Xalq artisti Kamran Quliyevin 60 illik yubileyi qeyd edilib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin 60 illik yubileyi qeyd edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova qədim diyarımızda tanınmış sənət adamlarının daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirib.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sənət adamlarına, aktyorlara, rəssamlara, musiqiçilərə göstərdiyi diqqət və qayğı bunun bariz ifadəsidir. Ali Məclis Sədrinin göstərişinə əsasən onların yubileyləri yüksək səviyyədə qeyd edilir. Bu gün keçirilən yubiley də bu ənənənin uğurlu davamıdır”, – deyən Natəvan Qədimova diqqətə çatdırıb ki, yubileyi qeyd edilən tanınmış aktyor Kamran Quliyev teatrda 80-ə yaxın dolğun obraz yaradıb. Bu obrazlar dərin psixoloji dünyası ilə seçilən xarakterlərdir. 1980-ci ildə teatrın baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Vəli Babayevin dəvəti ilə bu sənət ocağında fəaliyyətə başlayan sənətkar Naxçıvan teatrının səhnəsində müxtəlif taleli obrazlar canlandırıb. Aktyorun yaratdığı rəngarəng obraz və personajlar onu teatrsevərlərə sevdirib. Kamran Quliyev həm də gözəl rejissor və pedaqoq kimi tanınır.
Nazir deyib: “Naxçıvan teatrının səhnəsində 44 səhnə əsərinə uğurlu rejissorluq edən Kamran Quliyev “İtilənən xəncərlər”, “Əlincə qalası”, “Səyavuş”, “Şeyx Sənan”, “Topal Teymur”, “İblis”, “Yarımçıq şəkil”, “Pompeyin Qafqaza yürüşü”, “Araz sahilində doğan Günəş”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı” və digər tamaşaların rejissoru olub. İstedadlı aktyorun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1987-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1999-cu ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. 2002-ci, 2003-cü və 2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatçısı olub, 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib”.
Bildirilib ki, Xalq artisti 1958-ci il sentyabrın 9-da Babək rayonunun Zeynəddin kəndində anadan olub və ilk təhsilini bu kənddə alıb. Uşaqlıq illərindən teatr sənətinə olan vurğunluq onu 1975-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirib. Böyük sənətkarlardan dərs alan Kamran Quliyev Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyətə başlayıb. Elə ilk illərdən rejissorların diqqətini səlis diksiyası və fitri istedadı ilə cəlb edən aktyor bir-birinin ardınca maraqlı səhnə obrazları yaradıb. Kamran Quliyev teatrda işlədiyi müddətdə bir çox uğurlara imza atıb.
Xalq artisti sənətə gəldiyi ilk gündən Naxçıvan televiziyası ilə sıx əməkdaşlıq edərək bir çox teletamaşalarda da rol alıb, televiziya verilişlərində və bir sıra dövlət tədbirlərində yaxından iştirak edib.
Natəvan Qədimova yubilyarı təbrik edib, ona səhnə sənətimizin inkişafında və bundan sonrakı yaradıcılıq yolunda uğurlar arzulayıb.
Tədbirdə Xalq artistinin sənət dostları çıxış edərək yubilyara ürək sözlərini bildiriblər.
Sonda Xalq artisti Kamran Quliyev yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını ifadə edib, səhnə sənətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət