Slimfit
  1. SİYASƏT

Banqladeş səfiri: Beynəlxalq platformalarda Qarabağ məsələsi də daxil olmaqla Azərbaycanın mövqeyini dəstəkləyirik

Banqladeş səfiri: Beynəlxalq platformalarda Qarabağ məsələsi də daxil olmaqla Azərbaycanın mövqeyini dəstəkləyirik
Sakura

Banqladeş səfiri: Beynəlxalq platformalarda Qarabağ məsələsi də daxil olmaqla Azərbaycanın mövqeyini dəstəkləyirik

Azərbaycanı beynəlxalq arenada haqq işini dəstəkləyən ölkələrdən biri də Banqladeşdir. Bu ölkənin Türkiyədə iqamətgahı olan Azərbaycan, Gürcüstan və Türkmənistan üzrə qeyri-rezident səfiri Amanul Haq “Report”un Ankara bürosuna müsahibəsində bu ilin iyun ayında Azərbaycan və Banqladeş Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci iclasından sonra iki ölkə arasında əməkdaşlığın yeni dövrünün başlandığını bildirərək, ölkələr arasında siyasi, iqtisadi təhsil, mədəniyyət, turizmi əlaqələrinin genişləndirilməsi, vizaların sadələşdirilməsi və digər məsələlərin həyata keçirilməsi üçün bir səfir olaraq üzərinə düşən vəzifə və səlahiyyətlərdən irəli gələn prioritetlərini açıqlayıb.

- Cənab səfir, 2020-ci ilə qədər Banqladeş Xalq Respublikasının Azərbaycandakı səfiri iqamətgahı Ankarada olmaqla vəzifəsini yerinə yetirirdi. Sonra bu funksiya İranda iqamət edən Banqladeş səfirinə verildi. Bu ildən isə Banqladeşin Azərbaycan üzrə səfiri öz səlahiyyətlərini yenidən Türkiyədən icra edəcək. Diplomatik fəaliyyətiniz müddətində ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində əsas prioritetləriniz nədən ibarət olacaq?

- Qeyd etdiyiniz kimi, 2020-ci ildən sonra Banqladeşin İrandakı səfirliyi rəsmi olaraq Azərbaycanda akkreditə olunub. Lakin praktiki və siyasi çətinliklərə görə Azərbaycanda yaşayan Banqladeş İcmasının İrandakı Banqladeş səfirliyindən adekvat dəstək alması çətinləşdi. Onlar həmçinin səfirliyin İrandan Türkiyəyə dəyişdirilməsini istəyiblər və Banqladeşdəki vəziyyəti izah etmək üçün xeyli səy göstərdikdən sonra bu il Türkiyədən Azərbaycana səfir təyin olunmasına qərar verilib.

Bir neçə əsas sahə var ki, iki ölkə arasında əlaqələr hələ də tam inkişaf etdirilməyib, yaxud məhdud ünsiyyət və məşğulluq səbəbindən lazımi şəkildə həyata keçirilməyib. Banqladeş və Azərbaycan xüsusilə ticarət, investisiya, təhsil, mədəniyyət və İKT sahələrində əməkdaşlıq üçün çoxsaylı potensial sahələrə malikdir. Əsas prioritetim bu sektorlarda irəliləyişi sürətləndirmək və ikitərəfli əlaqələri gücləndirmək olacaq.

 

- Oktyabrın 31-də etimadnamənizi Azərbaycan Prezidentinə təqdim etdiniz. Bu görüş sizdə necə bir təəssürat yaratdı?

- Mən İlham Əliyevi ilk dəfə 2006-cı ilsə görmüşəm. O planlarını reallığa çevirmək gücündə olan prinsipial bir dövlət başçısı təəssüratı yaradıb məndə. Cənab Prezidentə etimad məktubumu təqdim edəndə mənə dedi ki, müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirməyin vaxtı gəlib.

- Azərbaycanla Banqladeş münasibətlərini necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ildən qurulub, Banqladeş, Azərbaycanla əlaqələri rəsmiləşdirən 13-cü dövlətdir. Bu illər ərzində ölkələrimiz xüsusən də Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq forumlarda sıx əməkdaşlıq edir və bu çoxtərəfli kontekstdə münasibətlərimiz inkişafdadır.

- Bildirdiyiniz kimi, Azərbaycanla Banqladeşin BMT və İƏT çərçivəsində əməkdaşlığı nəzərə çarpır. Yəni demək olarmı ki, hər iki ölkə islam mədəniyyətinin bir hissəsi olduğu üçün bu beynəlxalq təşkilatlardakı birgə fəaliyyətləri öndədir?

- Şübhəsiz ki, hər iki ölkənin ortaq islam mədəniyyəti fərqli mədəni oriyentasiyalara malik ölkələrlə müqayisədə bizi bir-birimizə daha da yaxınlaşdırmaq potensialını artırır. Həm Banqladeş, həm də Azərbaycan İƏT-in fəal üzvləridir və BMT-də və digər beynəlxalq platformalarda bir-birinin maraqlarını dəstəkləyirlər. Məsələn, Banqladeş Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövqeyini ardıcıl olaraq dəstəkləyir. Öz növbəsində Azərbaycan Banqladeşi müxtəlif beynəlxalq platformalarda, məsələn, BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyasında, Beynəlxalq Telekommunikasiya İttifaqında və BMT Təhlükəsizlik Şurasının seçkilərində və digərlərində prinsipiallıqla dəstəkləyib.

Əməkdaşlığımıza çoxtərəfli təşkilatlarda da qarşılıqlı dəstək daxildir. Məsələn, Azərbaycan 2016-2019-cu illər arasında Banqladeşin Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT), Beynəlxalq Dəniz Təşkilatına (IMO) və İnsan Hüquqları Şurasına (UNHRC) namizədliyini dəstəkləyib. Eynilə, bu təşkilatlarda müvafiq namizədlər üçün ölkələrimiz arasında qarşılıqlı dəstək razılaşması mövcuddur.

- Yeri gəlmişkən, ölkələrimizin diplomatiya və digər sahələrdə əlaqələrinin inkişafı üçün, Sizcə hansı addımlar atılmalıdır?

- Qeyd etdiyim kimi, əməkdaşlığımızın əksəriyyəti çoxtərəfli səviyyədə olub. Ona görə də, şübhəsiz ki, ikitərəfli əlaqələri genişləndirmək və dərinləşdirmək üçün imkanlar var. Diplomatik əlaqələri gücləndirmək üçün yüksək səviyyəli mübadilələrin artırılmasına və Xarici İşlər Nazirliyi ilə müntəzəm məsləhətləşmələrin təşkilinə üstünlük verməliyik. Bu ilin iyununda Azərbaycanla birinci dəfə ilk siyasi məsləhətləşmələrimizi keçirdik və bundan çox məmnun olduq. Biz həmçinin iqtisadi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağı və mümkün qədər tez Birgə İqtisadi Komissiya yaratmağı hədəfləməliyik.

Bundan əlavə, biz azərbaycanlı investorları Banqladeşin inkişaf edən iqtisadiyyatındakı imkanları araşdırmaq üçün fəal şəkildə təşviq etmək istəyirik. Düşünürəm ki, bu da ölkələrimiz arasında ticarətin inkişafına kömək edəcək. Təhsil, səhiyyə və mədəniyyət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi də ikitərəfli münasibətləri dərinləşdirmək səylərimizin əsasını təşkil edəcək.

 

Bu ilin fevralında Azərbaycan Parlamenti iki il müddətinə Asiya Parlament Assambleyasına sədrliyi öz üzərinə götürdü. Sözügedən qurum çərçivəsində Azərbaycan-Banqladeş münasibətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanın Asiya Parlament Assambleyasına rəhbərliyi ölkələrimizin parlamentləri arasında əlaqələri daha da gücləndirmək, eləcə də digər Asiya dövlətləri ilə əməkdaşlığı dərinləşdirmək üçün gözəl imkan yaradır. Bu platforma bizə ikitərəfli dialoqu gücləndirməyə və ortaq regional və qlobal çağırışlar üzərində işləməyə imkan verir.

- Azərbaycanın çoxmillətli olması tolerantlıq üçün zəmindir. Siz Bakıda olmusunuz. Bunu necə gördünüz və ümumiyyətlə, bizim tariximiz haqqında nə bilirsiniz?

- Azərbaycana ilk səfərim 2006-cı ildə İKT-də işlədiyim vaxt olub. O vaxtdan bəri mən müxtəlif vaxtlarda Bakıda olmuşam, paytaxtınızda və bütün ölkədə əsaslı dəyişikliklərin şahidi olmuşam. Siz haqlı olaraq qeyd edirsiniz ki, Azərbaycan çoxmillətlidir, əhalisinin əksəriyyəti Banqladeş kimi müsəlmandır və bu, təbii olaraq tolerantlığı və ortaq mədəni dəyərlər hissini aşılayır. Bizim cəmiyyətlərimiz arasında çoxlu oxşar cəhətlər var ki, bu da ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi üçün zəmin ola bilər.

- Aramızda məsafənin çox olmasına baxmayaraq, ölkələrimiz arasında turizm əlaqələrinin qurulması mümkündürmü?

- Müasir dünyada yeni kommunikasiya və səyahət texnologiyaları sayəsində məsafə artıq keçilməz bir maneə deyil. İnsanlar arasında mübadilənin təşviqi çox vacibdir, çünki bu, ölkələrimiz arasında daha çox turizmi təşviq edəcəkdir.

Məsələn, Banqladeşdən olan insanlar Türkiyəyə səfər edərkən, ölkənin zəngin mədəni irsini və turizm imkanlarını araşdırmaq üçün Azərbaycana da səfər etməyi düşünə bilərlər. Eynilə, Hindistana səyahət edən azərbaycanlılar həm mədəni mübadilə, həm də biznes imkanları üçün Banqladeşi öz marşrutlarına daxil edə bilərlər. Güclü turizm əlaqələrini inkişaf etdirməklə biz qarşılıqlı anlaşma və əməkdaşlıq üçün daha çox imkan yarada, hər iki xalqa fayda verə bilərik. Bu baxımdan Azərbaycanla turizm sektorunu inkişaf etdirmək çox önəmli hədəflərimizdən biridir. Hazırda Bakı ilə Banqladeş arasında birbaşa uçuşların olması üzərində düşünürük.

- Cənab səfir, Azərbaycanın ev sahibliyi ilə noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim konfransında Banqladeş necə təmsil olunacaq?

 

- COP29-da Banqladeşin müvəqqəti hökumətinin baş müşaviri Muhammad Yunus iştirak edəcək. Muhammed Yunus təsis etdiyi Grameen Bankına və qabaqcıl işlərinə görə Nobel Sülh Mükafatına layiq görülüb. Bu bank yoxsulları sahibkara çevirmək məqsədi ilə qurulub. COP 29-un da başlıca məqsədi iqlim fəlakətləri ilə mübarizədə yoxsul ölkələrə də dəstək verməkdir. Bu baxımdan, ölkə rəhbərliyimiz səviyyəsində COP 29 səmimiyyətlə dəstəklənir. Bildiyiniz kimi Banqladeş iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı çox mübarizə aparan dövlətlərdəndir. Ona görə də Bakıda keçirilən bu tədbir bizim üçün çox önəmlidir. COP29-un faydalı olacağına ümid edirik və qəbul edilən qərarları böyük səbirsizliklə gözləyirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR