Dərc edildi: Baxış sayı: 2083
Ürəyi sürətlə döyündürən qeyri-adi səbəblər
Son zamanlar insanlar arasında " ürəyim quş kimi çırpınır, elə bu dəqiqə yerindən çıxacaq” kimi sözlərlə xarakterizə olunan ürək çırpınmaları, sürətli döyünməsi şikayətləri çoxalıb.
Ürəyi çırpınan insana elə gəlir ki, döş qəfəsi sıxılır, ürək boğaza kimi gəlib. Əgər bu hal insan avtobusun ardıyca qaçıbsa, bərk qorxubsa, ya hardasa havasız yerdə qalıbsa, bu hal normaldır. Yox əgər dayandığı yerdə ürəyi çırpınırsa, o zaman bu vəziyyətin səbəbini araşdırmaq lazımdır.
Medicina.az bu halları yaradan bəzi səbəbləri təqdim edir:
1.Qidalanma və rejim ürəyi çırpındırır
Bir çox qidalar, yeməklər, içkilər ürək döyünməsini artırır. Tibbdə həkimlər buna taxikardiya deyir. Ona görə yeməklərinizi, qida rejiminizi ciddi araşdırın.Elə adamlar var ki, sarımsaq, şoraba, hisə verilmiş məhsullar, pendir- yəni adrenalin artıran qidalar yedikdən sonra ürəyi döyünür.
2.Alkoqol, energetik içki
Ürəyi çırpındıran ən birinci səbəbdir. Alkoqol aritmiyanın başlamasına da təkan verir.
3.Kofein
Kofein adenozini blok edir, adenozin ürək ritmini yavaşıdır. Kofein təkcə qəhvədə olmur, digər içkilərdə, çayda, şokoladda, energetik içkilərdə də var. Şokoladda isə kofeinlə yanaşı, teobromin də vardır ki, bu maddə də ürək sıxılmalarını artırır.
4.Allergiya
Həm qida allergiyaları, həm dərman allergiyaları, həm də bəzi maddələrə həssaslıq qısa zaman kəsiyində ürək döyüntülərinə təsir edə bilər.
5.Çox yemək
Mədəsi, qarnı " partlayana” kimi yemək, toxluq, əsas da qonaqlıq, toydan sonra yaşlı insanlarda ürək döyüntüləri artır. Həzm prosesi getdikdən sonra bu hal aradan qalxır. Kök, piylənmədən əziyyət çəkən insanlarda da ürək döyüntüsü, hətta taxikardiya çox rast gəlinir.
6.Psixoloji səbəblər
Hər hansı narahatlıq, bir hadisəyə, adama görə həyəcan, xoşagəlməz xatirə, təşviş pozuntusu ürəyi də relsdən çıxarır.
7.Dərman preparatlarının qəbulu
Çox dərmanların təlimatında əks təsir kimi ürək ritmi dəyişiklikləri göstərilir.
-Təzyiq dərmanları
-Bronxit, astma dərmanları
-Ürək-damar dərmanları
-Hormonal preparatlar
-Antibiotiklər
-Amfetamin
Bitkilərdən jenşen, portağal, boyarışnık, valerian da ürək ritmini dəyişə bilir.
8.Yuxuda taxikardiya
Ən təhlükəli taxikardiyalardan biridir. Bəzən arada bir tutur, bəzənsə hər gün baş verir. İnsan yuxuda, fiziki olaraq ürəyin bərk döyündüyünü hiss edir, ürəyin səsini eşidir, qorxur, sinədə, başda ağrılar hiss edir. Əgər bu anda qəfildən oyansa, huşunu itirmək həddinə belə çata bilər. Yaxşı olar ki, bu zaman gözlərini açmadan, yerində uzansın, sakitləşməyi gözləsin. Yuxuda taxikardiya – ciddi siqnaldır, artıq həkimə getmək vaxtıdır. Səbəbləri çoxdur: mədə-bağırsaqdan tutmuş qalxanvari vəzə kimi.
Əgər ürək döyüntüləriniz hər gün artırsa, yuxarıdakı səbəblərdən asılı deyilsə, o zaman kardioloqa gedib, bir çox sistemləri yoxlatmaq lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət