Slimfit
  1. MEDİA

Vazgen Manukyanın kabinetində əməliyyat

Vazgen Manukyanın kabinetində əməliyyat
Sakura

Bu əməliyyatı onun özündən “xəbərsiz” kim aparmışdı?

Ermənistanda vəziyyət getdikcə gərginləşir. Özlərini “birləşmiş müxalifət” kimi təqdim edən, lakin əksəriyyəti oğru, bandit, terrorçu və işğalçı olan cani təfəkkürlü dəstə Vazgen Manukyan adlı bir cinayətkarı da başçı seçib.

Hakimiyyətə Qərbin dəstəyi ilə gəlsə də, indi Rusiyanın soyuq qucağında özünə isti sığınacaq tapa bilmiş Paşinyanı aşıra bilsələr, hökumətə həmin Vazgenin rəhbərlik edəcəyini bəyan ediblər.

İşğalçı Ermənistanın tarixində SSRİ dağılan ərəfədə təyin olunan “ilk baş nazir” kimi tanınan Manukyan fizika-riyaziyyat elmləri doktorudur. Özü haqqında danışanda hələ 1967-ci ildə Moskvadakı Türkiyə səfirliyi qarşısında “mitinq” keçirdiyini və guya elə buna görə də Moskva Dövlət Universitetindən qovulduğunu vurğulamağı sevir. Bunun nə dərəcədə doğru olduğunu söyləmək çətin olsa da, Türkiyəyə və türk millətinə nifrətini aydın göstərən bir amil olduğunu anlamaq çətin deyil.

O da məlumdur ki, Vazgen həm də Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi məqsədilə yaradılan və demək olar ki, əksəriyyəti müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının casusu olan qondarma “Qarabağ” komitəsi üzvlərindən biri idi və əhalinin gözündə şişirtmək, məşhurlaşdırmaq və sonra rəhbər vəzifəyə təyin edilməsini asanlaşdırmaq məqsədi ilə o zamankı Moskva hökuməti onu həbs etmiş və 6 aydan sonra buraxmışdı.

SSRİ dağılandan sonra o, üç dəfə işğalçı Ermənistanın Qarabağın ilhaqını dəstəkləyən cinayətkar parlamentinin üzvü, 1992-1993-cü illərdə müdafiə naziri olub. İndiyədək dörd dəfə – 1996, 1998, 2003 və 2008-ci illərdə prezident kürsüsünə can atsa da, kifayət qədər səs qazana bilməyərək hər dəfə seçkini uduzan 75 yaşlı Vazgen Manukyanın Ermənistanın siyasi isteblişmenti arasında ən məşhur cinayətkarlardan biri olduğunu sübut etmək üçün onun işğalçı ölkənin müdafiə naziri olduğu dövrdə Kəlbəcərin işğal edilməsini və əliyalın dinc əhaliyə qarşı görünməmiş qanlı cinayətlər törədilməsini, işğal əməliyyatına isə şəxsən rəhbərlik etməsini söyləmək kifayətdir. 

Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşündən və Ermənistanın işğalçı ordusunun Qarabağda darmadağın edilməsindən sonra Azərbaycan və Rusiya ilə birlikdə məlum bəyanata imza atmağa məcbur olan Nikol Paşinyanın istefası tələbi ilə küçəyə çıxan və özlərinə “Vətənin xilası naminə hərəkat” adı qoyan işğalçı təfəkkürlü tör-töküntüdən ibarət “17 müxalifət partiyasının təmsilçiləri”nin qurmaq istədiyi “Milli barışıq hökuməti”nin başçılığına hazırda “Milli-demokrat ittifaqı” partiyasının sədri olan Vazgen Manukyanı təklif etməsi, deyəsən, 4 dəfə siyasi olimpə can atıb caynağı qanlı arxaya yıxılan qoca tülkünün də ürəyindən olub. Belə fürsət bir əsrdə neçə dəfə ələ düşə bilər!

Vazgen Manukyan əslində digər cani qardaşlarından yaxşı mənada heç nə ilə fərqlənmir. 1998-ci ildə Ermənistana səfərim zamanı bir qrup jurnalistlə birlikdə onunla görüşdə şəxsən iştirak etmiş, uzun-uzadı çıxışını, verilən suallara cavablarını dinləmiş, həmkarlarım kimi mən özüm də ona bir neçə sual vermişəm.

İndi həmin görüşdən bir fraqmenti oxucuların diqqətinə çatdırmaq istəyirəm. O zaman geniş müsahibə “Ədalət” qəzetində dərc edilmişdi. Bizi öz kabinetində qəbul edən “milli demokratlar ittifaqı”nın sədri giriş nitqində Azərbaycanla münasibətlər barədə uzun-uzadı danışdı. Guya bizimlə sülh şəraitində, dinc qonşuluq mühitində yaşamaq istədiklərini, münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduqlarını söylədi. Onu da qeyd etməyi unutmadı ki, rəhbərlik etdiyi partiya Ermənmistanda hakimiyyətə gələrsə, Qarabağ problemi yalnız və mütləq sülh yolu ilə həll ediləcək. Sonra söz jurnalistlərə verildi və suallar başladı.

Jurnalistlər çox olduğuna görə əvvəlcədən razılıq olmuşdu ki, keçmiş baş nazirə hərə yalnız iki sual versin. Mən də iki sual hazırlamışdım. Lakin onun kabinetinə daxil olandan sonra gördüyüm mənzərə məni suallarımdan birini dəyişməyə məcbur etdi. Sülhdən, Azərbaycanla dinc yanaşı yaşamaqdan, münaqişəni yalnız sülh yolu ilə həll edəcəklərindən danışan partiya sədrinin oturduğu kürsünün arxasındakı divara qondarma “Böyük Ermənistan” xəritəsi vurulmuşdu. Xəritənin üst tərəfindən, Manukyanın düz başının üstündən isə törətdiyi qanlı cinayətləri hesaba gəlməyən, Azərbaycanda Azərbaycan əsgərinin məhv etdiyi terrorçu Monte Melkonyanın şəkli asılmışdı.

Sualım belə idi:

– Siz bizə ağızdolusu sülhdən danışırsınız. Münaqişənin dinc yolla həllinin tərəfdarı olduğunuzu bildirirsiniz. Hakimiyyətə gələcəyiniz təqdirdə Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həllinə nail olacağınızı söyləyirsiniz. Biz bunu alqışlayırıq və düzgün yol seçdiyinizi hesab edirik. Lakin, bütün bu dediklərinizin səmimiliyinə və yalnız həqiqəti əks etdirdiyinə inanmaq xatirinə müdafiə naziri olduğunuz dövrdə şəxsən rəhbərlik etdiyiniz əməliyyat nəticəsində Ermənistan ordusunun Azərbaycanın Kəlbəcər rayonunu işğal etdiyini və buna görə birbaşa cavabdehlik daşıdığınızı, eləcə də BMT-nin sizin silahlı qüvvələrin Kəlbəcər ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 nömrəli qətnaməsi olduğuna baxmayaraq hələ də işğal altında saxladığını müvəqqəti olaraq unutmaq istəsək belə arxanızdakı divara vurub önündə oturduğunuz xəritəyə və başınızın üstündən asdığınız portretə baxanda bütün bunların saxta olduğu təəssüratı yaranır. Zəhmət olmasa, deyin, bunları görə-görə sizin səmimiliyinizə inanacağımıza doğrudanmı inanırsınız? Ya bizi...

– Hansı xəritə? Hansı portret? – sözümü kəsərək bic gözlərinin dərinliyində güclə sezilən tülkü təbəssümündən başqa bütün sifətində yalnız kütlük oxunan bir ifadə ilə soruşur.

– Divarınıza vurduğunuz və sülh şəraitində yaşamaq istədiyinizi dediyiniz Azərbaycanın ərazilərinin də daxil edildiyi süni “böyük ermənistan” xəritəsi və bütün dünyada terrorçu kimi tanınan, terror cinayətlərinə görə vaxtilə mühakimə olunan və Azərbaycanın işğalı üçün vuruşan zaman Azərbaycan əsgərinin öldürdüyü Monte Melkonyanın portreti. Azacıq qanrılıb geri baxsanız mənim kimi siz də görərsiniz, – dedim.

Əlbəttə, axırıncı cümləni lağla demişdim və özünü key kimi aparmağına işarə edirdim. Keçmiş müdafiə naziri müdafiə nazirinə o qədər də uyuşmayan yoğun boynunu döndərib geri baxdı. Duruxdu. Guya təəccüblə gözlərini bərəldib çiyinlərini çəkdi. Bir neçə saniyə ora-bura baxıb başını buladı “əsəbi” şəkildə kimisə çağırdı. Katibə, yaxud köməkçi təəssüratı bağışlayan bir qız otağa daxil oldu. Vazgen Manukyan onunla guya hirsli-hirsli, özü də rus dilində danışmağa başladı:

– Özün bilirsən ki, neçə gündür mən burada yox idim. Regionlara getmişdim. Mən burada olmayanda kimsə mənim kabinetimdə əməliyyat aparıb, kimsə gətirib bu xəritəni divardan asıb, bu portreti də vurub bura. Bunu kim edib? Nə üçün edib? Siz işdə deyildinizmi? Siz burada yox idinizsə o adamları kim buraxıb içəri? Görməmisinizmi? Görmüsünüzsə, niyə buna imkan vermisiniz?

Şefinin qırımından əhvalını dərhal başa düşən və nə demək istədiyini, eləcə də necə cavab vermək lazım olduğunu göydə tutan haxçik tutuquşu kimi onun dediklərini təkrarlamağa başladı:

– Bəli, siz bir neçə gün burada olmadınız. O zaman biz qərara aldıq ki, fürsətdən istifadə edib kabinetə bir az əl gəzdirək, başqa vaxt imkan olmur. – Sonra isə əlavə etdi: – Yır-yığış elədik, artıq əşyaları otaqdan çıxartdıq. Hər yeri silib təmizlədik. Divar çox boş görünürdü. Bu xəritəni tapıb asdıq buradan. Sonra da şəkli vurduq üstündən. Elə bildik sizin də xoşunuza gələcək. Əgər istəmirsinizsə qopardaq, ikisini də götürək.

– Yox, indi burada tamaşa göstərmək vaxtı deyil, – deyə Vazgen guya əsəbi halda cavab verdi. – Görmürsünüz yanımda qonaqlar var? İndi gedin, görüşümüz qurtarandan sonra, hətta qonaqlar çıxan kimi gəlib götürərsiniz bunları. Mənə lazım deyil bunlar...

Haxçik özünü guya incik göstərirmiş kimi dabanlarını taqqıldada-taqqıldada çıxdı. Manukyan üzünü mənə çevirib:

– Sizə təşəkkür edirəm, – dedi, – yaxşı qeyd elədiniz, düzgün iraddır. Bir balaca nəzarətsiz qotyursan, kim nə istəyir onu da eləyir. Xahiş edirəm, növbəti sualları verəsiniz, – deyə baxışlarını məndən çəkib qalan jurnalistlərə yönəltdi. Mən də bir mədəni centlmen kimi ona təşəkkür edib “diqqətinə görə” “sağ olun” dedim.

Bu, Qarabağda işğalçı Ermənistan ordusunun ağır məğlubiyyətindən sonra yaranmış faciəvi vəziyyətdən istifadə edərək hakimiyyəti ələ keçirməyə hazırlaşan və son 33 ildə Azərbaycanın başına gələn bəlaların birbaşa baiskarı və icraçılarından, yaxud onların əlaltılarından ibarət olan cani və qatillər dəstəsinin başçılığını öz üzərinə götürən “lider”in şəxsiyyətini, simasını, ləyaqətini və mənliyini göstərən kiçik bir fraqment idi ki, sizə danışdım, əziz oxucular.

Axırda isə diqqətinizə görə sizə təşəkkür edirəm...

 

Müəllif: Kərim Kərimli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR