Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uzun müddət davam edən bel ağrılarına diqqət - Ortopedik cərrah ağrının səbəblərini açıqladı

Uzun müddət davam edən bel ağrılarına diqqət - Ortopedik cərrah ağrının səbəblərini açıqladı
Sakura

Uzun müddət davam edən bel ağrılarına diqqət - Ortopedik cərrah ağrının səbəblərini açıqladı

Beliniz ağrıyır? Tək deyilsiniz. Ən azı üç ayda bir dəfə dörd insandan biri bel ağrılarından əziyyət çəkir.

İnsan kürəyi mürəkkəb bir quruluşa malikdir. Onun mərkəzi bir-biri ilə sıra ilə bağlanan və onurğa sütunu təşkil edən 33 sümükdən – fəqərələrdən ibarətdir. Onurğa sütununun mərkəzindəki kanal vasitəsilə onurğa beyni sinirləri keçir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir.

Onurğa ağrılarının bir çox səbəbi var. Bu, əzələ gərginliyi, fəqərəarası disk yırtıqları və ya onurğa problemi ola bilər. Ayrıca, bel ağrıları travmalar və ya şiş nəticəsində yarana bilər. Ancaq əksər hallarda ağrının konkret səbəbini təyin etmək mümkün deyil.

"Nadir hallarda konkret səbəb tapırıq" , - deyə rusiyalı ortopedik cərrah Maslov Sergey Konstantinoviç açıqlama verib. Həkimin sözlərinə görə, yalnız bel ağrıyırsa və ağrı orta dərəcədədirsə, bir qayda olaraq, narahatlıq üçün güclü səbəb yoxdur:

“Yaşla bağlı olaraq beldə təbii dəyişikliklər olur. Fəqərəarası disklər köhnəlir və onurğanın kiçik oynaqlarının artriti inkişaf edir. Bu dəyişiklikləri MRT-də görmək olar. Ancaq həqiqət budur ki, fəqərəarası disklərin degenerasiyası bel ağrısından şikayət etməyən bir çox insanda da olur. Odur ki, ağrıya yaşla əlaqədar dəyişikliklərin səbəb olduğu iddia edilə bilməz.

Bel ağrısı ehtimalı kök insanlarda, siqaret çəkənlərdə daha yüksəkdir. İdman etməyən və əsasən oturaq həyat tərzi keçirənlər də tez-tez bel problemlərindən şikayətlənir”.

Yaxşı xəbər odur ki, əksər hallarda ağrı öz-özünə gedir. Yenidən görünsə, həkim ağrıkəsici dərman qəbul etməyi, kürəyi yüklənmədən qorumağı, ağırlıq qaldırmamağı və kəskin şəkildə əyilməməyi məsləhət görür. Mütəxəssis bildirib ki, adətən ağrı bir neçə həftə içində yox olur:

“Ancaq bəzi insanlarda ağrı dayanmır. 3 aydan çox davam edərsə və qalıcıdırsa, bu, hərtərəfli müayinə tələb edən xroniki bel ağrısıdır. Xroniki ağrının müalicəsi onun meydana gəlməsinin mənbəyindən asılıdır. Xroniki bel ağrısının bəzi növləri uzunmüddətli dərman tələb edir. Ağrı travma və ya şişlərdən qaynaqlanırsa, bu zaman əməliyyat kömək edə bilər. Əməliyyat fəqərəarası diskin yırtığı və ya onurğa stenozu (bu, fəqərəarası sinirlərin sıxılmasına gətirib çıxaran onurğa kanalının daralmasıdır), həmçinin degenerativ spondilolistez (bir fəqərənin digərinə nisbətən yerdəyişməsi) olduğu təqdirdə təsir edəcək.

Ancaq cərrahi müalicə hər kəs üçün uyğun deyil. Bel ağrısı üçün bir çox digər müalicə üsulları var. Hansı variantın sizin üçün ən uyğun olduğuna həkiminizlə birlikdə qərar verin".

Əksər insanlar əməliyyat olmadan xroniki ağrılardan qurtula bilər. Sergey Konstantinoviç əmin edir ki, ən başlıcası ağrının sizə hakim olmasına imkan verməməkdir. Tədqiqatlar göstərir ki, aktiv həyat tərzi aparan insanlar daha sürətli bərpa olunurlar. Əsas odur ki, belin yüklənməsindən qaçın.

“Ağrıya tab gətirməmək və çox hərəkət etməkdən qorxmamaq vacibdir. Nə etməyinizin fərqi yoxdur, sadəcə fiziki cəhətdən aktiv olun”, - deyə həkim sonda vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR