XİN: Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etmək niyyətindədir
ATƏT-ə 2019-cu ildə sədrlik edəcək Slovakiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı həllinin təşviq edilməsində ciddi və fəal iştirak etmək niyyətindədir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlikdən Slovakiyanın ATƏT-də qarşıdakı sədrliyinin prioritetlərini şərh edərkən belə deyilib: "Slovakiyanın xarici və Avropa işləri nazirinin müavini Lukaş Parizekin 2018-ci il iyulun 19-da Vyanada ATƏT-in Daimi Şurasına ölkəmizin 2019-cu ildə ATƏT-ə sədrlik çərçivəsində prioritet istiqamətləri üzrə müraciətində qeyd etdiyi kimi, Slovakiya sədrliyi dövründə ATƏT-in regionda həlli uzanmış münaqişələr üzrə mövcud formatlarını dəstəkləməyə çalışacaq. Slovakiya hesab edir ki, beynəlxalq hüququn mövcud prinsipləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə yardım göstərməkdə ciddi və fəal iştirak etmək lazımdır".
XİN-dən bildirilib ki, 2019-cu ildə Slovakiyanın ATƏT-ə sədrliyi artıq mövcud olan üç formatın - Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyətini daim dəstəkləyəcək.
Xatırladaq ki, Slovakiya yanvarın 1-dən etibarən bir il müddətinə ATƏT-ə sədrlik edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət