Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yaddaş pozulanda...

Yaddaş pozulanda...
Sakura

Yaddaş pozulanda...

Son vaxtlar kimi dindirirsən, yaddaşının getdikcə zəiflədiyindən, hafizəsinin itdiyindən gileylənir. Nə qədər acı olsa da, gerçəklikdir: hər səhər evdən çıxanda nəyisə unuduruq - ya telefonu, ya açarı, ya da hansısa sənədi... Hətta bəzən yaxın qohum və dostun adı yaddan çıxır, gündə əlli, yüz dəfə çağırdığın ad, işlətdiyin ifadə dilinin ucuna gəlir, amma heç cür yadına sala bilmirsən. İlk növbədə huşsuzluq və yaddaşsızlıqdan gileylənirik. Xüsusilə yaşlı nəsil arasında belə şikayətlər çox olur.

AZƏRTAC xəbər verir ki, son illər əhali arasında daha çox yayılan həmin hal Altsheymer xəstəliyinin əlaməti hesab edilir. Yaddaş pozğunluğu, keçmişdə olanları unutmaq, bir sıra hadisə və əhvalatların hafizədən silinməsi hallarının ən müxtəlif təzahürlərinə rast gəlinir.

Elə hallar olur ki, müəllif özü yazdığı əsəri unudur. Məşhur rus yazıçısı Lev Tolstoy "Hərb və sülh" əsərinin radioda oxunuşuna böyük maraqla qulaq asır, əsərin müəllifinin özü olduğunu xatırlaya bilmir...

Dünya şöhrətli ingilis yazıçısı, tarixi romanlar müəllifi Valter Skott bir poemanın oxunuşunda iştirak edir və onu çox bəyənir. Həmin əsərin özünün yazdığı "Pirat" poeması olduğunu öyrənəndə təəccüblənir.

Almaniya universitetlərindən birində dərs deyən qocaman müəllim yazı lövhəsinə Afinanın xəritəsini çəkir. Xəritədə şəhərin kənarında bir evi göstərərək Sokratın həmin evdə yaşadığını, bir sıra məşhur monoloqlarını orada etdiyini söyləyir. Az sonra dərs başa çatanda auditoriyanın qapısında müəllimi aparmağa gələn bir nəfər görünür, çünki müəllim öz evinin yerini tez-tez unudurmuş...

Kibernetikanın atası sayılan Robert Viner özünün huşsuzluğu ilə məşhur imiş. Ailəsi yeni mənzilə köçərkən alimin həyat yoldaşı təzə evin ünvanı yazılmış vərəqi onun cibinə qoyur. Xanım gözəl bilirdi ki, onun əri evi tapa bilməyəcək, lakin buna baxmayaraq elə birinci gün işdə ağlına yeni bir ideya gələn Viner cibindəki həmin kağızın üzərinə tez-tələsik nəsə cizma-qara edir və dərhal da yazdığı düsturların səhv olduğunu başa düşür, kağızı zibil yeşiyinə tullayır. Axşam heç bir şey olmamış kimi yaşadığı köhnə ünvana yollanan alim evdə artıq heç kimin yaşamadığını görüb özünü itirmiş halda küçəyə çıxır və yaxınlıqda dayanmış bir qıza yaxınlaşıb deyir: "Bağışlayın, yəqin siz məni tanıyırsınız. Mən professor Vinerəm və bu yaxınlarda ailəm buradan köçüb. Siz deyə bilərsinizmi onlar indi harada yaşayırlar?"

Qız ona diqqətlə qulaq asandan sonra cavab verir: "Atacan, anam bilirdi ki, sən təzə evimizin yerini unudacaqsan və ona görə də məni sənin dalınca göndərdi".

Fikirləri çox dağınıq olan kimyaçı və bəstəkar Aleksandr Borodin bir gün dostlarını evə qonaq çağırır. Məclisin ən qızğın vaxtı birdən o ayağa qalxaraq paltosunu geyinərək sağollaşıb çıxmağa hazırlaşanda qonaqlar soruşurlar:

- Hara belə, Aleksandr Porfiryeviç?

- Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam, səhər mühazirəm var.

Yalnız şaqqanaqla gülən dostlarını gördükdə Borodin başa düşür ki, o, öz evindəymiş.

Yaddaşın itməyi, hafizənin zəfləməyi ilə əlaqədar çoxlu misallar söyləmək olar. Həkimlər bunu beyin hüceyrələrinin qan dövranın və oksigenlə təchizatının azalması, həmçinin neyronlar arasında əlaqəni və vərdiş yaddaşını təmin edən dofamin və asetilxolin kimi maddələrin miqdarlarının azalması ilə əlaqələndirirlər.

Yaddaşın itməsinin və zehni qabiliyyətin zəifləməsinin qarşısını almaq üçün müxtəlif üsullar təklif olunur. Həmin üsullar sırasında yaddaş üçün müxtəlif məşqlər, xüsusən də məntiqi məsələlərin həlli, şeir əzbərləmək, bundan əlavə ginkqo biloba, sofora, yemişan çiçəkləri kimi beyin qan dövranını və yaddaşı yaxşılaşdıran bitki dəmləmələrinin qəbulu məsləhət görülür. Tərkibi omeqa-3 və omeqa-6 yağ turşuları ilə zəngin olan qoz, fındıq, balıq, avokado kimi qidaların yeyilməsi də beyin hüceyrələrinin yada saxlayan və yadasalma funksiyalarına müsbət təsir göstərir.

Yaddaşın da "yaddaşı" olur. Doğrudur, onun pozulması bəzən stress, yorğunluq və qocalıqla əlaqələndirilsə də, vaxtında profilaktik tədbirlər görmək heç vaxt gec deyil...

Süleyman Qaradağlı, AZƏRTAC

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR