Valideynlər buraxılış imtahanlarına edilən dəyişikliklərlə bağlı məlumatlandırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində IX və XI sinif şagirdlərinin buraxılış imtahanları ilə bağlı valideynlərlə görüşlər keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrinin direktorları, müəllimlər və valideynlərin iştirakı ilə keçirilən görüşlərin əsas məqsədi buraxılış imtahanlarına dair dəyişikliklər barədə valideynlərə ətraflı məlumat vermək və məktəb-valideyn əlaqələrini daha da möhkəmləndirməkdir.
Görüşlərdə 2018-2019-cu tədris ilində məktəbin perspektiv fəaliyyət istiqamətləri, ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramlarına dair təhsilalanların biliyinin yekun qiymətləndirilməsi qaydaları, buraxılış imtahanının I və II mərhələsində şagirdlərə təqdim olunan sualların həcmi və məzmunu barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, IX siniflər üzrə buraxılış imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili, riyaziyyat və ingilis dili olmaqla iki, XI siniflər üzrə buraxılış imtahanı isə eyni fənlər üzrə bir mərhələdə aparılacaq.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanında əldə etdikləri nəticələrin də nəzərə alınacağı və qəbul imtahanlarından toplanılan balın üzərinə əlavə ediləcəyi nəzərə çatdırılıb. Qeyd olunub ki, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal- 300+400=700 bal) əsasən, ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak edəcəklər.
Görüşlərdə, həmçinin valideynləri maraqlandıran suallar cavablandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət