Xarici tursitlər yeni ili qarşılamaq üçün Naftalanı seçirlər
Yeni il bayramı ilə əlaqədar artıq Naftalandakı otel və istirahət mərkəzlərində yerlərin 70-80 faizi əvvəldən sifariş olunub.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Yeni il bayramına 10 gün qalmasına baxmayaraq, şəhərdə yerləşən 353 yerlik “Chinar Hotel & Spa Naftalan”, 264 yerlik “Garabag Resort & Spa” və 342 yerlik “Gashalti Health Hotel”də nömrələrin 70-80 faizi artıq sifariş edilib.
Hazırda Yeni il bayramı ilə əlaqədar bu turizm obyektlərində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilir. Bayram günlərində müxtəlif şou proqramlar təşkil olunacaq.
Həmçinin şəhərdəki istirahət mərkəzləri tərəfindən qonaqlara müxtəlif turizm paketləri təqdim olunur. Paketə oteldə gecələmə, qidalanma, eyni zamanda, istirahət mərkəzləri tərəfindən təşkil olunan şou proqramlarda iştirak etmək imkanı daxildir.
Bu il də Naftalanda yeni ili qarşılamaq istəyənlər arasında xarici ölkə vətəndaşları çoxluq təşkil edir. Xüsusən də Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarusdan olan vətəndaşlar Naftalanı seçirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət