Xarkovda Sovet İttifaqı Qəhrəmanı Fariz Səfərovun adına parkın açılış mərasimi olub
Ukraynanın Xarkov şəhərində İkinci Dünya müharibəsində Ukraynanın azadlığı uğrunda vuruşmuş Sovet İttifaqı Qəhrəmanı Fariz Səfərovun adına parkın açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Xarkov şəhər meriyası, Xarkov şəhər və Vilayət Administrasiyasının deputatları, tanınmış ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə şəhər meriyası tərəfindən salınan parkın açılış mərasimində çıxış edənlər bildiriblər ki, Azərbaycan və Ukrayna arasında əməkdaşlıq bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf edir. Bu parkın açılması bunun bariz nümunəsidir.
Qeyd edək ki, 1920-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olan Fariz Səfərov İkinci Dünya müharibəsində SSRİ-nin 78-ci qvardiya atıcı alayının pulemyot heyətinin komandiri, qvardiya baş serjantı olub. O 1943-cü il sentyabrın 26-da Ukraynanın Dnepropetrovsk vilayəti ərazisində düşmənin çoxsaylı hücumlarını dəf edərək onun canlı qüvvələrinə böyük tələfat yetirib, sovet atıcı bölmələrinin Dnepr çayını keçməsinə kömək edib. 1944-cü il martın 19-da Fariz Səfərova Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət