Slimfit
  1. AZƏRBAYCAN

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
Sakura

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib

İspaniyanın paytaxtı Madrid şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ölkə ictimaiyyətinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verərək, bu soyqırımı cinayətinin təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu qeyd edib. Səfir “Xocalıya ədalət!” barədə danışaraq, kampaniyanın əsas məqsədinin 27 il öncə Xocalıda törədilən qətliamla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi olduğunu vurğulayıb.

Diplomat 1918-ci ilin martında törədilmiş soyqırımı nəticəsində 12 min azərbaycanlının qətlə yetirildiyini, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının kobud şəkildə pozulması ilə Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb. O bildirib ki, məhz milli mənsubiyyətinə görə azərbaycanlılara qarşı 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 155 nəfər itkin düşüb.

Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən Anar Məhərrəmov 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini diqqətə çatdırıb.

Səfir deyib ki, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilməsinə baxmayaraq, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməməsi təəssüf doğurur. O qeyd edib ki, ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır, lakin Ermənistan tərəfi danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirərək Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün beynəlxalq hüququn bütün vasitələrindən istifadə edəcəyini dəfələrlə bəyan edilib. Ərazilərinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın bu gün bölgədə lider ölkəyə çevrildiyi, bir çox iri regional layihələrinin təşəbbüskarı və iştirakçısı olduğu qeyd edilib.

Daha sonra çıxış edən Türkiyənin İspaniyadakı səfiri Cihad Erginay Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Azərbaycanın torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü bildirib. O, Xocalı qətliamının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət əməli olduğunu qeyd edərək, bu cinayəti törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının məfkurəyə çevrilərək iki qardaş ölkə arasında münasibətlərin simvoluna çevrildiyini qeyd edən Cihad Erginay Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Anım mərasimində çıxış edən İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun direktoru Migel Alvares de Eulate Xocalı qətliamının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, insan hüquqlarının kobudcasına pozulduğunu qeyd edib. Xocalı qətliamı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyinə diqqət çəkən direktor tezliklə cinayətkarların cəzalandırılacağına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra ediləcəyinə və Azərbaycanın ərazi bütövlüyünün bərqərar olacağına ümidvar olduğunu bildirib.

Çıxışlardan sonra “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış, müxtəlif dillərdə Xocalı soyqırımı ilə bağlı faktları özündə əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Simfonik orkestrin ifasında tanınmış fransalı bəstəkar Pier Tiloy tərəfindən bəstələnmiş “Xocalı 613” əsərinin sədaları altında Xocalı haqqında real faktlara əsaslanan sənədli film nümayiş etdirilib.

Sonda qonaqlar “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm əsərlərinin sərgisi ilə tanış olublar.

Tədbirdə nümayiş olunanlar iştirakçılar tərəfindən böyük kədər hissi ilə qarşılanıb, Ermənistan qoşunları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayəti qətiyyətlə pislənilib.

Mərasim zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, habelə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dərc olunmuş məlumat kitabçaları, broşürlər və posterlər tədbir iştirakçılarına təqdim edilib.

Türkiyənin İspaniyadakı səfiri Cihad Erginay, İspaniya Pilot Assosiasiyasının İcra Şurasının üzvü Mersedes Kaldeviya, NEXOS Alyansının prezidenti Enrike Qaspar, Toleda şəhəri bələdiyyəsinin keçmiş sədri Xose Anxel Palomo, elmlər doktoru, Madrid Muxtar Universitetinin müəllimi Xesus Xil Fuensanta AZƏRTAC-a müsahibələrində bildiriblər ki, biz bura Azərbaycan üçün kədərli bir gündə Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildirmək məqsədilə gəlmişik. Bu gün təşkil olunmuş anım mərasimində gördüklərimiz bizi dəhşətə gətirdi. Dinc əhaliyə qarşı törədilən bu cinayətlər cəzasız qala bilməz. Ümidvarıq ki, bu dəhşətli cinayətləri törədənlər tezliklə cəzalandırılacaqlar. Etiraf edək ki, Xocalıda baş verənlər insanlığa, bütün bəşəriyyətə qarşı vəhşilikdir. Anım mərasimində iştirak edərək Xocalı qurbanlarının xatirəsini yad edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR