Slimfit
  1. MARAQLI

Uşaqlar və texnologiya: qazanılan vərdişlər uşağa necə təsir edir?

Uşaqlar və texnologiya: qazanılan vərdişlər uşağa necə təsir edir?
Sakura

Uşaqlar və texnologiya: qazanılan vərdişlər uşağa necə təsir edir?

Ənənəvi kitab, yoxsa texnologiya? İndi dünyanı ekrandan izləmək müasir dövr uşaqlarını cəlb edən əsas məşğuliyyətdir. Nağıl kitablarını vərəqləmək vərdişini artıq mobil telefonlar, planşetlər əvəz edir. Bəs valideynlər bu haqda nə düşünür, texnoligiya kitabı əvəz edə bilirmi və uşaqların inkişafına bu, necə təsir edir?

"Kitabın şəkillərinə baxandan sonra o, qızıma daha maraqlı olmur. Amma videolar vasitəsiylə informasiyanı daha tez yadda saxlayır. " - Yəmən Haşımova yeddi yaşlı qızından danışır.

Qızında maraq yaratmaq üçün Yəmən Haşımova həftədə iki dəfə onunla Bakı Kitab Mərkəzinə gedir və Əminəyə bəyəndiyi kitabları oxuyur. Amma bu mütaliə telefonda izlədiyi görüntülü videoları əvəz etmir.

"Hər gün telefonu əlinə götürməyi, videolara baxmağı səbirsizliklə gözləyir. Telefonumdan yarım saat, bir saat istifadə etməyə icazə verirəm. Elə olur birlikdə oyunlara,cizgi filmlərinə baxırıq." -Yəmən Haşımova deyir.

uşaq

Gənc valideynin fikrincə, nəzarət olunsa, uşaqlar texnologiyadan çox şey öyrənə bilərlər. Çünki internet vasitəsiylə onu maraqlandıran informasiyanı tez tapmaq olur. Kitabda isə bu imkanlar olmur.

"Telefonda interneti nə qədər limitli rejimə qoysan da kənardan manipulyasiyalar olur. Uşaqlara aid olmayan reklamlar, videolar çıxır. Kitab isə konkret bilirsən hansı mövzudadır, amma heyif ki, imkanları məhduddur." - o qeyd edir.

uşaq

"Qızımın 4 yaşı tamam oldu, ad günündə nağıl kitabı hədiyyə etmişdilər. Bu günə kimi ona nağıl oxumamışam. İndi istədim nəsə oxuyum, gördüm diqqət ayırmır."- başqa bir valideyn Nərgiz Cəfərova deyir.

Nərgizin qızı iki yaşından youtube-da videoları izləyir, anasının sözlərinə görə, o, çox şeyləri -ingiliscə saymağı, rənglərin, meyvələrin adlarını və ona faydalı olan bir çox məlumatları öyrənib. Ana bir müddət youtube-dən istifadəyə qadağa qoyduqda isə uşağın bu inkişafdan geri qaldığını müşahidə edib.

uşaq

"Bağçadan evə gələndən sonra hər gün təxminən 2 saata yaxın telefonla videolara baxır. Görüntü olmasa uşaq heç nəyə maraq göstərmir. Bağçada da çox şey öyrənmir."- Nərgiz deyir.

Nərgizin fikrincə, ənənəvi kitaba marağın olmamağı övladında böyük boşluq yarada bilməz, əsas interaktiv medianın hesabına çoxlu biliklər əldə etməkdir.

uşaq

Gülnar Malikova kitaba həvəs yaratmaq üçün özünün tez-tez mütaliə etdiyini, bununla qızına və oğluna nümunə olduğundan danışır.

"Qızımın 5, oğlumun 8 yaşı var. Üşaqlar özləri də axşam tələb edir ki, onlar üçün kitab oxuyum. Amma öz istəkləri ilə kitabı götürüb oxusun.. bu, çətin məsələdir. Hər ikisinin planşeti var, youtube-də uşaq kanallarına baxırlar." - Gülnar düşünür ki, indiki dövrün uşaqlarını onların əsas maraqlarından - texnologiyadan uzaqda saxlamaq mümkün deyil.

Əvvəlki nəsil yaşıdlarıyla müqayisədə bu uşaqların dünya görüşləri daha çoxdur, amma düşünməyə meylli deyillər."Bir də görürsən, uşaqlar planşetə qapanır, sual verirsən, cavab vermir. Baba-nənə söz soruşanda ünsiyyət qurmağa çalışmırlar. Nəyisə danışmaq, nəyisə sənlə paylaşmaq istəmirlər.

Amma kitab oxuyan uşaqların özünü ifadə etməsi, xəyal dünyası fərqli olur. Kitab oxuyan, oyun oynayan uşaq bu gün texnologiya ilə məşğul olan uşaqdan daha xoşbəxtdir. " -Gülnar uşaqlarla bağlı müşahidələrini qeyd edir.

"Texnologiyaya nəzarət olunması çıxış yolu deyil"

Uşaq və təhsil psixoloqu Ramidə Məmmədovanın təcrübəsinə görə, artıq ikinci onillikdir ki Azərbaycanda uşaqlar arasında kitab oxuma mədəniyyəti aşağı səviyyəyə düşüb. Ailədə böyüklərin mütaliədən uzaq olması uşaqların tərbiyəsinə birbaşa təsir edir. Psixoloq qeyd edir ki, kitabdan uzaq qalan uşaq səbrsiz olur, ünsiyyət qurmaqda, cəmiyyətə adaptasiyada, fikirlərini izah etməkdə çətinlik çəkir.

"Kitabı oxuyanda artıq uşaqda suallar yaranır, ətrafdakılarla müzakirə apara bilir. Texnologiya vasitəsiylə ötürülən informasiya isə daha çox robotlaşmış təfəkkürdür. Uşaqlar informasiyanı qəbul edirlər, amma canlı kontakt olmadığı üçün biliklərini bölüşə,real hadisələrə münasibət bildirə bilmirlər. Bu da onlarda psixoloji gərginlik yaradır."- psixoloq texnologiyaya bağlılığın neqativ tərəflərini izah edir.

Ramidə Məmmədovaya görə, texnologiyaya nəzarət olunması çıxış yolu deyil. Məişət işlərinə fokuslanan valideynlər övladını smartfonların ixtiyarına buraxdıqda uşaqlar reallıqdan uzaqlaşır, ətrafdakılarla ünsiyyətə maraqlı olmurlar.

"Uşaqlara texnologiyanı qadağan edə bilmərik, amma düzgün şəkildə istifadəsini öyrədə bilərik. Videolara, cizgi filmlərinə uşaqlar valideynləriylə birgə baxmalı və müzakirə etməlidir. Bəzən məlumatların çoxu heç də doğru olmur."- psixoloq qeyd edir.

"Texnologiya azyaşlıların ətrafdakılarla ünsiyyətini, onların cəmiyyətə adaptasiya olmaq tərzini dəyişir. Bu, eyni zamanda onların mental və emosional sağlamlığına böyük təsir edir. Demək olmaz ki, smartfonlar, planşetlər və s. bütünlükdə pisdir və uşaqlar ondan istifadə etməməlidir.

Texnologiyanın bir çox imkanları uşaqların əyləncəsində, yeni biliklər əldə etməsində kitabla müqayisədə daha effektiv rol oynayır. Amma istər kitab, istər texnoloji vasitələri mütəxəssislərin dediyi kimi, böyüklər tərəfindən düzgün şəkildə idarə və tətbiq olunarsa, gənc nəslin inkişafında müsbət nəticə verə bilər", Ramidə Məmmədova deyir.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR