Azərbaycanın ilk hərbi naziri - Xosrov bəy Sultanov
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99 il tamam olur. 1918-ci il may ayının 28-də elan edilmiş və cəmi 23 ay ömür sürmüş, lakin özündən sonra zəngin irs qoymuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) digər dövlət atributları ilə yanaşı, Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. 1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.
Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər mülki şəxs kimi Xosrov bəy Sultanov icra etdi. Xosrov bəy çox az müddət nazir vəzifəsini icra etsə də, tarixdə adını yaza bilmiş görkəmli şəxsiyyətdir.
Modern.az-ın məlumatına görə, Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb.
Məluumatlara görə, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədə gedərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, o, uşaq yaşlarında dünyasını dəyişib.
1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub.
Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.
Xosrov bəy AXC-nin ikinci kabinetində əkinçilik naziri, 1919-cu ilin 15 yanvarından 1920-ci il aprelin son günlərinə kimi Şuşada Qarabağın general-qubernatoru olub.
Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunanda erməni-daşnak qoşunları Qarabağda qırğınlar törədirdilər. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişdilər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edildi, Xankəndi və Şuşa geri alındı.
1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olması və Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması Xosrov bəy Sultanovu da vətəndən didərəgin saldı.
1923-cü ildən Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başladı. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşadı. Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışdı. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşdı, 1943-cü ildə İstanbulda vəfat etdi. Onun məzarı İstanbuldakı Feriköy məzarlığındadır.
Mənbə: Modern.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət