Slimfit
  1. İQTİSADİYYAT

Vüsal Qasımlı: “İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur”

Vüsal Qasımlı: “İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur”
Sakura

Vüsal Qasımlı: “İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur”

“Azərbaycan iqtisadiyyatı qlobal şoklar, pandemiya və aşağı neft qiymətləri dövrünün başlaması ilə yeni tarazlıq vəziyyətinə keçəcək. Ötən il cari əməliyyatlar balansında 4,4 milyard ABŞ dolları, kapitalın və maliyyənin hərəkəti balansında isə 0,1 milyard ABŞ dolları profisit yaranması, həmçinin ehtiyat aktivlərinin 5,1 milyard ABŞ dolları artması neftin hər barel üçün orta hesabla 64 ABŞ dolları qiyməti şəraitində baş tutub. Bu il isə 60 faiz ucuzlaşan neftin qiyməti, kəskin azalan tələbin, bazarlar uğrunda mübarizənin və “ağzına qədər dolan” anbarların diktəsi ilə hələ uzun müddət aşağı intervalda olacaq”. 

Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlının sözlərinə görə, üstəlik Azərbaycanda neft hasilatının ilbəil azalması və maya dəyərinin artması da nəzərə alınmalıdır: “Belə şəraitdə iqtisadiyyatın “güzgüsü” sayılan tədiyyə balansının tarazlaşdırılması və davamlı inkişafın təmin edilməsi üçün əsas mənbə sərmayə qoyuluşunun artırılmasıdır. Cənab Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə hazırlanan ortamüddətli iqtisadi proqram və strategiyada əsas məqsədlərdən biri də budur.

İqtisadi tsiklə uyğun olaraq, Azərbaycan iqtisadiyyatı 2015-2016-cı illərdə resessiya və 2017-2018-ci illərdə bərpa dövrünü keçərək, 2019-2020-ci ilin martına qədərki müddətdə inkişaf fazasına qədəm qoymuşdu. Lakin pandemiya və qlobal şoklar Azərbaycanda 2015-2020-ci illərdə olan iqtisadi tsikli qapadır, bundan sonra yeni tsikl yaranır. Bu həm də qlobal iqtisadi inkişaf tsikli ilə sinxronlaşdırılma olacaq.

İnvestisiya qoyuluşunun artması üçün real faiz dərəcələrinin aşağı düşməsi və ucuz maliyyəyə asan çıxış imkanlarının olması vacibdir. Hiks-Hansen yanaşmasına görə, investisiyanın artımı ÜDM-in artımına və yenidən yığımın çoxalmasına gətirə bilər və bu yolla əmtəə və xidmətlər bazarında tarazlığı qorumaq mümkündür. Hazırda strateji ehtiyatlarımız imkan verir ki, dövlət xərcləmələrini artırmaq, vergi yükünü azaltmaq və özəl investisiyanı stimullaşdırmaqla məcmu təklifi dəstəkləyək. Lakin bu halda manata daha çox tələb yaranacaq və əgər pul kütləsinin həcmini dəyişməsək, onda bank faizləri bahalaşa bilər. Hazırkı dönəmdə prioritet investisiya fəallığının artırılması olduğundan, pul bazarında tarazlığı saxlamaq üçün pul kütləsi artmalıdır ki, faizlər qalxmasın. 

Onsuz da son depozit hərraclarında manat Mərkəzi Bankın tələb etdiyindən az cəlb olunub, üstəlik də manatla əqdlərin faizi yüksəlir. Çünki bu ilin təkcə mart ayında Dövlət Neft Fondu tərəfindən bazardan 3,3 milyard manata yaxın milli valyuta alınıb və bu, orta aylıq normadan 4 dəfəyə qədər çox olub. Beləliklə, dövriyyədə manat azlığı hiss olunur. İnvestisiya fəallığı və manat qıtlığı bir araya sığmadığından əmtəə və pul bazarları arasında yeni tarazlıq nöqtəsi tapılacaq. Çünki dövlət həm fiskal, həm də pul-kredit siyasəti ilə iqtisadiyyatı stimullaşdırır. Bu da buraxılış kəsiri yaranan zaman adekvat addımdı”.

Mərkəzin direktoru hesab edir ki, pul kütləsinin artımı inflyasiyanı sürətləndirə bilər: “Lakin 1975, 1982, 1991 və 2009-cu illərdə qlobal resessiya və neft qiymətlərinin düşməsi qlobal inflyasiyanı aşağı salıb. Hazırkı koronaböhran da qlobal inflyasiyanı azaldır ki, bu faktın da qeyri-neft sektoru üzrə 9,5 milyard ABŞ dolları dəyərində idxalı olan Azərbaycanda qiymətlərə azaldıcı təsiri olacaq. Üstəlik ölkəmizdə faktiki ÜDM potensial ÜDM-dən aşağı düşdüyündən, başqa sözlə, buraxılış kəsiri – "output gap" yarandığından inflyasiya sürətlənə bilməz. Belə olan halda Azərbaycanda Fişer effekti də tam işləməyəcək, başqa sözlə, monetar genişlənmə səbəbindən inflyasiya çox sürətlənməyəcəyinə görə onun nominal faizlərə də təsiri minimum olacaq.

Pul siyasətinin lövbəri tədriclə pul bazasından qısamüddətli faizlərin üzərinə keçirilməlidir. Çünki qısamüddətli faizlər nə qədər aşağı olsa, investisiya da bir o qədər çox olacaq. Azərbaycanda verilmiş kreditlər üzrə real faiz dərəcəsi inflyasiya da nəzərə alınmaqla 11,1 faizdir. İndiki halda mövcud biznes kreditlərinin yükünün 10 faizinin dövlətin subsidiyalaşdırması, yeni kreditlərin isə faizlərinin yarısının və zəmanətinin 60 faizinin dövlətin öz üzərinə götürməsi, əslində real faizin biznes üçün əhəmiyyətli dərəcədə aşağı salınmasıdır. Bu iki proqram çərçivəsində veriləcək 1,5 milyard manatlıq dövlət dəstəyi biznes kreditləri formasında iqtisadiyyata qoyulacaq sərmayədir.

Üstəlik pul multiplikatorunu da nəzərə alsaq, 1,5 milyard manat dəstək daha da böyüyə bilər. Dünya üzrə özəl sektora verilən kreditlər ÜDM-in 129,7 faizini təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 20,8 faiz olub (2018-ci il üçün). Beləliklə, özəl sektorun kreditləşməsi üçün daha böyük potensial var. Biznes kreditlərinin dövlət tərəfindən subsidiyalaşdırılması və zəmanət verilməsi kommersiya banklarının risklərlə bağlı ənənəvi arqumentlərini aradan qaldırır. Dövlətin dəstək proqramı bank sektorunu da xilas edir. Bunun əvəzində bank sektoru ona uzadılmış kömək əlini qiymətləndirməlidir və özəl sektorun maliyyələşdirilməsində daha fəal iştirak etməlidir”.

V.Qasımlı hesab edir ki, dövlətin büdcə və pul-kredit siyasətinin iqtisadiyyata stimullaşdırıcı təsiri qısamüddətlidir:

“Tələbi qısamüddətli stimullaşdırmaq asandı, əsas təklifin davamlı artımına nail olmaqdır. İndi verilən dəstək proqramının ortamüddətli dönəmdə təsirini davam etmək üçün institutsional islahatlar, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı islahatlar, insan kapitalının inkişafı və xarici bazarlara daha geniş miqyasda çıxış istiqamətində fəaliyyətlər davam etməlidir. Dövlət investisiyalarının qidalandırdığı iqtisadi modelin, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənməsi prosesi daha da sürətlənməlidir. Bunun üçün kapital və əmlak amnistiyası, “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun və “Rəqabət Məcəlləsi”nin qəbulu, dövlət müəssisələrində korporativ standartların tətbiqinin genişləndirilməsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə, uğurlu biznes islahatlarının, o cümlədən, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi əhəmiyyətli rol oynayacaq. Sərmayələrin Azərbaycan iqtisadiyyatının artım nöqtələrinə - kənd təsərrüfatı, ərzaq sənayesi, tikinti, turizm, ticarət, tranzit, logistika, dağ-mədən sənayesi və neft-kimya sənayesinə yönləndirilməsi zəruridir.

İqtisadiyyatın miqyas effekti sübut edir ki, hər bir milli iqtisadiyyat (xüsusən də kiçik) yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan xarici bazarlara çıxışı olsun. Post-korona dövründə Azərbaycan yeni xarici iqtisadi fəaliyyət istiqamətlərinin konturlarını müəyyənləşdirərək, xüsusilə, xarici bazarlara çıxış imkanlarını yenidən qiymətləndirə bilər. Bu mənada qlobal dəyər zəncirlərinə qoşulma və klasterlərin yaradılması, həmçinin effektivlik, strateji obyektlər və bazarlar axtaran xarici birbaşa sərmayələrin cəlbi məqsədəuyğundur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR