Slimfit
  1. ARXİTEKTURA

Xudafərin körpüləri

Xudafərin körpüləri
Sakura

Xudafərin körpüsü — Azərbaycanı və İranı birləşdirən, Azərbaycanın Cəbrayıl rayonunda yerləşən körpülər

Tarixi

Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl bin Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.

Hər iki körpü İpək yolunun üzərində yerləşir.

Hazırda Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazisində yerləşən bu körpülərin aqibəti haqqında dəqiq məlumat yoxdur.Amma hələdə qalıqları qalmaqdadır

 

Yerləşmələri

Arazı "möcüzəli çay" adlandıran Yaqut Həməvi yazır: "Aranda, Araz boyunca min şəhər var." C. Qiyasi isə qeyd edir ki, şəhərlərin sayı şişirdilmiş olsa da, Arazın hər iki sahili əski çağlardan sıx yurdsalma şəbəkəsi ilə örtülmüşdür. Azərbaycanın bu daxili çayının coğrafi yeri də elədir ki, o, ölkəni qərbdən şərqə kəsərək iki hissəyə bölür Bu səbəblərə görə Arazın üstündə çoxlu körpülər inşa edilmişdir. Arazın su səviyyəsi və yatağında qayalıqların çox olması da, qədim körpü tikintisi üçün əlverişli idi.

Araz üzərində çoxlu körpülər atılsa da onlardan ən bəllisi Xudafəriin körpüləridir. Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olmuşdur. Belə ki, burada genişlənən çay yatağında iri qayalıq sahələri vardır. Qədim dövr və orta əsrlərdə həmin keçidin komunikasiya vasitəsi olaraq necə böyük rol oynadığına qayalıqlar üstündə ucaldılan iki qədim körpü şahidlik edir.

Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı olan yerdir. Bu təbiət abidəsinə üzvi olaraq daxil edilmiş körpülər insanın ətraf mühitlə qarşılıqlı münasibətinin uğurlu örnəyidir. Bu səbəbdən Xudafərin dərəsi təbiətin və tarixin dəyərli abidəsidir.

Hər iki körpünün özüllərinin antik dövrlə bağlılığı ehtimal edilir. Bu körpülər yüzillərcə transkontinental yollar üstündə yerləşib, təkcə ölkədaxili və ölkələrarası yollarda deyil, qitələrarası qarşılıqlı ilişgilərdə də yararlı olmuşdur. Müxtəlif çağlarda ayrı-ayrı xalqların və qüvvələrin yerdəyişməsini – miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun – hər il güneydən Arrana və Qarabağa gedən güclü mövsüm axınlarının da qovşağı olmuşdur.

 

Onbeşaşırımlı körpü

 
15 aşırımlı Xudafərin körpüsü

Körpülərin böyüyü Xudafərin kəndində olub, 15 aşırımlıdır və Həmdullah Qəzvininin yazdığına görə onu "...hicri 15 – ci ildə (639) Məhəmməd peyğəmbərin arxadaşı Bəkr ibn Abdullah tikdirmişdir." Bəkr ibn Abdullah əski körpünü yenidən qurduğu kimi, onun ucaldığı körpü də sonralar dəfələrlə bərpa və təmir işlərinə uğramışdır. İndiki onbeşaşırımlı körpü XII əsrin abidəsi sayılır.

 
Onbeşaşırımlı Xudafərin körpüsünün təsvir edildiyi Azərbaycan poçt markası

Körpü tağlarının dayaqları təbii özüllər — qayalar üzərində ucaldığndan aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çaydaşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4, 5 m, çay səviyyəsindən ən böyük hündürlüyü 12 m, ən iri tağ aşırımı 8, 70 m, ən kiçik tağ aşırımı 5, 80 m-dir.

Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən də aparılmışdır ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir. Bu iki materialın uyarlığı körpüyə özümlü bədiilik və konstruktiv görkəm verir.

 

Onbiraşırımlı körpü

 
11 aşırımlı Xudafərin körpüsü təsvir edilmiş Azərbaycan poçt markası

Onbeşaşırımlı körpüdən 750 m qərbdə olan onbiraşırımlı körpü başdan-başa daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmişdir. Araşdırmaçılar bu körpünün XIII yüzildə, Elxanilərin (Hülakülər) hakmiyyəti illərində antik dövr körpüsünün qalıqlar üzərində yenidən tikilməsi fikrindədirlər. Onun uzunluğu 130 metrə yaxın, eni 6 m, çay səviyyəsindən hündürlüyü 12 m-dir. Körpünün üç orta tağı sağ qalmış, sahil tağları isə XX yüzilin 30 – cu illərndə Şimali və Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İran və SSRİ-nin birgə qərarı ilə dağıdılmışdır. Həmin vaxtdan da yerli əhali körpüyə ikinci – Sınıq körpü adını da vermişdir.

Tikinti materialı və memarlıq biçinlərinə görə daha monumental görünən onbiraşırımlı körpüdə oyma naxışlı, dairəvi biçili daş bəzək lövhələri də aşkar edilmişdir. Böyük konstruktiv dayanaqlığı ilə yanaşı Xudafərin körpülərinin xüsusilə Sınıq körpünün güclü bədii ifadəliliyi də vardır. Onlar öz ətrafında Arazın hər iki sahilində olan Azərbaycan torpağındakı çoxlu mədəni dəyərləri – müxtəlif tipli memarlıq, tarix-arxeologiya və təbiət abidələrini birlşdirirdi. Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR