Vergilər Nazirliyi: Sosial sığorta hesabatlarını təqdim etməyən vergi ödəyicisinə 40 manat maliyyə sanksiyası…
Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
“Hazırda qanunvericiliyin bu tələbinə əsasən sosial sığorta hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.
“Report” xəbər verir ki, bunu müsahibəsində Vergilər Nazirliyinin İqtisadi təhlil Departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadə deyib.
N.Vahabzadənin sözlərinə görə, cari ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda artım qeydə alınıb:
“Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən sığorta haqqına cəlb edilən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində 200 manatadək olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3 faiz, sığortaedənin vəsaitindən 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 faizi üzrə tutulur. Məsələn, əmək müqaviləsi ilə işləyən vətəndaş 650 manat əmək haqqı alırsa, o gəlir vergisi ödəmir. Vətəndaşın məcburi dövlət sosial sığortasına cəlb olunmayan gəlirləri olmadığı halda, 650 manatın 200 manat hissəsi üçün 3 faiz sosial sığorta haqqı əmək haqqından tutularaq ödənilir. Bu zaman müəssisə tərəfindən 22 faiz sosial sığorta haqqı ödəyir. Əmək haqqının qalan 450 manatı üçün vətəndaşın əmək haqqından tutularaq 10 faiz, müəssisə isə 15 faiz sosial sığorta haqqı ödəyir. Eyni zamanda, 650 manatın 0,5 faizi vətəndaşın əmək haqqından tutularaq işsizlikdən sığorta haqqı müəssisə tərəfindən ödənilir. Bu zaman müəssisə 650 manatın 0,5 faizi miqdarında işsizlikdən sığorta haqqı ödəyir”.
Nazirlik rəsmisi deyir ki, vergi ödəyicilərinin sosial sığorta üzrə məlumatları Vergilər Nazirliyinin proqram təminatına inteqrasiya olunaraq uyğunlaşdırılması prosesi bu ilin əvvəlinə qədər davam etdirilib:
“Vergi ödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2018-ci ilin 4-cü rübün hesabatları da Vergilər Nazirliyinə təqdim edilib. Lakin, həmin dövr üzrə hesabatların təqdim edilməsi zamanı vergi ödəyicilərinin sosial sığorta üzrə məlumatları Vergilər Nazirliyinin proqram təminatına inteqrasiya olunaraq uyğunlaşdırılması prosesi davam etdirilirdi. Bu səbəbdən şəxsi hesab vərəqələrində yaranmış texniki uyğunsuzluqlar Vergilər Nazirliyi tərəfindən aparılmış tədbirlər nəticəsində qısa zamanda aradan qaldırılıb. Bununla yanaşı, artıq vergi ödəyicilərinin həm vergi, həm də sosial üzrə ödənişləri, borc öhdəlikləri və digər məlumatlar şəxsi hesab vərəqələrində əks olunur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət