Slimfit
  1. AZƏRBAYCAN

Xınalıq: gözəllik, təkrarolunmazlıq və zibillik

Xınalıq: gözəllik, təkrarolunmazlıq və zibillik
Sakura

Xınalıq: gözəllik, təkrarolunmazlıq və zibillik

Qubanın 2200 metr yüksəklikdə yerləşən və iki min nəfər əhalisi olan Xınalıq kəndi haqda çox yazıblar və danışıblar. Ölkəmizin ən ucqar yaşayış məntəqələrindən sayılan kəndin sakinləri xınalıq dilində danışır. Kənd Yuneskonun beynəlxalq əhəmiyyətli tarixi abidələr siyahısına daxildir, açıq səma altında muzeydir. Bu və digər özəlliklərinə görə çoxdan bəri Xınalıqda olmağı arzulayırdım. Sonda nəsib oldu.

Xınalıq gözləntilərimi tam olaraq doğrultdu. Tayı-bərabəri yoxdur, füsunkardır və olduqca maraqlıdır. Kəndə yüksək keyfiyyətli asfalt yol aparır, yerli sakinlər qonaqları xoş qarşılayır, dəniz səviyyəsindən xeyli yüksəkdə olmasına rəğmən mobil rabitə, daha dəqiq desək, “Bakcell”in şəbəkə siqnalı çox yaxşı tutur, ilin istənilən fəslində burada turistlərə rast gəlmək olar. Qəlbimi oxşayan idilliyaya (təbiət ağuşunda sakit həyat - red.) baxmayaraq, kefimə soğan qatan bəzi məqamlar da oldu.

Məsələn, olduqca maraqlı sənət işlərinin sərgiləndiyi yerli muzey baxımsız vəziyyətdədir. Muzey özlüyündə son dərəcə primitivdir və çoxdan bəri əsaslı təmirə ehtiyacı var.

Biz Xınalıqda şənbə günü olduq. Kənddə bizdən başqa xarici turistlər var idi. Yerli uşaqlar böyük həvəslə bələdçilik edirlər. Əlbəttə ki, ekskursiyanın sonunda onlar göstərdikləri xidmətin müqabilində pul mükafatı alacaqlarına ümid edirlər. Muzeyə tərəf aparıb, açıb qonaqları içəri buraxması üçün direktoru çağırırlar. Təəsüflər olsun ki, turistlərin Xınalığa üz tutduğu şənbə günündə muzey adətən bağlı olur.

Qapını bizə yeniyetmə qız açdı. Sonradan məlum oldu ki, özünə əziyyət verib qonaqların qarşısına çıxmaq istəməyən direktorun qızıymış. Nə bələdçi var, nə də izah edən. Eybi yox.

Bu arada muzeydə yerli suvenirlərin satışı həyata keçirilir. Təəsüflər olsun ki, suvenirləri muzeydən başqa heç yerdən almaq olmur. Xınalıqda heç bir suvenir dükanı yoxdur. Hər halda gözümüzə biri də dəymədi. 

Başqa bir problemi də qeyd edim. İctimai ayaq yolu var. Kəndin lap başında yerləşir. Ancaq onu turistlərə göstərmək utancvericidir. Məişət tullatılarının hara atdıqlarını öyrənəndə də adam bütün kənd sakinlərinin yerinə xəcalət çəkir. Zibili çəkinmədən elə birbaşa dağdan aşağı tullayırlar. Yuvarlanıb aşağılarda hardasa özünə yer tapır. Elə bil, zibilin buxarlanacağını və ya təbiətin onu öz canına çəkəcəyinə ümid edirlər (videoda bunu aydın şəkildə görmək olur).

Bütün səyahət boyu bizi müşayiət etmiş yeniyetmələrdən birindən zibili hara atdıqlarını soruşduq, o isə qısa və lakonik: “Pəncərədən atırıq”, - deyə cavab verdi. Yəni məişət tullantılarını öz ayaqlarının altına atmaları yerli sakinlər üçün normadır. Bu ondan xəbər verir ki, kənddə tullantıların utilizasiyası ilə bağlı elementar mədəniyyət yoxdur. Aidiyyəti qurumlar bu nöqsanlara təcili şəkildə diqqət yetirməlidir. Çünki bu ilk növbədə ətraf mühitin qorunması baxımından, həmçinin turistik potensialın inkişafı nöqteyi nəzərindən olduqca ciddi problemdir. Kəndi belə bir vəziyyətdə xaricilərə təqdim etmək, sadəcə, utanc gətirir.

Qalan şeylərdə, kənd öz təkrarolunmazlığı, füsunkar mənzərələri və mütləq dincliyi ilə adamı valeh edir.

Yeri gəlmişkən, kənd ağsaqqallarından birindən öyrənə bildik ki, qışda bütün mal-qara Xınalıqdan Şirvan rayonuna enir. Xınalıqlıların hələ Sovet dönəmlərindən həmin rayonda torpaq sahələri var. Beş-altı çoban bütün mal-qaranı, qoyun-quzunu toplayır və 15 gün ərzində ora aparır. Mayda isə mal-qaranı Xınalığa geri qaytarırlar.

Yeri gəlmişkən, ağsaqqal sakinlərin istifadə etdiyi qida məhsulları arasında şəhərdən gətirilən məhsulların üstünlük təşkil etdiyini, keyfiyyətinin isə o qədər də yaxşı olmadığından gileylənib.

“Bilmirsən onu nədən hazırlayıblar, tərkibində nə var. Bütün xəstəliklər də ondan qaynaqlanır”, deyə kənd ağsaqqallarından biri deyib.

Onunla razılaşmamaq əlbəttə ki, çətindir...

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR