Slimfit
  1. TARİX

Xankəndi şəhərinin tarixindən

Xankəndi şəhərinin tarixindən
Sakura

Xankəndi şəhəri

Xankəndi şəhərinin tarixindən

Qarabağ xanlığının ləğv edilməsindən sonra Çar hakimiyyəti bu kəndi xanın həyat yoldaşı Pəricahan bəyimə hədiyyə etdi. 1823-cü ildə general Yermolovun əmri ilə tərtib edilmiş Qarabağ quberniyasının təsviri əsərində kəndin adının Xankəndi olaraq qeyd edilmişdir.1823-cü ildə Xankəndi 25 evdən ibarət idi. Bunlardan sadəcə 3-ü ərazidə yaşayan köhnə sakin idi, 17 ev yeni tikilmişdi 

Kəndin ərazisi 1847-ci ildən etibarən böyüməyə başladı. Bura Sunjin alayının dislokasiya yeri kimi nəzərdə tutulmuşdu Qısa müddətə Xankəndidə kazarma, qərargah, yaşayış evləri, kilsə tikilməyə başladı. Əraziyə Rusiyadan xeyli rus ailəsi gətirildi.

 İngilislərin Azərbaycana gəlməsindən sonra təşəbbüsü ələ alan Azərbaycan ordusu 1919-cu ilin yanvarın 27-də Xankəndiyə daxil oldular . Azərbaycan Ordusunun Qarabağda əsas qarnizonu Xankəndiyə köçürüldü. Bu qarnizona Davud bəy Yadigarov rəhbərlik edirdi.

Ermənilər 1920-ci ilin mart ayında Azərbaycan hökumətinə qarşı üsyan təşkil etdilər. Həmin üsyan zamanı erməni dəstələri Xankəndidəki qarnizonu mühasirəyə alaraq Azərbaycan ordusuna təslim olmaq barədə ultimatum verdilər. Lakin ultimatumu rədd edən AXC qarnizonu əks-hücuma keçərək mühasirəni yara bildi. Döyüş zamanı erməni dəstəsinin lideri Aleksan Balasanyan öldürüldü 

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 4 qəzadan ibarət Qarabağ ərazisi 1919-cu ilin yanvarında yaradılmış və AXC-nin yurisdiksiyası altında olan Qarabağ general-qubernatorluğunun tərkibinə daxil edilmişdi.

Mart üsyanından sonra ölkədə siyasi vəziyyət dəyişdi. 1920-ci ilin aprelində Bakıda həyata keçirilən çevriliş nəticəsində iqtidara bolşeviklər gəldi. Yeni qurulan Azərbaycan SSR bölmələri 1920-ci ilin may ayında Şuşa və Xankəndiyə daxil oldu.

1920-ci ilin aprelində AXC-nin süqutundan sonra keçmiş qubernatorluğun sərhədlərində Azərbaycan SSR İnqilab Komitəsinin 18 may 1920-ci il tarixli Dekreti ilə mərkəzi Şuşada olan Qarabağ İnqilab Komitəsi yaradıldı 

İlkin dövrlərdə Xankəndi şəhəri Xaçın rayonunun mərkəzi olub. Bu rayonda 1921-ci ildə 34.355 nəfər yaşayırdı. Onlardan sadəcə 1285 nəfəri azərbaycanlı idi. Xankəndi şəhərinə yaxın olan Kərkicahan kəndi ərazidə azərbaycanlıların yaşadığı əsas məntəqə hesab olunurdu 

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Sovetlərinin 07. 07. 1923-cü il tarixli Dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən, həmin Vilayətin mərkəzi Xankəndi şəhəri olmuşdur. 18. 09. 1923-cü ildə isə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək Stepankənd (Stapanakert) şəhəri adlandırılmışdır.

1926-cı ildə Stepanakert şəhərinin əhalisi 3189 nəfərə yüksəldi. Şəhərin 85,4%-ni erməni, 10,8%-ni azərbaycanlılar təşkil edirdi

1923 cü ildə Xaçın rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi.

1930-cu ilin avqustunda yaranan Stepanakert  rayonu Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 15. 05. 1978-ci il tarixli, 837-IX nömrəli Fərmanı ilə Stepanakert rayonunun mərkəzi Stepanakert şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilmiş və Stepanakert rayonu Əsgəran rayonu adlandırılmışdır.

 

Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 21. 04. 1990-cı il tarixli, 1783-XI nömrəli Fərmanına əsasən Stepanakert şəhərinin Kərkicahan yaşayış massivi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Stepanakert Şəhər Sovetinin tərkibində Kərkicahan Qəsəbə Soveti yaradılmışdır.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən isə şəhərin tarixi adı qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri adlandırılmışdır

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR