyd edən EKF-in idarə heyətinin üzvü Y.Bəşirov, bir daha bu mötəbər qitə turnirinin tələb olunan səviyyədə keçiriləcəyini bildirib.
Yığıncaqdan sonra Yaşar Bəşirov və Antonio Espinos arasında görüşlər olub. EKF prezidenti hər zaman olduğu kimi Azərbaycan karatesi ilə bağlı xoş sözlər deyib, ölkə rəhbərliyinin idmana diqqəti və xüsusilə karateyə qayğısı ilə bağlı hələ Bakıda müşahidə etdiklərindən danışıb. Karatenin Olimpiadanın proqramına daxil edilməsində Bakıda keçirilən 1-ci Avropa Oyunlarının böyük rolu olduğunu qeyd edib.
O, Azərbaycan karateçilərinin Tokio 2020 Yay Olimpiya Oyunlarında da uğurlu çıxışına inamını ifadə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət